Qafqaz Albaniyasının mərkəzi olan Azərbaycan ərazisi erkən xristianlıq dövrü abidələri ilə zəngindir. Milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan bu abidələr xristianlıq dinini qəbul etmiş albanların mirasıdır və Azərbaycan da Qafqaz Albaniyasının yeganə varisi statusunu daşıdığı üçün alban xristian abidələrinin hamısı bizim ölkənin, xalqın sərvətidir.
İslama qədərki mədəniyyətimizin ən vacib elementlərini ifadə edən alban xristian abidələri tarixin ən ağır sınaqlarından mətanətlə çıxa bilsələr də, XX əsrdən başlayaraq əsassız olaraq erməni saxtakarlığına tuş gəliblər. Bu gün ermənilər Qarabağdakı bütün alban-xristian dövrü abidələrinin hamısına qarşı heç bir mənəvi, hüququ, tarixi, siyasi əsası olmadan iddialar qaldırır və Azərbaycan abidələrini qriqoryanlaşdırmağa çalışırlar.
Azərbaycan torpaqlarının 30 ilə yaxın bir müddətdə işğal altında qalması ermənilərin əlinə fürsət verdi ki, onlar nə saxtkarlıqları var, hamısını bizim abidələrə qarşı etsinlər. Xudavəngdən, onun tərkib hissəsi olan Arzu Xatun abidəsindən tutmuş, Amarasa, Qazançıya qədər hamısına qarşı erməni iddiası var və həmin abidələr “erməni abidələri” kimi qələmə verilir.
Qazançı kilsəsi ilə bağlı erməni təxribatı...
Bu günlərdə erməni mediasında heç bir həqiqətə uyğun gəlməyən və tamamilə iftira üzərində qurulan bir informasiya da yayılıb ki, işğalçı ölkənin təmsilçiləri “Şuşada azərbaycanlılar Qazançetos (Qazançı) kilsəsinin qapısındakı heykəlləri yıxdılar, xaçı qapıdan çıxardılar (?)” iddiası ilə növbəti həyasızlıqlarını davam etdirirlər. Hətta daha misilsiz yalana, şərə-böhtana əl atan düşmən mediası azərbaycanlıları “erməni kilsəsi”ni albanlaşdırmada, Azərbaycanı “qanunsuz” bərpa işində ittiham edirlər. Azərbaycanda erməni kilsələri albanlaşdırılmır, alban kilsələri erməni saxtakarlığından xilas edilir. Bizim xalqın “erməni mədəniyyəti”nə ehtiyacı yoxdur, zatən, heç onların tarixən mədəniyyətləri də olmayıb, ondan-bundan oğurladıqlarını öz adlarına çıxıblar. Ermənilərin son iddialarına baxanda belə yerdə deyirlər ki, oğru elə bağırdı, doğrunun bağrı yarıldı. Qarabağdakı başqa kilsələr kimi Qazançının da ermənilərə heç bir aidiyyəti yoxdur və onlar Qazançının tarixini də saxtalaşdırıblar, memarlıq quruluşunu da dəyişiblər. 28 illik işğal dövründə Qazançını saxtalaşdırıblar.
Qeyd etdiyimiz kimi, Şuşada yerləşən Qazançı kilsəsi də ermənilərin uzun illərdir iddia etdiyi, hətta barəsində əfsanələr, miflər yaratdığı dini məbədlərdən biridir ki, onun barəsində ermənilərin hazırladıqları “Vikipediya” məqaləsində bu saxtalaşdırmanı açıq sezmək mümkündür. Hətta ermənilər saxtakarlığa və öz uydurduqları miflərə o qədər aludə olublar ki, “Vikipediya”da böyük tarixi yalana, saxtalaşdırmaya yol verərək “Qarabağ ermənilərinə görə, Şuşadakı Qazançetsots kilsəsi tarixi erməni kimliyinin simvoludur” - fikrini belə yazırlar. Çox təəssüflər olsun ki, ermənilərin hazırladıqları bu təxribatlara cavab verənlərimiz çox azdır və bu barədə müxtəlif dillərdə “Vikipediya” məqalələri hazırlanıb yayılmır. Erməni saxtakarlığına qarşı mübarizəni bütün platformalarda həyata keçirməliyik. Ermənilər Qazançıya o qədər iddia edirlər ki, hətta onun fotoları əks olunmuş plakatları da müxtəlif ölkələrdə nümayiş etdirirlər. Uzağa getməyək, qondarma “erməni soyqırımı”nın “106-cı ildönümü” ilə bağlı İranda keçirdikləri tədbirlərdə ermənilər Qazançının şəkillərini nümayiş etdiriblər və onun “erməni kilsəsi” olduğu iddialarını səsləndiriblər.
“Şuşada erməni kilsəsi olmayıb”
Məlum olduğu kimi bir çox ekspert qeyd edir ki, Qarabağda erməni kilsəsi olmayıb və ermənilər Qafqaz Albaniyası dövrünə aid olan kilsələrimizə, məbədlərimizə qarşı iddialar irəli sürüblər. Bu iddiaların isə tamamilə əsassız olduğunu deyən ekspertlər bildirirlər ki, alban kilsəsi qriqoryan kilsəsinə tabe edildikdən sonra ermənilər bu cür əsassız iddialar ortaya atmağa və sərsəm fikirlər səsləndirməyə başlayıblar.
“Şuşada erməni kilsəsi olmayıb” deyən mədəni dəyərlər üzrə tədqiqatçı-ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, ermənilərin bu iddiası beynəlxalq rəyi çaşdırmağa və Şuşada aparılan tikinti-quruculuq işlərinə qara yaxmağa yönəlib.
F.İsmayılovun sözlərinə görə, Ermənistan mətbuatı mütəmadi olaraq saxta dəlillər gətirərək Şuşa şəhərində “erməni kilsəsi”nin azərbaycanlılar tərəfindən “dağıdılacağı” barədə dezinformasiyalar yayır: “Ermənilər belə bir şayiə yayırlar ki, guya Şuşa şəhərində "Qazançılar" adlandırılan kilsə 1722-ci ildə mövcud olmuş hansısa başqa bir kilsənin bünövrəsi üzərində Naxçıvanın Qazançı kəndindən gələn ermənilər tərəfindən inşa edilib.
O zaman belə bir sual yaranır, əgər kilsə ermənilər tərəfindən tikilirdisə, niyə erməni qriqoryan kilsəsi memarlığı üslubunda tikilmirdi? Axı, əslində, ermənilərin Cənubi Qafqaza gəlişi I Pyotrun 1724-cü il noyabrın 10-da rəsmiləşdirilən fərmanından sonra başlamışdı. 1828-ci il Türkmənçay sülh müqaviləsinin nəticəsi olaraq 40000 erməni, 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni Azərbaycanın Naxçıvan, İrəvan və Qarabağ xanlıqları ərazilərində məskunlaşdırıldılar. Bu onu deməyə əsas verir ki, o dövrə qədər Şuşada erməni kilsəsinin mövcudluğu mümkün deyildi. Bu və ya digər tarixi həqiqətlər ermənilərin yalan danışdıqlarını sübut edir”.
“O dövrdə Şuşa şəhərində xristian kilsəsi yox idi”
F.İsmayılovun sözlərinə görə, bu gün ermənilər hər cür yalandan istifadə edərək özlərini yazıq kimi qələmə verməkdə davam edir və dünya xristianlarının diqqətini Şuşaya yönəltmək istəyirlər.
F.İsmayılov qeyd etdi ki, Şuşa şəhərində keçən əsrin sonlarına qədər erməni kilsəsi mövcud olmayıb.
Onun sözlərinə görə, Şuşa şəhərinin qurulması tarixi, kimin tərəfindən yaradıldığı da məlumdur, bu şəhər qurulanda isə Qarabağda erməni adında toplum yox idi. F.İsmayılovun dediyinə görə, Şuşada “qədim erməni kilsəsi”nin olduğunu iddia etmək gülüncdür.
Şuşada rus pravoslav kilsəsinin yaranma tarixindən danışan mütəxəssis qeyd etdi ki, 1805-ci ildə Qarabağ xanlığını devirməyə nail olan çar hökuməti digər bölgələrimizlə bərabər öz mənzil-qərargahını Şuşa şəhərində də yaratdı: “O dövrdə Şuşa şəhərində xristian kilsəsi yox idi. Rus əsgərlərinin ibadəti üçün isə kilsənin yaradılmasına ehtiyac var idi. Müharibələr nəticəsində iqtisadi cəhətdən zəif olan Rusiyanın şəhərdə quruculuq işləri aparmağa imkanı yox idi. Odur ki, ordu rəhbərliyi xanlığın divanxanasının qülləsindən zəng asdıraraq burada rus əsgərlərinin ibadəti üçün şərait yaratdı. 1806-cı ildə ruslar tərəfindən divanxananın yanında zəng qülləsi tikilib. Lakin zaman keçdikcə Qarabağ xanlığının divanxanası rus ordusu komandanlığı tərəfindən təmir edilərək kilsə stilinə uyğunlaşdırılırdı və sonrakı dövrlərdə daha iki kilsə inşa edildi. Zaman keçdikcə kilsələrin də tərəqqiyə uyğun xarici görkəmi dəyişdirilirdi”.
Qazançı kilsəsinin memarlıq quruluşu...
Bildirək ki, Qazançının memarlıq quruluşunu təsvir edən erməni mənbələri böyük saxtakarlığa yol verərək, onun memarlıq quruluşunun Eçmiədzinin memarlıq quruluşuna uyğun olduğunu iddia edirlər. Həqiqət isə belə deyil.
Qazançının memarlıq quruluşundan danışan F.İsmayılovun sözlərinə görə, Şuşa şəhərindəki Qazançı adlandırılan rus pravoslav kilsəsinin 1887-ci ildə belə inşa edildiyi barədə arxiv sənədləri mövcuddur. Sonrakı illərdə daha bir dəyişikliyə məruz qalan rus kilsəsi mahiyyət etibarilə rus pravoslav kilsə memarlığının bütün qaydalarını özündə qoruyub saxlayıb. Belə ki, kilsənin mərkəzi hissəsindəki qübbə sökülərək bir neçə metr hündürləşdirildi. Formalardakı fərq müqayisə edilərkən bu memarlıq üslubunun erməni qriqoryan kilsəsinə məxsus olmadığı aydın şəkildə görünür.
Yeri gəlmişkən, bəzi versiyalara görə, Qazançı kilsəsinin yerində qədim zərdüşt məbədi olub və bura qədim insanların ibadət yeri idi. Bir sözlə, həmin məbədin yerləşdiyi ərazi ta qədimdən insanların müqəddəs ibadət yeri olub.
Tədqiqatçı-ekspertin bildirdiyinə görə, Qarabağda erməni kilsəsinin fəaliyyəti erməni qriqoryan kilsəsinin rəhbəri II Vazgen tərəfindən Parqev Martinosyanın 1989-cu ildə Dağlıq Qarabağ bölgəsinə arxiyepiskop təyin edilməsindən sonra başlayıb. Bu fakt göstərir ki, Şuşada erməni qriqoryan kilsəsi olmayıb.
“...Qarabağ bölgəsində yerləşən bütün kilsələr 1930-cu ildə SSRİ hökumət rəhbərlərinin göstərişi ilə qapadılıb və bəzilərindən yem anbarı kimi istifadə olunub. SSRİ hökumətinin bu qərarından sonra Şuşadakı rus kilsələri də baxımsız və istifadəsiz qalıb. Kilsələrin təkrar fəaliyyəti Mixail Qorbaçovun rəhbərliyi dövründə mümkün olub. 1989-cu ildə Qarabağda erməni yeparxiyasının yaradılması və Qarabağda yaşayan ermənilərin artan millətçilik tələbləri fonunda kilsələrin erməniləşdirilməsi və aktiv olmayan kilsələrin belə işlək vəziyyətə gətirilməsi siyasəti aparıldı, bu məqsəd üçün xarici ölkələrdə yaşayan ermənilərin maddi imkanlarından istifadə olunmağa başladı. Bu da, nəticə etibarilə, Azərbaycanın 20% torpaqlarının Ermənistan silahlı qüvvələrinin işğalı altına düşməsinə səbəb oldu”.
Artıq torpaqlarımızın işğaldan azad edildiyini deyən F.İsmayılov qeyd etdi ki, Ermənistan işğal dövründə Azərbaycan ərazilərindəki xristian dövrü memarlıq abidələrini mənimsəyib və bu torpaqları Ermənistana birləşdirib “Böyük Ermənistan” dövləti yaratmaq iddiasında olub, lakin 44 günlük müharibədə Azərbaycan onların bütün təxribatlarını, qara niyyətlərini alt-üst edib.
Ermənilər işğal dövründə böyük tarixi saxtalaşdırmaya əl atıblar və bizim ərazilərdəki kilsə və monastırların xarici görkəmini dəyişdirərək erməni qriqoryan kilsələrinə çevirirdilər. Ermənilər Şuşadakı Qazançı rus kilsəsinin 1995-2000-ci illərdə memarlıq quruluşunu dəyişdirərək “erməni qriqoryan kilsəsinə” çeviriblər.
F.İsmayılov hesab edir ki, ermənilər nə qədər saxtalaşdırma kampaniyası aparsalar da, istəklərinə nail ola bilməyəcəklər. Ermənilər Qafqaza, Azərbaycan torpaqlarına gəlmədirlər və bu səbəbdən də onların burada heç bir qədim abidəsi yoxdur, “qədim erməni abidələri” kimi qələmə verdikləri abidələr isə yerli Azərbaycan türklərinə mənsub abidələrdir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.