Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar. Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində azad olunmuş ərazilərə səfərdən görüntülər paylaşıb.
Dövlət başçısı Zəngilan rayonunda olarkən bildirib:
“Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir. Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirib Naxçıvana dəmir yolu, həmçinin, avtomobil yolu açacağıq”.
Prezident Zəngilanda olarkən Şərqi və Qərbi Zəngəzurun adlarını çəkdi və tarixi ərazilərimizin təyinatını verdi.
Prezident Şərqi və Qərbi Zəngəzur deyəndə haranı deyir?
“Qanunsuz olaraq Ermənistana verilən Qərbi Zəngəzura beş rayon daxildir”
İrəvan Türk Cümhuriyyətinin Millət Şurasının sədri, Ərciyəz Universitetinin professoru, ermənişünas Qafar Çaxmaqlı “Bakı-Xəbər”ə bildirdi ki, ölkə başçısı Zəngilandan olduqca vacib mesajlar verdi. “Azərbaycan Prezidenti cənab İlham Əliyevin Zəngəzura son səfərində səsləndirdiyi fikirlər, əslində, gerçəkləri ifadə edir. Çünki cənab Prezident ona işarə vurur ki, 1920-ci ildə Zəngəzurun qərb hissəsi qanunsuz olaraq, heç bir əsas olmadan, o bölgədə yaşayan yerli əhalinin fikri soruşulmadan (orada yaşayan əhalinin 80 faizindən çoxu Azərbaycan türkləri idi - Q.Ç.) Bolşeviklər Partiyasının İnqilab Komitəsinin bir bəyanatı ilə Ermənistana verilib. Bunu belə əsaslandırmışdılar ki, guya Zəngəzuru verməklə ermənilərlə azərbaycanlılar arasındakı münaqişəyə son qoymaq mümkün olacaq, amma göründüyü kimi, bu münaqişəyə də son qoyulmadı. Nəticədə Azərbaycan ərazisinin önəmli bir hissəsi - Zəngəzurun qərbi Ermənistana verildi. Qanunsuz olaraq Ermənistana verilən Qərbi Zəngəzura beş rayon daxildir - Qafan, Sisyan, Gorus, Meğri və Qacaran (Ermənistan indi oranı Sünik adlandırır - Q.Ç.) Qərbi Zəngəzur 1920-ci ildə qanunsuz şəkildə Ermənistana verilib. Biz də artıq İrəvan Türk Cümhuriyyəti olaraq bu məsələni qaldırmışıq və Qərbi Zəngəzurun Ermənistana verilməsinə dair qanunsuz sənədlərin ləğvinə çalışırıq. Bununla bağlı bizim bəyanatımız da olmuşdu. Qərbi Zəngəzura aid və 1929-cu ildə Ermənistana verilən Meğri rayonunun Nüvədi kəndi ilə də bağlı artıq gəlişmələr var. Biz Nüvədi kəndindən olan 500 nəfərin imzaladığı sənədi artıq Milli Məclisə təqdim etmişik. Azərbaycan Milli Məclisi Azərbaycan SSR Ali Sovetinin varisi kimi bu sənədi ləğv etməlidir. Çünki 1929-cu ildə Nüvədi kəndi Ermənistana verilsə də, 1969-cu ilə qədər bu, rəsmən təsdiq olunmamışdı. 1969-cu ilin may ayında bu təsdiq olundu. Zəngəzurun qərb hissəsi qanunsuz olaraq şərq hissəsindən ayrılmışdı. Bildiyiniz kimi, Zəngəzurun şərq hissəsində də Qubadlı, Laçın və Zəngilan rayonları yerləşir və bu rayonlar da, bütövlükdə, Zəngəzurdur. Zəngəzur vahid bir məkandır, Azərbaycan türklərinə aid vahid bir ərazidir”.
Ölkə başçısının bəyanatından sonra Ermənistan mətbuatını da izlədiyini deyən Q.Çaxmaqlının sözlərinə görə, Ermənistan mediasında bununla bağlı çox ciddi təşviş yaşandığı özünü göstərir. Q.Çaxmaqlının bildirdiyinə görə, çünki son zamanlar Ermənistanın baş naziri Zəngəzura bir neçə dəfə gizlin səfər edib və açıq səfərləri də olub. “Artıq orada əhali hiss edir ki, Azərbaycan Zəngəzur dəhlizini açandan sonra orada müəyyən proseslər yaşanacaq və siyasi situasiya Azərbaycanın xeyrinə dəyişəcək, Türkiyə və Azərbaycan silahlı süvvələri orada nəzarəti həyata keçirəcəklər, ona görə də süni şəkildə Ermənistana birləşdirilmiş Qərbi Zəngəzur ərazisinin Azərbaycana qaytarılması qanunauyğun olacaq. Proseslər ona aparır ki, vaxtilə qanunsuz olaraq Ermənistana verilən bu ərazilər yenidən Azərbaycana veriləcək. Biz də bu sahədə öz mücadiləmizi aparmaqdayıq və həmin sənədin ləğvindən sonra əhalinin ora köçürülməsi prosesi başlayacaq. Ola bilsin ki, bu proseslər müəyyən illəri alsın, amma Azərbaycan addım-addım ora yaxınlaşır. Biz də İrəvan Türk Cümhuriyyəti olaraq qanunsuz şəkildə bizim ərazimizdə belə bir terrorçu dövlətin yaradılması ilə barışmayacağıq və nəinki Zəngəzura, eyni zamanda, İrəvana, Dərələyəzə, Göyçəyə, Zəngibasara, Vedibasara, Ağbabaya və digər ərazilərimizə də əhalinin geri köçürülməsi məsələsi həmişə gündəmdə olacaq. Çünki əhali faktoru əsasdır. Bu əhali orada minillərdir yaşayıb. Bu gün isə Ermənistan deyilən terrorçu dövlətdə bir nəfər də olsun Azərbaycan türkü yaşamır, bununla da barışmaq mümkün deyil. Dünya da hər zaman əhali faktorunu önə çəkir və əhalinin haqq və hüquqlarının qorunması, onların öz vətənində, minillər boyu yaşadığı, doğulduğu yerlərdə yaşayış haqqı tanınacaq və biz, şübhəsiz, bu ərazilərə dönəcəyik. Biz bunu hüquqi yollarla edirik. Bir dəfə Azərbaycan Prezidenti demişdi ki, biz İrəvana, Göyçəyə qayıdacağıq, amma demirik ki, tank üstündə gələcəyik. Amma biz hüquqi mücadiləmizi verəcəyik, çünki bizim torpaqlarımızda qanunsuz şəkildə bir erməni dövləti qurulub və erməni dövləti də bu bölgəyə, Cənubi Qafqaza bəlalar gətirib. Bu baxımdan, biz belə terrorçu dövlətin bu şəkildə yaşamasına imkan verməməliyik. Təbii, Azərbaycanla, Türkiyə ilə inteqrasiya proseslərinə rəvac versələr və barış olsa, onlar öz məkrli məqsədlərindən əl çəksələr, Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanısa, o zaman barış içində yaşamaq mümkündür. Amma İrəvan Türk Cümhuriyyəti qarşısına bir müqəddəs vəzifə qoyub, oradan çıxan, o bölgədə doğulub boya-başa çatmış insanların öz doğma yurdlarına qayıtmalarına çalışmaqdır, onların öz ana yurdlarına qayıtmaq haqları var. Bu haqqı bərpa etmək üçün mücadilə edəcəyik”.
Q.Çaxmaqlının sözlərinə görə, Prezident İlham Əliyevin bu mesajı, bu bəyanatı bizim araşdırmaçıların, tarixçilərin, ermənişünasların qarşısına çox mühüm bir vəzifə qoyub. “Cənab Prezident bu bəyanatı ilə mütəxəssislərin qarşısına çox mühüm bir vəzifə qoydu. Bilirsiniz ki, indiyə qədər Zəngəzurla bağlı cild-cild əsərlər yazılıb, o bölgənin tarixi, mədəniyyəti, etnoqrafiyası, bütün sahələri işlənib. Amma bu hələ yetərli deyil, biz bu nümunələri başqa dillərə, xüsusən də Avropa dillərinə tərcümə edib yaymalıyıq. Zəngəzurun bizim olduğunu isbat etmək üçün yeni faktları ortaya çıxarmalıyıq, dünyanın diqqətini bu bölgəyə cəlb etməliyik və qanuni şəkildə Azərbaycana aid olan bu ərazilərin geri qaytarılmasının “yol xəritəsi”ni hazırlamalıyıq, bu bölgəyə dönmək üçün mübarizə etməliyik. Yəni ermənilər bundan çox narahatdırlar və Zəngəzur həssas nöqtədir, əsas məsələ də burada açılacaq Zəngəzur dəhlizidir. Bilirsiniz, bu dəhliz çox önəmli məsələdir, hətta bundan ermənilər manipulyasiya etməyə başlayıblar və ayrı-ayrı siyasi qüvvələr buna qarşı çıxırlar, Ermənistanda Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyirlər. Zəngəzur dəhlizinin açılmasına isə artıq mane olmaq mümkün olmayacaq, çünki ortada 3 ölkənin imzaladığı 10 noyabr 2020-ci il bəyanatı və 11 yanvar 2021-ci il sənədi var. Bu səbəbdən də Ermənistan bundan qaça bilməyəcək, Zəngəzurdan Türk dünyasını birləşdirəcək bu dəhlizin açılmasının heç zaman qarşısı alına bilməz. Yəni qarşısıalınmaz bir proses olacaq. Mən buna inanıram ki, qısa zamanda orada texniki inşaat işləri həyata keçiriləcək və bu, bütün Türk dünyasını bir-birinə bağlayacaq. Türkiyədə artıq buna Turan yolu deyirlər. Haqlı olaraq Türkiyəni Turana bağlayacaq bir dəhliz olacaq. Şübhəsiz ki, o ərazidə Azərbaycan türkləri yaşayacaqlar, o əraziyə geridönüş təmin olunacaq” - deyə Q.Çaxmaqlı qeyd etdi.
İradə SARIYEVA