ABŞ prezidenti Co Baydenin aprelin 24-də səsləndirdiyi bəyanatında “erməni soyqırımı” ifadəsini dilə gətirməsi Ermənistanda bir çox ekspertlər tərəfindən heç də yüksək coşqu ilə qarşılanmır. Hər halda, erməni ekspertlərinin son açıqlamaları da bunu təsdiq edir.
Ermənistan parlamentinin dövlət-hüquq məsələləri üzrə komissiyasının sədri Vladimir Vardanyanın açıqlamaları da bu fonda olduqca maraqlıdır: “Biz aprelin 24-də ABŞ prezidentinin “soyqırımı” terminini tələffüz edib-etməyəcəyini gözlədiyimiz mərhələdən çıxdıq. Amma Baydenin bəyanatını həddindən artıq qiymətləndirmək lazım deyil. Əlbəttə, vəziyyət dəyişəcək, ancaq bu bəyanatı həddindən artıq qiymətləndirmək əhəmiyyətsizdir”. Ekspertlər hesab edir ki, ermənilərin bədbinliyinə əsas səbəb ABŞ prezidentinin dedikləri fonunda Ermənistanın Türkiyəyə qarşı hansısa hüquqi addım atmaq üçün əsas yaratmamasıdır. Məsələ burasındadır ki, ABŞ prezidentinin qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı bəyanatının heç bir tarixi və hüquqi əsası yoxdur. Bu haqda danışmazdan öncə xatırladaq ki, ABŞ Konqresinin hər iki palatası bir neçə il əvvəl qondarma “soyqırımı” tanıyan qərarlar qəbul edib. Belə ki, ABŞ Nümayəndələr Palatası 2019-cu ildə “erməni soyqırımı” iddialarını qəbul edən qətnamə çıxarıb. Daha sonra Senat 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyan qanun layihəsini təsdiqləyib. Düzdür, Donald Tramp hökuməti bu qərarlarla razılaşmadığını bəyan edib. Co Bayden isə fərqli mövqe tutur. Amma qeyd olunduğu kimi, bunların hüquqi əsası yoxdur. Belə ki, soyqırımı cinayətlərinə BMT-nin Baş Assambleyasında qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” əsasında hüquqi qiymət verilir. Hüququn ümumi prinsiplərinə görə isə, qanunun qüvvəsi geriyə şamil edilmir. 1951-ci ildə qəbul olunan “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” da bu mənada 1915-ci ildə baş verdiyi iddia olunan hadisələrin qiymətləndirilməsində hüquqi meyar kimi çıxış edə bilməz. Eyni zamanda, həmin Konvensiyanın 9-cu maddəsinə görə, soyqırımı cinayətlərinə hüquqi qiyməti yalnız Beynəlxalq Ədalət Məhkəməsi verə bilər. Yəni hansısa dövlətin bu cür iddialara hüquqi qiymət verməsi beynəlxalq hüququ da tanınmır. Bu baxımdan istənilən ölkənin “erməni soyqırımı” ilə bağlı iddiaları, qətnamə və qərarları yalnız siyasi xarakter daşıyır və beynəlxalq hüquqda heç bir hüquqi nəticə doğurmur. Bunu ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi də xüsusi olaraq qeyd edir. “Azatutyun” radiosuna müsahibəsində diplomat, bir çox məsələlərlə yanaşı, qondarma "erməni soyqırımı" və onun ABŞ tərəfindən tanınması məsələsinə də münasibət bildirib. Hadisənin hüquqi nəticələri barədə sualı cavablandırarkən səfir qeyd edib ki, “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” və bu cinayətə görə cəza haqqında konvensiya yalnız 1951-ci ildə qüvvəyə minib və onun qəbulundan əvvəlki hadisələrə şamil edilmir: “Hüquqi nəticələrə gəldikdə, sözügedən hadisə 1915-ci ildə baş verib. “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” 1951-ci ildə qəbul edilib və hüquqi baxımdan geriyə qüvvəyə malik deyil”. Treysi ABŞ-ın Ermənistana hərbi yardım göstərməsinin mümkünlüyü haqda da danışıb. Bildirib ki, Ermənistan KTMT-yə üzv olduğu üçün ABŞ-ın bu ölkə ilə hərbi sahədə əməkdaşlıq imkanları məhduddur: “Ermənistan KTMT-nin üzvüdür, bu isə ABŞ-ın üzv olduğu təşkilat deyil və Ermənistanın KTMT-yə üzvlüyü ona bizim edə biləcəyimiz hərbi köməyin təqdim olunması imkanlarını əhəmiyyətli şəkildə məhdudlaşdırır”. Erməni politoloq Armen Ayvazyan da qeyd edir ki, Co Bayden tərəfindən “erməni soyqırımı” termininin istifadəsi erməniləri xüsusi şəkildə ilhamlandırmamalıdır: “Məsələ burasındadır ki, hər hansısa bir şəkildə Türkiyə və Azərbaycanın Ermənistana qarşı düşmənçilik siyasətini cilovlamırsa və Ermənistanın hazırkı ən ağır geostrateji vəziyyətinin yaxşılaşdırılmasına töhfə vermirsə, “erməni soyqırımı”nın tanınması böyük hesabda mənasızdır. Üstəlik, “soyqırımı" tanımış böyük və nüfuzlu onlarla dövlət və beynəlxalq təşkilat 2020-ci ilin payızında Ermənistana qarşı Türkiyə-Azərbaycan-İsaril hücumunu qınamağı belə bəyənmədi”. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi Sergey Markedonov da qeyd edir ki, ABŞ "soyqırımı"nın tanınmasında irəli getməyəcək və Qarabağ məsələsinə müdaxilə etməyəcək. O əmindir ki, Co Baydenin qondarma "erməni soyqırımı" barədə bəyanatı nə tarix, nə də keçmişin hadisələri ilə bağlı ədalətin bərpası haqqında deyil, müasir siyasi kontekstə malikdir: "Türkiyə və ABŞ arasında münasibətlər mürəkkəbdir, lakin çətin ki, dramatik yöndə inkişaf etsin. Birləşmiş Ştatlar üçün Türkiyəni itirmək və onun NATO-dan çıxması Şimali Atlantika ittifaqının açıq-aşkar parçalanmasıdır və Türkiyə üçün xarici siyasi istiqaməti dəyişmək imkanıdır". Amerikalı politoloq Pol Qobl isə qeyd edir ki, artıq erməni lobbisi ən böyük istəyinə nail olub: “İndi ediləcək bir şey qalmayıb və Türkiyə-ABŞ münasibətlərinin yaxşılaşması üçün əksinə, yeni imkan açılır. Bu mənada, Co Baydenin qondarma "erməni soyqırımı" barədə bəyanatı heç də ermənilərin lehinə deyil”.
Nahid SALAYEV