“Azərbaycanın Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirakı ilə bağlı konsensus əldə olunmayıb”. Bunu Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Litva xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında deyib.
Qeyd edək ki, 29-30 apreldə Kazanda Aİİ-nin Hökumətlərarası Şurasının iclası keçiriləcək. Rusiyanın RBK telekanalının verdiyi məlumata görə, Aİİ-yə üzv dövlətlər Azərbaycan nümayəndə heyətinin Kazanda keçiriləcək Hökumətlərarası Şurasının iclasında iştirak imkanlarını müzakirə edirlər.
Bundan əvvəl Ermənistan baş nazirinin müavini Meqr Qriqoryan yaxın vaxtda Ermənistanın Azərbaycan nümayəndələrinin Aİİ Hökumətlərarası Şurasının keçiriləcək iclasında iştirakı ilə bağlı mövqeyini açıqlayacağını bildirib. Həmçinin, o, Azərbaycanın iştirakına veto qoymağı mümkün hesab etdiyini qeyd edib.
Qeyd edək ki, Aİİ 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır. Ermənistanı da İttifaqa daxil edən müqavilə 9 oktyabr 2014-cü ildə imzalanıb. Təşkilat fəaliyyətə rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayıb.
Maraqlıdır, ermənilər bu istiqamətdə nə vaxta qədər bizə mane olacaqlar?
“Ermənistan qurumun üzvü olaraq veto qoymaq hüququna malikdir, amma onların ipi Kremlin əlindədir”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Aİİ məsələsi ilə bağlı müxtəlif fikirlər var: “Məsələ ondadır ki, son vaxtlar rus mediasında İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycanın bundan sonra Aİİ-yə üzv olacağı haqqında fikirlər səslənir. Bununla bağlı müxtəlif müzakirələr aparılır. Azərbaycanın qurumda təmsil olunmasının vacibliyi barədə mülahizələr yürüdülməkdədir. Rusiyalı ekspertlər bildirirlər ki, Qafqazın əsas ölkəsi olan Azərbaycanın Aİİ-yə, Gömrük İttifaqına qoşulması birlik üçün səmərəli ola bilər. Bildirilir ki, rəsmi Bakının belə qərar verməsi üçün əngəl yoxdur. Əsas əngəl Qarabağın işğalda olması idi ki, bu da həllini tapıb. Ancaq Ermənistan bundan bərk narahatdır. Belə fikirlər var ki, ilkin mərhələdə Azərbaycan müşahidəçi statusu ilə iştirak edəcək. Görünən odur ki, Ermənistan buna mane olmaqdadır. Belə olmasaydı, o zaman Ayvazyan o cür açıqlama verməzdi. Ancaq Azərbaycanın həqiqətən də Aİİ-də təmsil olunmaq istədiyini demək çətindir. Bildiyim qədər, Azərbaycanın belə bir istəyi yoxdur. Lakin Azərbaycan Aİİ-yə üzv olmaqla bağlı qərar versə, çətin ki Ermənistan sona qədər buna mane ola bilsin. Düzdür, Ermənistan Aİİ-nin üzvü olaraq veto qoymaq hüququna malikdir, amma onların ipi Kremlin əlindədir”.
Partiya funksioneri onu da qeyd etdi ki, Azərbaycan Aİİ-yə qoşulmasa yaxşıdır.
Vidadi ORDAHALLI