Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində azad olunmuş ərazilərə səfərdən görüntülər paylaşıb.
Dövlət başçısı Zəngilan rayonunda olarkən bildirib:
“Əsas məsələ odur ki, şəhərlər, kəndlər bərpa olunarkən təbiətə toxunulmasın, təbiətə ziyan vurulmasın. Ermənilər bizim təbiətimizə də qəsd etdilər. 54 min hektar meşə zolaqlarını məhv etdilər, kəsib aparıb satdılar”.
Prezident Zəngilanda olarkən tikinti şirkətlərinə ən zəruri və vacib mesajı çatdırdı ki, tikinti-quruculuq prosesi zamanı təbiətə ziyan vurmasınlar.
Ekspertlər deyirlər ki, Prezident bu mesajı təsadüfən verməyib, çünki indiyə qədər tikinti şirkətlərinin həm paytaxtda, həm də bölgələrdə həyata keçirdikləri tikinti işləri zamanı həm təbiətə ziddi ziyan dəyib, ağaclar məhv edilib, yaşıllıqlar yer üzündən silinib, həm də tarixi abidələr zərər görüb. Bu baxımdan, ölkə başçısının şirkətlərə diqqətli olmalarına dair mesajlar verməsinin çox təqdirəlayiq olduğunu deyən ekspertlər hesab edirlər ki, şirkətlər Prezidentin çağırışlarına əməl etməlidirlər.
Ekspertlərin sözlərinə görə, tikinti şirkətləri ölkə başçısının hər bir çağırışından nəticə çıxarmalıdırlar.
“Prezidentin tikinti şirkətlərinə səslənişi zamanında verilmiş mesajdır”
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, ölkə başçısının hər bir məsələdən xəbəri var. “İstər Bakıda, istərsə də bölgələrdə abadlıq işləri həyata keçirilərkən tikinti şirkətləri bəzən qanundankənar olaraq özlərinə sərf edən formada ağacları kəsir, yaşıllıqları məhv, əlavə tikililər inşa edirlər. Təbii, tikinti şirkətlərinin təbiətin başına açdıqları oyunların hamısını cənab Prezident bildiyi üçün indidən şirkətlərə xəbərdarlıq edir ki, azad edilən kəndlərimizin, şəhərlərimizin bərpasında bu hallara yol verilməsin. Azərbaycanın cənnət guşəsi olan həmin yerlər uzun illər düşmən işğalında olduğu üçün talan edilib, təbiəti, florası, faunası, tarixi abidələri məhv edilib. İşğaldan azad edilən rayonlarımızda tikinti-quruculuq işləri həyata keçirilərkən təbiətə ziyan vurmaq olmaz və şirkətlər buna ölkə başçısının vacib tapşırıqlarından biri kimi əməl etməlidirlər”.
Ş.Ağayev bildirdi ki, Prezidentin dediyi kimi, ermənilər onsuz da bu torpaqların təbiətinə, ekologiyasına, meşə zolağına cox ciddi zərərlər vurub, talayıb məhv ediblər. Onun sözlərinə görə, şirkətlər işğaldan azad edilmiş rayonlarda tikinti-quruculuq işləri apararkən sui-istifadəyə yol verməməli, düşmən əlindən salamat qalan yaşıllıqları, təbiəti tamamilə qorumalıdırlar. “Tikinti şirkətləri “mən burada abadlıq işləri görürəm” adı altında fürsətdən istifadə edib təbiətə ziyan vurmasınlar. Prezident də bəri başdan xəbərdarlıq etdi ki, azad edilmiş rayon və kəndlərdə tikinti-quruculuq işləri aparacaq şirkətlər sui-istifadə hallarına yol verməsinlər. Fikrimcə, tələblərə əməl etməyənlər, təbiətə zərər vuranlar, onlara göstərilən etimaddan sui-istifadəyə yol verənlər isə cəzalanacaqlar. Qarabağ təbiətini, gözəlliklərini qorumaq şərtləri altında abadlaşmalıdır, tikilib qurulmalıdır. Prezidentin tikinti şirkətlərinə səslənişi zamanında verilmiş mesajdır ki, orada iş görərkən tələbləri nəzərə alsınlar” - deyə Ş.Ağayev qeyd etdi.
İradə SARIYEVA