Bəşər tarixi boyunca bəzi insanlar həyatının bir dövründə intihara cəhd edir, bu cəhdlərin çox hissəsi isə ölümlə nəticələnir. Müasir dünyamızda da intihar problemi bütün millətlər arasında mövcuddur. Bu gün intihar fenomeni dünyada eləcə də ölkəmizdə ən aktual mövzulardan biridir.
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi statistikaya görə, intihar hadisələrinin sayı ildə ortalama hesabla səkkiz yüz minə bərabərdir. 15 milyondan çox insan müxtəlif səbəblərə görə öz həyatlarına son verirlər. İntihar hər il qeydə alınan ölümlərin təxminən 1% -ni təşkil edir. Sosial tədqiqatlar göstərir ki, hər qırx saniyədə planetdə ölümcül intihar hadisəsi baş verir. Sosioloqlar aşkar ediblər ki, intihar qurbanları ən çox 15 ilə 25 yaş arasında olan gənclərdir. Araşdırmalara görə intiharların maksimum sayı Qafqaz irqinin nümayəndələri arasında baş verir. Yeniyetmələrin intihar etməsinin əksər səbəbləri depressiya, şizofreniya, zorakılıq, sosial təcrid, tənhalıq, ailədaxili problemlərlə əlaqələndirilir. Ayrıca, araşdırmalara görə kişilərin intihar etmə ehtimalı qadınlara nisbətən daha yüksəkdir. Bəs görəsən gənclərimiz niyə intihara əl atır? İntihar etməyə cəhd edən və ya ölən gənclərin əksəriyyəti ruhi cəhətdən sağlam vəziyyətdə deyillər. Həmin gənclər özlərini stress, qorxu, narahatlıqdan boğulmuş kimi hiss edirlər və gənc olmağın təzyiqinin öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Ailədaxili problemlər, uğursuzluq, ailədəki gözləntilər, daxilən qırılma və xaosla əlaqəli hər şey onlar üçün çətin olur. Ölüm xaricində bu vəziyyətlərin heç birindən xilas ola bilməyəcəklərini düşünərək intihara əl atırlar. Gənclərin ümidsizlikləri və qorxuları intihara səbəb olur. Bəs hansı gənclərin intihar etmə ehtimalı daha yüksəkdir? Öyrənmə çətinliyi olan gənclər, tənha gənclər, özünə hörməti aşağı olan gənclər, depressiyalı gənclər, sosial cəhətdən təcrid olunmuş gənclər, istismara, təcavüzə, laqeydliyə və valideyn şiddətinə məruz qalan gənclər. Övladınızın intihar edəcəyindən şübhələnirsinizsə nə etməlisiniz? İntiharın səbəbi ilə bağlı məlumatları başqasından soruşmaq əvəzinə uşağınızla səmimi söhbətlər edin. Övladınızın necə hiss etdiyini soruşun və sadəcə onu dinləyin. Onun problemlərinə anlayışla, mərhəmətlə yanaşın, daxili dünyalarını anlamaqda həssaslıq göstərin. Övladlarınızın qorxularını, qəzəblərini və narahatlıqlarını başa düşsəniz, onlara kömək edə bilərsiniz. Onların problemlərinə laqeyd yanaşmayın, problemlərinin kiçik və ya axmaq olduğunu söyləməyin. Sevginizi heç vaxt övladınızdan əsirgəməyin. Ona kömək edəcəyinizi və nə olursa olsun yanında olacağınızı hiss etdirin. Yeniyetmələrin intihar düşüncələrini azaltmaq və intihar cəhdlərini aradan qaldırmaq mümkündür. Bu məsuliyyət evdə valideynlərin üzərinə düşdüyü kimi, məktəbdə də müəllimlərin, psixoloqların üzərinə düşür. Hesab edirəm ki, məktəbdə 12-13 yaşlı şagirdlərlə bu mövzuda ayda 1-2 dəfə geniş fikir mübadiləsi aparılmalı, intihar təhsili verilməlidir. Şagirdlərin intihar mövzusundakı fikirlərini öyrənməklə onların psixologiyasından xəbərdar olmaq və gələcək addımlarını hesablamaq mümkündür. Məktəbdə müəllim, evdə valideyn yeniyetməyə laqeyd yanaşanda, onların problemlərini dinləməyəndə bu biganəliyin sonu intiharla nəticələnir. İndiki müasir yeniyetmələrimiz, gənclərimiz ötən əsrin gənclərinə nisbətən olduqca həssas və duyğusaldırlar. Ona görə də indiki uşaqlara ailədə, məktəbdə həssas yanaşmaq, onları anlamağa çalışmaq lazımdır. Yeniyetmələr intihar haqqında zarafat etsələr belə, ailələr bunu mütləq ciddi qəbul etməlidir. İntihar edən gənclər əvvəlcədən bir ipucu verirlər. Bilməliyik ki, yeniyetmələrin özlərini dəyərsiz hiss etmələri ilk öncə travmaya, sonra isə intihara gətirib çıxarır. Gənclər ailənin xaricində üçüncü bir insana mütləq ürəyini aça bilməli, dərdləşməlidir. Əgər üçüncü bir insan yoxdursa, eyni zamanda valideynləri ilə də danışa bilmirlərsə, o zaman onları kimsənin sevmədiyini düşünürlər, bu isə onları depressiyaya salır. Onu xüsusilə qeyd etmək lazımdır ki, yeniyetmə və gənclərin başqalarının yanında ləyaqətinin alçaldılması onların şəxsiyyətlərinə hörmətsizlikdir. Gənc özünü dəyərsiz hiss etdikdə travma alır. Travma isə intiharın başlıca səbəbidir. Ona görə də gənclərlə eyni dildə danışmalıyıq. Gənclərimizin azadlıq, ədalət, diqqət, qayğı və gələcəkləri üçün özlərini təhlükəsiz hiss etmə kimi gözləntiləri var. Gözləntiləri reallaşmayanda, gənclər özlərini kənarda qalmış, dəyərsiz hiss edirlər, sonluq isə intiharla nəticələnir. Lamiyə İsazadə, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İB-nin sədri