“Şuşa şəhərinin sakinləri rus sülhməramlıları ilə birlikdə 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına monumental kompleksin elementlərinin təmizlənməsi və rənglənməsi, eləcə də bitişik ərazinin nizamlanması işlərini aparıblar”.
Bunu Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandir müavini, general-mayor Sergey Jmurin deyib. O qeyd edib ki, bu yöndə işlər Şuşa şəhərində də görülür: “Bir ay əvvəl Zaqafqaziya bölgəsindəki Böyük Vətən müharibəsi qəhrəmanlarına və iştirakçılarına abidələrin düzəldilməsi kimi çox vacib bir layihəyə başladıq. 70-dən çox abidə qeydiyyatdan keçirdik. Bu gün bunlardan 50-dən çoxu qaydaya salındı. Bu gün biz Şuşa şəhərinin ərazisindəyik, burada da Böyük Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş abidə var. Azərbaycan tərəfi ilə birgə bu abidəni qaydasına saldıq. Bu iş təkcə ayrı-ayrı nöqtələrdə deyil, bütün bölgədə davam edir”.
O da qeyd olunub ki, Qarabağda atəşkəs və hərbi əməliyyatlarla bağlı əldə olunmuş razılaşmaların icrasına nəzarət vəzifələrini icra edən Rusiya sülhməramlılarının təşəbbüsü ilə, məsuliyyət dairələrində və bitişik bölgələrdə Böyük Vətən müharibəsi əsgərlərinə həsr edilmiş abidələrin yaxşılaşdırılması aksiyası davam edir. Bu aksiya abidələrin yerləşdiyi sərhədlər daxilindəki yaşayış məntəqələrinin sakinləri və Rusiya sülhməramlı kontingentinin Humanitar Yardım Mərkəzinin hərbçiləri ilə birlikdə həyata keçirilir.
Əvvala Azərbaycanın nəzarətindəki ərazi kimi qəbul edilmiş Şuşada sülhməramlıların olmasının hansı zərurətdən irəli gəldiyi məlum deyil. İkincisi, 10 noyabr üçtərəfli razılaşmasına görə, Ağdam, Laçın və Kəlbəcərin də qaytarılması şərtilə döyüşən tərəflər olduqları yerdə qalmalı idilər. Bu o deməkdir ki, məntiqlə Şuşada yerləşmək hüququ təkcə Azərbaycan tərəfə aiddir. Üçüncüsü, Azərbaycanın nəzarətindəki ərazilərdə abidələrin bərpasının Azərbaycanın müstəsna səlahiyyətində olduğunu hər kəs qəbul etməlidir. Dördüncüsü, sülhməramlılar həmin abidələrin kimlər tərifindən və niyə bu vəziyyətə salındığına diqqət versəydilər, daha məqbul olardı. Nəzərə almaq lazımdır ki, sözügedən ərazilər 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Ən nəhayət, azad edilmiş ərazilərdə Azərbaycanın suverenliyinə hörmətin sülh üçün çox vacib olduğuna sülhməramlılar xüsusi həssas olmalıdırlar.
“Hesab edirəm ki, biz onlara öz yerini göstərməliyik”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, rus sülhməramlılarının öz missiyasından kənara çıxmaları narahatlıq doğurur: “Əvvəla bu kimi hallar Rusiyanın sülhyaratma əməliyyatları ilə uzlaşmır. Bir ara Qarabağda ermənilər yaşayan ərazilərə müxtəlif yardımlar payladılar, tikinti işləri ilə məşğul oldular. Humanitar xarakterli işlər görülür deyə, buna etiraz edilmədi. Ondan sonra parad keçirmək hoqqasını ortaya atdılar. Siyasi partiyalar, ictimai birliklər səviyyəsində Azərbaycanda buna etiraz edildi. Rusiya tərəfi bütün bunları nəzərə almaq əvəzinə, indi də Şuşa şəhəri ərazisində Böyük Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş abidələri bərpa edir. Sual olunur, nə haqla? Düzdür, Sergey Jmurin Azərbaycan tərəfi ilə birlikdə həmin abidənin qaydaya salındığını deyib. Ancaq, istənilən halda, bu, sülhməramlıların işi olmamalıdır. Üstəlik, Şuşa və şəhərə yaxın ərazilər Azərbaycan Ordusunun nəzarətindədir. Belən olan halda, sülhməramlıların orada məlum işlərlə məşğul olmasına nə ixtiyarı var? Hesab edirəm ki, biz sülhməramlılara öz yerini göstərməliyik”.
Partiya funksioneri onu da qeyd etdi ki, sülhməramlıların bu kimi fəaliyyətləri məhdudlaşdırılmalıdır.
Vidadi ORDAHALLI