Bu gün Azərbaycanda yüksək dini tolerantlıq mühitinin hökm sürməsi, müxtəlif din nümayəndələrinin birlikdə mehriban yaşaması dünya miqyasında da qəbul edilən həqiqətdir. Digər tərəfdən, Azərbaycan nadir ölkələrdəndir ki, multikulturalizmi dövlət siyasəti kimi qəbul edib.
O da həqiqətdir ki, Azərbaycan dünyanın bir çox araşdırma mərkəzləri üçün bu gün dini tolerantlıq baxımından xüsusi maraq və əhəmiyyət kəsb edən tədqiqat obyektidir. Azərbaycan artıq dini dözümlülük baxımından nümunəvi bir dövlət olaraq qəbul olunur, ölkəmizin sözügedən kontekstdə yaratdığı mühit hətta model kimi qəbul olunur. Ümumiyyətlə, tarixən dinindən, dilindən, irqindən və digər bu kimi mühüm göstəricilərdən asılı olmayaraq, ölkəmizdə müxtəlif xalqların nümayəndələri həmişə bir ailə olaraq dostluq, qardaşlıq, mehribanlıq şəraitində yaşayıblar. Bu mütərəqqi ənənə indi də davam edir və Azərbaycanın əsas xarakterik xüsusiyyətləri sırasında yer alır. Amma nədənsə, Azərbaycanda bu yüksək dini tolerantlığın ikili standartlardan qiymətləndirilməsi hallarına da rast gəlinir. Hər halda, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının Azərbaycan və Türkiyəni “din azadlıqlarının zorakı pozuntusuna” görə xüsusi nəzarət siyahısına daxil etməsi də bunun təsdiqidir. Komissiyanın 2021-ci il üçün hesabatında Dağlıq Qarabağda guya kilsələrə, monastırlara və başqa xristian abidələrinə Azərbaycan tərəfindən ziyan vurulması xəbərlərindən narahatlıq ifadə olunur. Halbuki, həmin abidələr Azərbaycan dövləti tərəfindən qorunur. Azərbaycan Prezidenti İlham Əliyev də xristian kilsələrinin qorunacağını və Azərbaycan xristianlarının orada ibadət etməsinə imkan yaradılacağını bəyan edib.
Hesabatda isə o da deyilir ki, Azərbaycanda ilin sonunda Dağlığ Qarabağ müharibəsinin alovlanmasını çıxmaq şərtilə, 2020-ci il din azadlıqları baxımından sabit olub. Bu da qeyd edilir ki, 2020-ci ildə Azərbaycan hökumətinin, ikisi xristian olmaqla, 14 dini icmanı qeydiyyata alması xəbər verilib. Hesabatda deyilir ki, Dağlıq Qarabağda və ətraf ərazilərdə fəal döyüşlərin bərpa olunması erməni ibadət yerlərinin qorunması və mühafizəsi ilə bağlı ciddi narahatlıq yaradıb. Amma nədənsə, ermənilərin işğal vaxtı dağıtdıqları 60-dan çox məscid barədə hesabatda hansısa fikir yer almayıb. Ermənistan qüvvələrinin müxtəlif dini və mədəniyyət obyektlərini atəşə tutmasını və onlara ziyan vurmasına da, nədənsə, hesabatda geniş toxunulmur. Elə bu da ikili standartların göstəricisidir. Hesabat müəllifləri tərəfindən Azərbaycanın ABŞ-ın Beynəlxalq Din Azadlığı qanununa uyğun olaraq xüsusi nəzarət siyahısına salınması tövsiyə olunub. Eləcə də, ABŞ hökumətinə Azərbaycanın 2009-cu il din qanununun beynəlxlaq normalara uyğunlaşdırılması üçün Azərbaycan hökuməti ilə işləmək tövsiyə edilir. Tövsiyələrin arasında Dağlıq Qarabağ və ətraf ərazilərdə ibadət yerlərinin və başqa din və mədəniyyət məkanlarının bərpası, qorunması və mühafizəsi üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyinə və ABŞ-ın Bakıdakı səfirliyinə vəsaitlərin ayrılması da var. Maraqlıdır ki, hesabatın əslində reallığa uyğun olmadığını elə ABŞ-ın özündə də etiraf edirlər. Hər halda, hesabatın sonunda komissiya üzvü Coni Murun xüsusi rəyinə də yer ayrılması bunun təsdiqidir. Cənab Mur bildirir ki, Azərbaycan sözügedən siyahıya salınmamalı idi. O qeyd edir ki, Azərbaycan şiələrin və sünnilərin birlikdə ibadət etdikləri ölkələrdən biridir, burada bütün xristian təriqətlərinin və yəhudilərin azadlığı və təhlükəsizliyi təmin olunur. Mur yazır ki, Azərbaycan İranın şiə çoxluğuna malik qonşusu olmasına baxmayaraq, İsrail dövləti ilə isti münasibətlərə malikdir: “Mən narahatam ki, komissiyanın Azərbaycana dair baxışları bəziləri tərəfindən onun Ermənistan və Azərbaycan arasında müharibə siyasətinə müdaxiləsi kimi qiymətləndirilə bilər”. Xüsusi rəydə qeyd olunur ki, iki ölkə arasında münaqişə dini yox, siyasi və coğrafi səciyyə daşıyır. Murun fikrincə, bu məsələ həddən artıq bəsitləşdirilir, belə ki, buna İran, Türkiyə, Rusiya kimi ölkələrin maraqlarından əlahiddə baxıla bilməz. Komissiya üzvü düşünür ki, din ritorik silah və ya müharibənin qurbanı yox, görüş nöqtəsi olmalıdır. Onun fikrincə, bu proses xristianların və müsəlmanların müharibə vaxtı və ya ona qədər dağıntıya məruz qalmış müqəddəs yerlərinin qiymətləndirilməsindən və bilərəkdən və ya bilməyərəkdən ziyan dəymiş obyektlərin bərpasına yönəlmiş səylərdən başlamalıdır. Qeyd edək ki, hesabatın xüsusi nəzarət siyahısında Azərbaycandan başqa Əfqanıstan, Əlcəzair, Misir, İraq, İndoneziya, Qazaxıstan, Malayziya, Türkiyə və Özbəkistan var. Nəzarət siyahısından daha pis sayılan “Xüsusi narahatlıq doğuran ölkələr”in siyahısında İran, Səudiyyə Ərəbistanı, Tacikistan, Pakistan və Türkmənistan kimi ölkələr var. Son hesabatda Rusiya və Hindistan da bu siyahıya daxil edilib.
Konkret olaraq ölkəmizə gəlincə, bu gün ABŞ-da bilməmiş deyillər ki, Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əminamanlıq şəraitində fəaliyyət göstərir. Bu fonda İslam və qeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə yerinə yetirirlər. Ölkəmizdə müxtəlif etnoslardan, etnik qruplardan ibarət ölkə əhalisi bütün dövrlərdə birliyini qoruyub saxlaya bilib. Bunu ABŞ-da görmək istəməyənlər Azərbaycana qarşı ikili standartlardan çıxış edir.
Tahir TAĞIYEV