Dünyada təhlükəsizlik təhdidlərinin artdığı bir vaxtda müxtəlif ölkələrin hərbi xərclərinin miqdarını çoxaltması müşahidə edilir. Hər halda, Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunin (SIPRI) son hesabatı da bunu göstərir. SIPRI koronavirus pandemiyasının dünyada hərbi xərclərə böyük təsir göstərmədiyini qeyd edir. Ötən il hərbi xərclər 2019-cu illə müqayisədə 2.6 faiz artıb.
Qlobal miqyasda hərbi xərclər 1.9 trilyon dollar yüksəlib. Çili və Cənubi Koreya kimi ölkələr isə hərbiyə xərcləməyi planlaşdırdıqları vəsaitin bir hissəsini pandemiya ilə mübarizəyə yönəldiblər. Braziliya və Rusiyanın büdcədə nəzərdə tutulduğundan daha az vəsaiti orduya yönəltdiyi vurğulanır. Hesabatın müəlliflərindən biri Dieqo Lopes da Silva 2020-ci ildə baş verənlərin gözlənilməz olduğunu bildirir: “Kimsə düşünə bilərdi ki, pandemiyaya görə hərbi xərclər azalacaq? Görək ölkələr pandemiyanın ikinci ilində hərbi xərcləri bu səviyyədə saxlaya biləcəklərmi...” 2020-ci ildə hərbi xərclərə görə öndə gedən beş ölkə Birləşmiş Ştatlar, Çin, Hindistan, Rusiya və Britaniya olub. Onlar qlobal hərbi xərclərin 62 faizi qədər vəsaiti orduya yönəldiblər. ABŞ-da hərbi xərclər 778 milyard dollar olub ki, bu da 2019-cu illə müqayisədə 4.4 faiz artım deməkdir. Birləşmiş Ştatlar 2020-ci ildə qlobal hərbi xərclərin 39 faizini əhatələyib. Artıq üçüncü ildir ABŞ-da hərbi xərclər artır. SIPRI-nın tədqiqatçısı Aleksandra Marksteyner qeyd edir ki, ABŞ-ın hərbi xərclərində artım əsasən ölkənin nüvə arsenalının modernləşdirilməsi kimi uzunmüddətli layihələrin tədqiqatı və inkişafına sərmayələrlə bağlıdır. Onun sözlərinə görə, bu, həm də Çin və Rusiya kimi strateji rəqiblər tərəfindən hiss olunan təhdidlə əlaqədardır. Çin isə hərbi xərclərə görə dünyada ikinci yerdədir. Çinin ötənilki hərbi xərclərinin 252 milyard dollar, 2019-cu ildən 1.9 faiz çox olduğu bildirilir. Hindistanın hərbi xərcləri 72.9 milyard, Rusiyanınkı 61.7 milyard dollar olub. SIPRI 2020-ci ildə NATO üzvlərinin hamısında hərbi yükün artdığını qeyd edir. Alyansın 12 üzvü ÜDM-nin 2 faizini, yaxud ondan artığını hərbiyə xərcləyib və bununla da qurumun tətbiq etdiyi xərcləmə hədəfinə çatıb.
SIPRI bildirir ki, 2020-ci ildə Azərbaycan hərbi xərcləri 17 faiz artırıb və bu, Şərqi Avropa ölkələri içində ən böyük artım sayılır. Artım, əsasən Ermənistanla 44 günlük müharibə ilə bağlıdır. Ermənistanın hərbi xərcləri ötən il 2.6 faiz azalıb. Azərbaycan isə hesabatda dünyada hərbi xərc yükü böyük olan 10 ölkə sırasında yer alıb, ÜDM-nin 5.4 faizini orduya xərcləyib. Ermənistanda bu göstərici 4.9 faiz, Rusiyada 4.3 faizdir. Amma ən böyük artım Omanda qeydə alınıb. Oman ÜDM-nin 11 faizini orduya xərcləyib. Ölkəmizə gəlincə, yuxarıda qeyd edildiyi kimi, artım əsasən 44 günlük müharibə ilə bağlıdır. Amma Azərbaycan postmüharibə dövründə yaranmış vəziyyət və təhlükəsizliklə də bağlı hərbi xərcləri azaltmağı düşünmür. Ölkəmizdə 2021-ci ilin dövlət büdcəsində ölkənin müdafiə və milli təhlükəsizliyi üçün 4,58 milyard manat və ya 2,7 milyard dollar ayrılacaq. Bu, ötən illin hərbi xərclərindən 782 milyon manat və ya 460 milyon dollar, yəni 20,5 faiz çoxdur. Ötən ilin hərbi xərcləri dövlət büdcəsinin ümumi xərclərinin 13,8 faizini təşkil edirdi. Bu il isə bu rəqəm 18 faizdən bir qədər artıqdır. 2021-ci ilin dövlət büdcəsində müdafiə xərclərinin 5 istiqamətdə xərclənəcəyi qeyd olunub. Müdafiə qüvvələrinə ayrılan xərclər 15,8 faiz, milli təhlükəsizliyə ayrılan xərclər 6,6 faiz, sərhəd xidmətinə ayrılan xərclər 0,9 faiz, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün ayrılan xərclər 2,6 faiz, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün isə əvvəlki illə müqayisədə 31,2 faiz artırılıb. Ermənistan cari ildə ordusuna 312 milyard dram və ya 597 milyon dollar ayıracaq. Müdafiə sahəsindəki xərclər 2020-ci ilə nisbətən cəmi 1,3 faiz artıb. Ən diqqətçəkən məqam odur ki, müdafiə xərcləri sosial təminat və dövlət idarəetməsi xərclərindən sonra üçüncü yerdədir. Başqa sözlə, Ermənistanda dövlət borcunun idarə edilməsi və dövlət aparatının qorunmasını özündə cəmləşdirən dövlət idarəçiliyinə müdafiədən daha çox pul ayrılıb. Bütün hallarda, aparılan müqayisələr o qənaətə gəlməyə əsas verir ki, Ermənistan ötən ilə nisbətən hərbi xərcləri artırsa da, Azərbaycanla ayaqlaşmaq gücündə deyil. Ən azı ona görə ki, Azərbaycanın müdafiə məqsədli xərcləri Ermənistanla müqayisədə təxminən 4,5 dəfədən artıq olacaq. Ümumiyyətlə, müharibənin və pandemiyanın Ermənistan iqtisadiyyatına vurduğu zərər cari il üçün iqtisadi artım perspektivləri vəd etmir. Bununla yanaşı, pandemiyanın hələ də davam etməsi iqtisadi bərpa prosesini əsaslı şəkildə ləngidəcək. Bu amillər isə büdcə proqnozlarının etibarlılığını da şübhə altına alır. Onu da bildirək ki, Ermənistanın hərbi büdcəsinin qismən artımı belə, bu ölkənin özündə də narazılıqla qarşılanır. İnsanları səfalət içində yaşayan ölkənin hökumətinin bu qərarı həm də anlaşılmaz hal sayılır. Azərbaycanda isə vəziyyət tamam fərqlidir. Ölkənin həm hərbi büdcəsinin artımı əhali tərəfindən razılıqla qarşılanır, həm də bu, dügər xərclərin azaldılması hesabına baş vermir.
Tahir TAĞIYEV