Məlum olduğu kimi, ötən il baş verən 44 günlük müharibə Ermənistan üçün ciddi iqtisadi problemlərin yaranmasına səbəb oldu. Sirr deyil ki, ölkə iqtisadiyyatı illər uzunu xaricdən gələn yardımlardan asılı olub. Müharibə ilə əlaqədar yaşanan maliyyə problemləri iqtisadiyyatın müxtəlif sahələrində vəziyyəti daha da pisləşdirdi.
Xüsusən də ölkənin maliyyə sektoruna ciddi zərbə dəydi. Erməni mediası yazır ki, Ermənistanın maliyyə sektoru çökür və müharibə xərclərinin artması səbəbindən büdcədə kəsir sürətlə artır: “İlkin proqnozla müqayisədə üç dəfə artıb və ÜDM-in 7,6%-ni təşkil edib. Hökumət indi 2021-ci il üçün planlaşdırılan büdcə layihələrini həyata keçirə bilmir. Müharibənin başlanğıcından 2021-ci ilin martına qədər adambaşına düşən milli gəlir təxminən 8.6% azaldı. İqtisadiyyatın xarici borcdan asılılığı artıb. Ölkənin dövlət borcu durmadan artır. Paşinyan hökuməti maaş və təqaüd vermək üçün xarici borc cəlb edir”.
O da qeyd edilir ki, Paşinyanın baş nazirlik dövrünün əvvəlindən (2018-ci ilin may ayı) 2021-ci ilin fevral ayına qədər Ermənistanın dövlət borcu xeyli çoxalıb: “Ümumi dövlət (daxili və xarici) borcu 2018-ci ilin mayında 6 milyard 704 milyon dollar, 2021-ci ilin fevralında 8 milyard 722 milyon dollar, yəni 2 milyard 18 milyon dollar artım olub. Orta illik artım 672 milyon dollar təşkil edib”.
Görünən odur ki, Ermənistan ciddi borc yükü altındadır. Proseslərin gedişi isə onu göstərir ki, ölkə yaxın perspektivdə bunun altından çıxa bilməyəcək.
“Zəif iqtisadiyyata və böyük xarici borca sahib olan Ermənistan müharibəyə getməklə bir az da uçuruma yuvarlandı”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, Ermənistan kimi resursları məhdud və kiçik bir ölkənin başından böyük işlərə girişməsi nəticə etibarilə ölkənin bu cür acınacaqlı duruma düşməsinə vəsilə oldu: “Onlar 90-cı illərin başıpozuq dövründə himayədarlarının bilavasitə dəstəyilə Azərbaycan ərazilərini işğal etdilər. Ancaq Ermənistanın potensialı və resursları işğalı davam etdirməyə imkan vermədi. Əksinə, Ermənistan həm təcrid vəziyyətinə düşdü, həm də iqtisadi inkişafdan kənarda qaldı. Bu isə son nəticədə müharibənin baş verməsini və acınacaqlı vəziyyəti qaçılmaz etdi. Nəzərə almaq lazımdır ki, müharibə həm də böyük maddi resurslar tələb edir. Ermənistan yoxsul ölkə olduğu üçün bütün bunları qarşılaya bilmədi. Daha əvvəlki kimi, xaricdən pul da dilənə bilmirlər. Çünki bu məqsədlə yığılan vəsaitlər təyinatı üzrə xərclənmədiyi üçün erməni diasporu, əvvəlki illərdəki kimi, ianələrin toplanmasında fəallıq göstərmir. Zəif iqtisadiyyata və böyük xarici borca sahib olan Ermənistan müharibəyə getməklə bir az da uçuruma yuvarlandı. Çünki pandemiya səbəbindən xaricdən ölkəyə vəsait daxilolmaları azalıb. Üstəlik, ölkədən vəsaitlər çıxarılır. Ən başlıcası, Ermənistan işğal olunmuş rayonların təbii resurslarını talamaqdan məhrum olub”.
Ekspertlər hesab edirlər ki, bütün bunlar ölkəni ciddi iqtisadi böhrana sürükləyir.
Vidadi ORDAHALLI