Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirildiyi barədə məlumat yayılıb. Bildirilir ki, əməliyyat nəticəsində icra başçısının birinci müavini, hazırkı təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov saxlanılıb.
Qeyd edək ki, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da saxlanıldığı bildirilir. Bütün bu faktlar sübut edir ki, icra hakimiyyətləri ilə bağlı görülən sərt hüquqi tədbirlərdən əməli nəticə çıxarılmır. Son həbslər göstərir ki, yenə də eyni mexanizmlə korrupsiya şəbəkələri rayonları talamaqla məşğul olur. Belə qənaətə gəlinir ki, icra hakimiyyətləri bir inistitut və idarəetmə forması olaraq artıq özünü doğrultmur. Təkliflər səslənir ki, icra hakimiyyəti institutu tamamilə, kökündən ləğv edilməlidir. Bu təklifi nə dərəcədə real və əsaslı saymaq olar?
İlqar Hüseynli: “Daha çox demokratik seçkilər əsasında formalaşan idarəetmə mexanizmləri qurulmalıdır”
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu mövzu ilə bağlı dəfələrlə müzakirələr aparılıb: “Bir çoxları keçmiş sovet sisteminin qalıqları olub. İdarəetmə düşüncələri də elə formalaşıb. Düşüncələri bu olub ki, dövlət malını talasınlar. Rayonların talanması ilə bağlı ssenarilər eynidir. Hansısa rayonla bağlı fərqli yanaşma mümkün deyil. Bütün icra başçıları cinayətləri öz yuxarıdakı himayədarlarının dəstəyilə həyata keçiriblər. Ola bilməz ki, bir insan 10 il rayonu talasın, bundan yalnız indi xəbər tutsunlar. Deməli, onların fəaliyyətinə nəzarət edən şəxslərin də məsuliyyət dərəcəsi müəyyənləşməlidir. İcra başçılarını tək-tək dəyişmək və ya həbs etmək effekt verməyəcək. Struktur kimi icra hakimiyyətləri ləğv edilməlidir. Bir neçə rayonu birləşdirib, vahid idarəetmə həyata keçirilməlidir. Daha çox demokratik seçkilər əsasında formalaşan idarəetmə mexanizmləri qurulmalıdır. Bunun üçün idarəetməni bələdiyyələrə tapşırmaq lazımdır. Bələdiyyələrin formalaşması isə demokratik seçkilər əsasında olmalıdır. İcra başçılarının bütün statusları əlindən alınmalıdır. Böyük şəhərlərdə isə mer institutu yaradılmalıdır. Bunlar olmasa, heç bir müsbət nəticə görməyəcəyik”.
Natiq Cəfərli: “Ölkənin böyük 14-15 rayona bölünməsi və orada Prezidentin şəxsi nümayəndəsinin təyin edilməsi lazımdır”
İqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, 80-ə yaxın rayonun olmasına ehtyac yoxdur: “Hər birinin icra başçısı, məmur sinfi var. Məmur sinfi həm büdcəyə yük olur, həm də əlavə olaraq vətəndaşların fəaliyyətinə kömək deyil, maneçilik törədirlər. Artıq illərdir ki, bununla bağlı təklif verib, çıxışlar edirik. Ölkənin böyük 14-15 rayona bölünməsi və orada prezidentin şəxsi nümayəndəsinin təyin edilməsi, yerdə qalan məsələlərin bələdiyyələrə dövr edilməsi, yerli özünüidarəetmənin gücləndirilməsi və s. bütün bunlar artıq aktualdır. Zaman itiririk. İdarəetmənin forması və fəlsəfəsi dəyişməlidir”.
Natiq Cəfərli hesab edir ki, kimin hansı rayona icra başçısı təyin edilməsindən asılı olmayaraq, bir müddətdın sonra korrupsiya faktları üzə çıxır: “Söhbət şəxslərdən deyil, sistemin özündən gedir. Səhv etmirəmsə, bu 10-cu əməliyyatdır. İcra hakimiyyətlərində keçirilən əməliyyatlar davam edir. Bəziləri işdən çıxarılır, bəziləri korrupsiya əməllərində ifşa olunaraq həbs edilir. Onların bugünə kimi topladığı qeyri-leqal varidatı üzə çıxır. Son iki ildə biz dəfələrlə bunun şahidi olmuşuq. Bu bir daha sübut edir ki, artıq söhbət şəxslərdən getmir”.
Məhəmmədəli QƏRİBLİ