ABŞ prezidenti Co Baydenin ilk 100 günlük hakimiyyətindən məmnunluq reytinqi 52% təşkil edib. 1945-ci ildən bəri belə aşağı göstərici yalnız Cerald Ford (48%) və Donald Trampda (42%) müşahidə olunub.
Müvafiq birgə sorğunu “Washington Post” və “ABC News” keçirib. Sorğunun nəticələrində görə, respondentlərin 52%-i "birmənalı" və ya "müəyyən mənada" Baydenin işini təqdir edir. Bunlardan 90%-i demokrat, 47%-i müstəqil respondent, 13%-i isə respublikaçıdır. Rəyi soruşulanların 42 faizi isə Baydenin işindən narazıdır. Respondentlərin 64%-i koronavirusla mübarizədə Baydenin siyasətini bəyənir. Onun iqtisadi siyasəti 52% respondentin ürəyincədir. Meksika ilə sərhəddə miqrasiya böhranı ilə bağlı siyasəti isə cəmi 37% respondent dəstəkləyir. Bundan başqa, rəyi soruşulanların 60%-i hesab edir ki, prezident konqresdə respublikaçıların dəstəyini almalıdır, 30%-i isə bu fikirdədir ki, Bayden müstəqil olaraq da hərəkət edə bilər.
İqtisadiyyatın stimullaşdırılması paketini 65% bəyənsə də, 31% əleyhinə çıxıb. İnfrastruktur layihələrinə iki trilyon dollar investisiya edilməsini respondentlərin 52%-i müsbət, 35%-i mənfi qarşılayıb. Telefonla ingilis və ispan dillərində aparılan sorğu aprelin 18-dən 21-dək davam edib. Orada 1007 həddi-büluğa çatmış şəxs iştirak edib. Statistik yanlışlıq 3.5% təşkil edir.
Göründüyü kimi, Bayden 100 günlük dəyərləndirməyə görə ABŞ tarixinin ən az nüfuzlu prezidentlərinin siyahısına düşüb. Baydenin belə nəticə göstərməsinə səbəb nə olub?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ vətəndaşları son zamanlar prezident seçimlərində böyük yanlışlıqlara imza atırlar: “Sanki ABŞ-ın siyasi elitası yoxa çıxıb, quruyub. Qoca ahıl kişilər, siyasətdən anlayışı olmayan iş adamları gəlib həmin ölkənin prezidenti olur. Sizi əmin edirəm ki, onların sırasında elələri olub, xəritədə dünya dövlətlərinin yerini normal göstərə bilməyib. Bayden hakimiyyətə gələn kimi, müxtəlif ünvanlara siyasətçiyə yaraşmayan tərzdə ultimatumlar verməyə başladı. Bu ünvanların arasında dünyanın nəhəng ölkələri sayılan Rusiya və Türkiyə də vardı. İndi isə olmayan, sanki barmaqdan sorulub çıxarılan bir hadisəyə “soyqırım” demək kimi cəsarəti özündə tapıb. ABŞ-ın sabiq prezidentlərindən olan Reyqan 250 tarixçidən ibarət bir qrup yaratmışdı ki, həmin hadisələri araşdırsınlar. Belə biir halın olmadığını üzə çıxardılar. İndi həmin ölkənin prezidenti “soyqırımın” olduğunu deyir. Deməli, bununla Bayden həm də ABŞ-ın öz alimlərini inkar etmək yolunu tutur. ABŞ prezidentinin hazırda 79 yaşı var. Bu yaşda olan adamın iş qabiliyyəti gün ərzində neçə saat olur? O, neçədə yatıb, neçədə oyanır? ABŞ vətəndaşları 100 gün ərzində bunu müəyyən etdilər. Onun səfeh açıqlamaları, seçkilərin nəticəsinin şübhəli olması, hələ də Trampın prezident seçkilərində qalib olduğunu deyənlərin olmasının çoxluğu bu reytinqdə özünü göstərmiş olur. Bir daha sübut olunur ki, o, yerində olan adam deyil. Bir ildən sonra bu reytinqdən də əsər-əlamət qalmayacaq. Son hadisə bunu bir daha sübut etdi. Keçirilən rəy sorğusu Baydenin nüfuzunun dinamikasını əks etdirir, o da üzüaşağı yuvarlanaraq gedir”.
Məhəmmədəli QƏRİBLİ