"Enaket" analitik mərkəzinin rəhbəri Tiqran Abrahamyan ara-sıra Azərbaycana yönəlik qərəzli və reallıqdan uzaq fikirlərlə çıxış edir.
O, növbəti dəfə “ənənəsinə” sadiq qalaraq təxribat xarakterli fikirlər söyləyib. T.Abrahamyan iddia edir ki, guya Qarabağda baş verən təxribatların səbəbi Şuşanın hər iki tərəfinə Azərbaycanın nəzarət etməsidir: “Artsax”dakı təxribatların qarşısını almaq üçün hərtərəfli tədbirlər görülməlidir. Bunlardan birincisi Stepanakert-Şuşa-Berdzor yolunun hissəsidir. Daha doğrusu, Şuşa şəhərinin iki girişində azərbaycanlıların olmasıdır. Azərbaycanın Daxili Qoşunları cəbhə xəttinin bu hissəsində xidmət edir. Təxribat risqi yalnız silahlı azərbaycanlıların Rusiyanın sülhməramlı məntəqələrinə bitişik ərazidən 3-4 metr məsafədə dayanması ilə artır.
Bununla belə, təxribat yalnız odlu silah və ya digər növ silahların istifadəsi deyil. Davranış, jestlər, işarələr və s. Həm burada, həm də cəbhə xəttinin digər bölgələrində qoşunların geri çəkilməsi, şərti olaraq sərhədin demilitarizasiyası ilə bağlı böyük bir problem var. Bu problem həll olunmazsa, müxtəlif hadisələr baş verdikdə qınama, xəbərdarlıq bildirişləri və müraciətlər heç bir problemi həll etməyəcək. Qeydə alınan hadisələr fərqli tezliklə təkrarlanacaq”.
Görünən odur ki, ermənilər əməllicə ağıllarını itiriblər. Bu cür yanaşma nə deməkdir? Məgər Azərbaycan Şuşanın hər iki girişindən, yəni Xankəndi və Laçın tərəfdən gerimi çəkilməlidir?
“Azərbaycan əsgəri Şuşanın sağında da, solunda da, bir sözlə, hər tərəfində olmalıdır”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin sözlərinə görə, ermənilər çox şey deyə bilər: “Bu o demək deyil ki, biz onların hər dediyinə diqqət etməliyik. Təbii ki, yox. Abrahamyan kimi təxribatçıların nə deməsinin bizim üçün heç bir önəmi yoxdur. Azərbaycan əsgəri Şuşanın sağında da, solunda da, bir sözlə, hər tərəfində olmalıdır. Ona görə də özünü analitik hesab edən hansısa axmaq erməninin nə deməsi bizim üçün önəm kəsb etməməlidir. Onların dediyi ilə siyasət qurmaq olmaz. Biz qalib tərəf olaraq hər zaman qərarlı olmalıyıq və addım-addım irəli getməliyik. Çünki Azərbaycan qalib tərəfdir. Qarabağda yaxın təmas nöqtələrində təxribata biz yox, ermənilər cəhd edirlər. Ermənilərin də başı əzilməlidir. Ermənilər öz məğlubiyyətlərinin əvəzini siyası yolla çıxmaq istəyirlər. İstəyirlər ki, bu minvalla onları xilas etsinlər. Ona görə də biz son dərəcə diqqətli olmalıyıq. Bir addım belə geri çəkilmək olmaz. Əksinə, fürsət yaranan kimi mövqelərimizi qabağa çəkməliyik. Şuşa Qarabağın tacıdır. Biz bütün vasitələrlə çalışmalıyıq ki, ermənilər digər ərazilərdən də rədd olub getsinlər. Bəziləri ermənilərlə birgəyaşayışdan danışırlar. Hansı birgəyaşayışdan söhbət gedə bilər ki, erməni bizə nifrət edir”.
Partiya sədri hesab edir ki, Azərbaycan qalib tərəf olduğuna görə sona qədər qərarlı olmalıdır.
Vidadi ORDAHALLI