ABŞ prezidenti Co Baydenin qərəzli bəyanatının ardınca elə xristian dünyasının özündən ən yüksək səviyyədə onun səsləndirdiyi əsassız fikirləri inkar edən bəyanatlar, açıqlamalar verildi.
Gündəmə gətirilən açıqlamalardan biri də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilin iki il əvvəl "Rossiya 1" telekanalına verdiyi müsahibədən parçalardır. Bu müsahibədə Patriarx ermənilərin saxta ittihamlarını rədd edib və belə bir olayın baş vermədiyini deyib. Rus Pravoslav Kilsəsinin başçısı "Rossiya seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova verdiyi həmin müsahibədə bildirmişdi ki, Osmanlı imperiyasında heç kəs xristian azlığı məhv etməyib.
Patriarx türklərin (Osmanlı imperiyasının) zamanından mövcud olmuş xristian müqəddəslərə hörmətin indiyə qədər müsəlmanlar, ərəblər arasında qaldığını xatırladıb.
“Hazırda baş verənlər İslam dünyasında heç vaxt olmayıb. Misal üçün götürək elə türk, Osmanlı imperiyasını. Bəli, xristian azlıq olub, lakin heç kəs onları məhv etməyib", - Kiril deyib.
O, əlavə edib ki, dini icmalar arasında qayda-qanun mövcud olub.
“O vaxt müsəlmanlar xristian müqəddəslərin təhlükəsizliyini qorumağa məsul idilər. Bu icmalar arasında belə qarşılıqlı münasibətlər mövcud idi. Əlbəttə, demək olmaz ki, orada ən əlverişli rejim idi, amma insanlar yaşayırdılar, öz dini borclarını yerinə yetirirdilər. Patriarxlıqlar, kilsələr mövcud idi", - deyə Moskvanın və Bütün Rusiyanın Patriarxı bildirib.
“Bütün dünyada qondarma “erməni soyqırımı”nı əlində bayraq edənlərə...”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Rusiya Patriarxı Kirilin çıxışı kifayət qədər ədalətli və həqiqəti ifadə edən bir çıxışdır. Bunun saxta “erməni genosidi”ni əlində bayraq edənlərə sərt bir zərbə olduğunu deyən Q.Hacıyevin sözlərinə görə, Rusiya Patriarxı Kirilin bu mövqeyi başqalarına da bir örnək olmalıdır ki, saxta “genosid”i tanımasınlar. “Rusiya Patriarxı Kirilin bu yanaşması həqiqətən də ədalətli və düzgün bir yanaşmadır, onun fikirləri tamamilə doğrudur. Bakıdakı xristian kilsəsinin rəhbərliyinin, eyni zamanda da bütün Rusiya Patriarxının açıqlamalarına qulaq asanda deyirsən ki, əsl din xadimi bu cür ədalətli mövqe tutmalıdır. Hələ bu günə qədər də o nə irticanın, nə işğalın, nə də zülmün yanında olub, həmişə ədalətə dəstək verib. Mən bunu belə bilirəm. Mən ona görə də həmişə deyirəm ki, ermənilərin sahib olduğu Qriqoryan xristianlığı xristianlığın o biri qolları ilə qətiyyən uyğunluq təşkil etmir. Yaranan gündən indiyə kimi qriqoryanlar hiyləgərlik, məkr, saxtakarlıq, kəmfürsətlik, başqalarına qarşı nifrət hissi aşılayan bir siyasət aparıblar. Kirilin Osmanlıda xristian azılıqlara qarşı heç qətliam, soyqırım, məhvetmə baş vermədiyini deməsi bütün dünyada qondarma “erməni soyqırımı”nı əlində bayraq edənlərə tutarlı bir şillə oldu. Bunu biz deyəndə deyirlər ki, türkdür, müsəlmandır, tərəf tuta bilər və sair. Amma bunu xristian dinində ali məqam tutan bir din xadimi deyir, əlbəttə ki, Patriarx Kiril tarixi də yaxşı bilir, ermənilərin xislətinə də yaxşı bələddir”.
Q.Hacıyevin sözlərinə görə, qondarma “erməni soyqırımı”nı inkar edən saysız fakt var ki, bunlar arxivlərdə saxlanır və kilsələrin arxivlərində də 1915-ci ildə Osmanlıda nə baş verib-vermədiyi orada detallı şəkildə əks olunub, o sənədlər din xadimlərinə də yaxşı məlumdur. “İndiki dövrdə Patriarx Kirilin həqiqəti etiraf etməsi çox vacib idi və dünya həqiqəti mötəbər xristian bir din xadiminin dilindən eşitdi. Co Baydenin ədalətsiz, haqsız mövqeyinə zərbə vuran bir mövqe ortaya qoyub. Burada bir incə məqam da var, Patriarx Kirilin ədalətli mövqeyi erməni tarixçilərinin, din xadimlərinin, siyasi rəhbərlərinin, erməni lobbisinin indiyə qədər uydurub tirajladığı uydurma “genosid” iddiasını tamamilə iflasa uğratdı. Ömrü boyu müxtəlif xalqların və dövlətlərin yedəyində gedən ermənilər başqalarının əlində alət olub, qriqoryanlığın özü də bir alətdir ki, kim istəyir, ondan istifadə edir. Ondan fərqli olaraq, pravoslavlar və katoliklər isə o mövqeyi tutmaz, tutmur da, yeri gələndə ədaləti dəstəkləyirlər. Arxivlər də açılarsa, erməni yalanları tamamilə ifşa olunacaq. Hesab edirəm ki, arxivlərin açılması ilə bağlı beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər Ermənistana təzyiq göstərməlidirlər. Son zamanlar Qərb alimlərinin də açıqlamaları onu göstərir ki, arxivlər açılarsa, o dövrdə Osmanlıda ermənilərə qarşı genosid törədilmədiyi aydın olacaq.
Patriarx Kirilin fikrinin böyük tarixi, siyasi mənası var və o, “erməni genosidi”ni inkar etməklə gerçək xristian din adamlarının ermənilərlə bir yerdə olmadıqlarını bəyan edib.
İradə SARIYEVA