ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası Azərbaycanı “din azadlıqlarının zorakı pozuntusuna” görə xüsusi nəzarət siyahısına daxil edib. Komissiyanın 2021-ci il üçün hesabatında Dağlıq Qarabağda kilsələrə, monastırlara və başqa xristian abidələrinə Azərbaycan tərəfindən ziyan vurulması xəbərlərindən narahatlıq ifadə olunur.
Hesabatda deyilir ki, Azərbaycanda ilin sonunda Dağlıq Qarabağ müharibəsinin alovlanmasını çıxmaq şərtilə 2020-ci il din azadlıqları baxımından sabit olub. Qeyd edilir ki, 2020-ci ildə Azərbaycan hökumətinin ikisi xristian olmaqla, 14 dini icmanı qeydiyyata alması xəbər verilib, lakin “Yəhvanın şahidləri” və lüteranların qeydiyyatından imtina olunub. Hesabatda iddia olunur ki, Dağlıq Qarabağda və ətraf ərazilərdə fəal döyüşlərin bərpa olunması erməni ibadət yerlərinin qorunması və mühafizəsi ilə bağlı ciddi narahatlıq yaradıb. O da vurğulanır ki, ötən oktyabrda Şuşa şəhərindəki Qazanketços (Qazançı) kilsəsinin Azərbaycan qüvvələri tərəfindən iki dəfə artilleriya atəşinə tutulduğu və binaya böyük ziyan dəydiyi xəbər verilib.
Bununla belə, o da qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi əksərən ərazi üstündə və etnik təbiətli olsa da, münaqişənin birbaşa və ya dolayısı ilə təsirinə məruz qalmış bəziləri qarşıdurmanın qismən də dini fərqlərdən irəli gəldiyini deyirlər.
Maraqlıdır, hesabatda səslənən fikirlərə ekspertlər necə yanaşırlar?
“Nə qədər ədalətsiz, ləyaqətsiz olasan ki, olmayan şeylərə görə Azərbaycanı bu qədər ittiham edəsən”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, hesabat tamamilə qərəzlidir: “Mən özüm həmin hesabatı oxudum. O qədər qərəzlidir ki, onu sona qədər oxumağa insanın əsəbləri dözmür. Bu qədərmi Beynəlxalq Din Azadlığı Komissiyasının özünə hörməti yoxdur? Sanki hesabatı həmin komissiya yox, bilavasitə ermənilər özləri hazırlayıblar. Nə qədər ədalətsiz, ləyaqətsiz olasan ki, olmayan şeylərə görə Azərbaycanı bu qədər ittiham edəsən. Məsələn, hesabatda deyilir ki, Hadrutdakı erməni kilsəsi, məzarlığı vandalizm hücumuna məruz qalıb. Hardadır bununla bağlı fakt? Bu qədər qərəzli olmaq olmaz axı. Heç olmasa özlərinə azacıq hörmət etsinlər. Yeri gəldi-gəlmədi, Şuşa şəhərindəki kilsənin vurulmasını qabardırlar. Halbuki, həmin kilsənin ermənilərin özləri tərəfindən vurulması ilə bağlı iddialar var. Nədənsə bu versiyanı heç araşdırmırlar. Azərbaycan xristian abidələrinə hər zaman sahib çıxıb. Ermənistan 30 ilə yaxın işğal dövrü ərzində 67 məscidi məhv edib. İslam irsinə aid türbələri, müqəddəs yerləri dağıdıblar. Məzarlıqları belə məhv edib, əkin sahəsinə çeviriblər. Məzarlıqdakı cəsədləri belə çıxarıblar. Hansı ki, belə vandallığı ermənilərdən başqa dünyada heç kəs törətməyib. Yaxşı olardı ki, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası hesabatına bunları daxil etsin. Yoxsa erməni lobbisinin sifarişi ilə olmayan şeyləri hesabata daxil edərək Azərbaycanı qaralamaq ABŞ kimi dövlətə hörmət gətirmir”.
Şərqşünas bir daha qeyd etdi ki, hesabatda əksini tapan məqamların reallıqla əlaqəsi yoxdur.
Vidadi ORDAHALLI