Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat verib. Qeyd edilir ki, dövlət başçıları telefon danışığının gedişatında Qarabağı, Ukraynanı və Çexiya ilə yaşanan diplomatik qalmaqalı müzakirə edib.
Tərəflər arasında Qarabağdakı vəziyyətin sabit qalması, Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci bəyanatlarının həyata keçirilməsi ilə bağlı işin davam etməsindən məmnunluq qeyd olunub.
Dəfələrlə İlham Əliyevin dediyi və sonuncu dəfə BMT tədbirində münaqişənin bitdiyini, tarixdə qaldığını təkrar bəyan etdiyi halda Makronla Putinin hansı həldən danışdıqları başadüşülən deyil. Digər tərəfdən, Makronun uydurma genosidi tanımaq yönümündə dilini daha da uzatdığı indiki vaxtda onun Qarabağ mövzusunda vasitəçilik eşqindən hələ əl çəkməməsi gülməlidir. Azərbaycan Prezidentinin iştirak etmədiyi formatda hər hansı Qarabağ müzakirəsi aparıla bilərmi?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Fransa və Rusiyanın Qarabağla bağlı Azərbaycanın iştirakı olmadan müzakirə aparmaları yolverilməzdir: “Bu ölkələrə ATƏT-in Minsk Qrupu çərçivəsində mandat verilmişdi ki, münaqişənin nizama salınmasında yaxından iştirak etsinlər. Fransanın da vasitəçilik etdiyi missiya ermənilərin başına sığal çəkməklə prosesi 30 il uzatdı. Sonra Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad etdi. 44 günlük müharibənin gedişində və ondan sonrakı dönəmdə Fransanın davranışları göz qabağında oldu. Açıq şəkildə Ermənistanı dəstəklədilər. Rusiya öz üzərinə vasitəçiliklə bağlı mühüm öhdəlik götürüb. Onun bu missiyası Minsk Qrupundan kənardadı. Bu baxımdan da Rusiyanın kənar bir ölkə ilə tərəflərin iştirakı olmadan Qarabağ müzakirəsi aparması yolverilməzdir. Bu onun sülhməramlı missiyasına uyğun gəlmir. Azərbaycan dəfələrlə münaqişənin bitdiyini bəyan edib. Onlar isə davam etdiyini demək istəyirlər. Bununla Qarabağda qalan ermənilərin status məsələsini gündəmə gətirmək istəyirlər. Statusla bağlı isə Azərbaycanın mövqeyi bəllidir. Bu barədə heç bir söhbət ola bilməz. Biz dəfələrlə bəyan etmişik ki, həmin ermənilər Azərbaycan vətəndaşı kimi bütün hüquqlardan istifadə edə bilərlər. Əgər Fransa və Rusiya bu cəhdi Minsk Qrupu həmsədri kimi edirsə, bu da yersizdir. Bununla da bağlı Azərbaycan öz mövqeyini açıqlayıb. Bildirib ki, Minsk Qrupu bundan sonra münaqişənin həlli ilə deyil, humanitar aksiyalarla məşğul olmalıdır. Münaqişənin həllinə isə Azərbaycan öz gücünə nail olub”.
Məhəmmədəli QƏRİBLİ