Aprelin 24-də Los Ancelesdə keçirilən mitinqdə ABŞ konqresmeni Adam Şif bildirib ki, Azərbaycanda saxlanan erməni hərbi əsirlərinin azad edilməsi ilə bağlı qətnamə hazırlayaraq Konqresə təqdim edib.
Erməni politoloq Ayk Martirosyan öz sosial şəbəkə hesabında yazaraq qeyd edib ki, aprelin 24-də Los Ancelesdə keçirilən mitinqdə Azərbaycanda saxlanan erməni əsirlərin geri qaytarılması ilə bağlı Konqresə qətnamə verib. Hazırlanan qətnamə Konqresdəki demokratların və respublikaçıların ilkin dəstəyini alıb.
Maraqlıdır, Konqresə təqdim olunan qətnamədə hansı erməni əsirlərdən söhbət gedir?
“ABŞ konqresmenləri vicdanlarını pula satıblar, bu səbəbdən də həmin şəxslər saxta təbliğat kampaniyalarında iştirak edirlər”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanın rəsmiləri dəfələrlə bəyan ediblər ki, ölkəmizdə erməni hərbi əsirləri yoxdur: “Erməni hərbi əsirlərin hamısı azad olunaraq öz ölkələrinə qaytarılıb. Ancaq buna baxmayaraq, erməni terrorçu qrupları Azərbaycana qarşı təxribat hərəkətləri etməkdə davam ediblər. Onların bu hərəkətini zərərsizləşdirmək üçün həmin şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanıb. Terrorçu qrupun üzvləri olan şəxslər ölkəmizdə saxlanır. Onlarla bağlı təhqiqat işləri gedir. Onlara etdikləri hərəkətə görə qanunvericiliyin tələbinə uyğun formada cəza veriləcək. Bu şəxslər isə hərbi əsir sayılmırlar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ABŞ konqresmeninin belə bir addım atması gözlənilən idi: “İllərdir bu şəxslər ermənilərə xidmət edirlər. Bunun müqabilində də ermənilərdən pul alırlar. ABŞ konqresmenləri vicdanlarını pula satıblar. Bu səbəbdən də həmin şəxslər saxta təbliğat kampaniyalarında iştirak edirlər”.
Günel CƏLİLOVA