ABŞ prezidenti Cozef Baydenin 106 il əvvəl Osmanlı imperiyasında baş vermiş hadisələri “erməni soyqırımı” adlandırması dünya mediasında da ciddi reaksiya yaradıb.
Rusiya mediası da Baydenin açıqlamasına geniş yer ayırıb. Qeyd edilir ki, Türkiyə uzun illər ABŞ-ın Orta Şərqdəki ən əhəmiyyətli müttəfiqi, NATO-nun ikinci ən güclü üzvü idi. Ancaq son on ildə Ankara öz siyasətini quraraq supergüc olmaq arzusu ilə bağlı daha yüksək səslə danışdı. Bu isə amerikalıların hədəfləri ilə üst-üstə düşmür: “Məsələn, Rusiya və İranla birlikdə Türkiyə Suriyada sülh yolu ilə nizamlama ilə uğurla məşğul olur, Vaşinqton üçün isə əksinə, orada xaos yaratmaq daha faydalıdır. Bu fonda son beş ildə Ankara getdikcə Moskvaya daha da yaxınlaşdı. Bir sıra sahələrdə əməkdaşlıq güclənir – S-400 zenit sistemlərini alınması, Türkiyədə Akkuyu AES-in inşası və “Türk axını” qaz kəməri ilə mavi yanacaq tədarükünü nəzərə alsaq, ABŞ-ın inadkar ortağını cəzalandırmaq üçün bəhanə axtarması təəccüblü deyil”.
Bununla belə, Rusiya mediası yazır ki, qondarma “soyqırım”ın tanınması müəyyən mənada seçkidə Paşinyanın xeyrinə işləyəcək. Bunun qarşılığında Paşinyan seçkidən sonra Qarabağ danışıqlarında bəzi məsələlərdən yayınmağa çalışacaq: “Maksimum çalışacaq ki, Rusiyanın vasitəçilik rolu bu və ya digər dərəcədə azalsın. ABŞ-ın sözügedən proseslərdə iştirakı artsın. İstisna deyil ki, Paşinyan Vaşinqton qarşısında belə bir öhdəlik götürüb”.
O baxımdan bu versiyanı ekspertlər necə dəyərləndirirlər?
“O çalışacaq ki, Rusiyanın bu istiqamətdə fəaliyyətini zəiflətsin və regionda Moskvanın təsirini azaltsın”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Əvvəla ABŞ prezidenti C.Baydenin qondarma "erməni soyqırımı” ifadəsini işlətməsi Vaşinqtonun rəsmən tanıması deyil. 1982-ci ildə ABŞ prezidenti Reyqan da belə bir ifadə işlətmişdi. Ancaq bunun Ankara üçün hüquqi bir çəkisi olmadı. Bundan sonra da olmayacaq. Baydenin “soyqırım” iddialarını dilə gətirməsi Paşinyanın maraqlarına cavab verir. Seçkiöncəsi o, daxili auditoriyaya mesaj verəcək ki, onun hakimiyyəti dövründə Birləşmiş Ştatlar prezidenti bunu tanıdı. Rusiya mətbuatının bu iddiası hesab edirəm ki, müəyyən həqiqətlərə malikdir. Təbii ki, Paşinyan bu istiqamətdə plana malikdir. Qarabağ məsələsinə gəldikdə, burada ABŞ prosesə qatıla bilməz. Çünki Azərbaycan bu məsələni həll edib və Vaşinqton yalnız regionda iki ölkə arasında sülhün əldə edilməsinə çalışa bilər. Paşinyan ABŞ-dan dəstək alıb və təbii ki, seçkidən sonra Rusiyaya qarşı siyasətini davam etdirəcək. Çalışacaq ki, Rusiyanın bu istiqamətdə fəaliyyətini zəiflətsin və regionda Moskvanın təsirini azaltsın”.
Politoloq hesab edir ki, seçkidən sonra bu istiqamətdə Paşinyan səylərini artıracaq.
Vidadi ORDAHALLI