ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı səsləndirdiyi fikirlər tarixi gerçəkliklərdən tamamilə uzaq olmaqla yanaşı, geosiyasi müstəvidə də bir sıra mühüm yeniliklərə yol açmaq iqtidarındadır. Bu məsələ, ekspertlərin fikrincə, ABŞ-ın Yaxın Şərq, posrsovet məkanında geosiyasi mövqelərinin zəifləməsinə rəvac verəcək. Çünki bu yerlərdə güclü mövqe sahibi olmaq üçün ABŞ-ın Türkiyəyə ehtiyacı var. Amma Baydenin məlum açıqlaması iki ölkə arasında münasibətlərə ciddi zərbə vurur.
Qeyd edək ki, Bayden 1981-ci ildə 1915-ci ildə yaşananları "soyqırım" adlandıran Ronald Reyqandan sonra "soyqırım" kəlməsini işlədən ikinci ABŞ prezidenti kimi tarixə düşüb. Ermənistan rəsmiləri, erməni lobbisi Baydenin açıqlamasını məmnuniyətlə qarşılayır. Ankara isə məsələyə sərt münasibət sərgiləyib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məsələ ilə bağlı verdiyi açıqlamada deyib: "Tariximiz haqqında kimsədən dərs alacaq deyilik. Siyasi fürsətcillik sülh və ədalətə qarşı ən böyük xəyanətdir. Başdan-ayağa populizm olan bu açıqlamanı tamamilə rədd edirik". Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məsələyə daha təmkinli reaksiya verib. Türkiyə lideri qeyd edib ki, tarixi hadisələri siyasiləşdirmək Ankaraya təzyiq etməyə yardımçı olmayacaq. Bundan dərhal sonra isə Türkiyə prezidenti azərbaycanlı həmkarı İlham Əliyevlə telefonla danışıb. İlham Əliyevin məsələyə reaksiyası birmənalı olub. O bildirib ki, Azərbaycan Baydenin bəyanatını qəbuledilməz sayır və bu, tarixi səhvdir. Azərbaycan Xarici İşlər Nazirliyi də də analoji mövqe nümayiş etdirib. Qurumun rəhbəri Ceyhun Bayramov əvvəlcə bəyanatında, sonra isə türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə söhbətində bəzi ölkə rəhbərlərinin 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdlərini yolverilməz adlandırıb. Nazir qeyd edib ki, ABŞ prezidentinin sözləri tarixi həqiqətlərin təhrif olunmasıdır.
Azərbaycan və Türkiyə, görünür, bundan sonra da erməni saxtakarlığına, yalanlarına qarşı birgə mübarizə aparmalı olacaq. Amma məsələnin digər tərəfləri də var. Məsələn, rus ekspert Aleksandra Zuyeva xatırladır ki, Ankara xüsusilə İrəvana 1915-ci il arxivlərini açmağı və hadisələrin araşdırılması üçün birgə komissiyanın yaradılmasını təklif edib. Ermənistan indiyədək bu çağırışa reaksiya verməyib: “Türkiyə 106 il boyunca bir mövqedə idi ki, ölkə tarixində ermənilərə qarşı heç bir soyqırım olmayıb və dəfələrlə 1915-ci il hadisələrinin araşdırılmasına dəvət etmişdi. İndi bir çox ekspertlərin fikrincə, arxiv məsələsi ilə bağlı situasiya gözlənilmədən Türkiyənin xeyrinə dəyişə bilər. İş burasındadır ki, Bayden “soyqırım” sözünü işlədərkən, Türkiyə tərəfinin rəyinə görə, Ankaraya şər atıb. Və Ankara bununla bağlı Amerika məhkəməsində iddia qaldıra bilər. Məhkəmə də bunun böhtan, yaxud da həqiqət olduğuna qərar verməlidir. Araşdırma üçün türklər öz arxivlərini açacaqlar, deməli, Ermənistan da eyni addımı atmalı olacaq. Türkiyənin belə bir təşəbbüs göstərib-göstərməyəcəyi hələ məlum deyil. Ancaq bir şey aydındır: Baydenin bəyanatı geosiyasi gedişdir, “ermənilərin soyqırımı” isə ABŞ-Türkiyə münasibətlərində alqı-satqı alətindən başqa bir şey deyil”.
Burada ekspertlər diqqəti ona da yönəldir ki, Bayden tərəfindən səsləndirilən və son dərəcə diqqətlə yazıldığı güman edilən mətnlə bağlı bir sıra maraqlı məqamlar görünməkdədir. Yəni Bayden 24 aprel 1915-ci hadisələrini "soyqırım" adlandırsa da, bu tarixi hadisəni Türkiyə və ya türk milləti ilə əlaqələndirməməyə çalışıb. Mətndə Türkiyə və ya türk xalqına bir istinad yoxdur. Keçmişdəkindən fərqli olaraq, bu dəfə Türkiyə-Ermənistan münasibətlərinə istinad edilməməsi Baydenin açıqlamasını mövcud beynəlxalq münasibətlər müstəvisindən çıxararaq tarixi hadisənin şərhi dərəcəsinə endirib. Baydenin, Ermənistan xalqından daha çox, 1915-ci il hadisələrindən sonra ABŞ-a gəlib yeni həyata başlayan Amerika ermənilərinə müraciət etməsi bu dəyərləndirməni gücləndirib. Ankara üçün digər vacib amil Baydenin "Bunu ittiham etmək üçün deyil, təkrarlanmasının qarşısını almaq üçün edirik" ifadəsini işlətməsidir. ABŞ prezidentinin Türkiyəyə qarşı istifadə etdiyi "soyqırım" ifadəsinin yeni hüquqi problemlər yarada biləcəyi, xüsusilə təzminat iddiasını qaldıra biləcəyi qeyd olunurdu. Amma Baydenin "ittiham yönəltmək niyyətində olmadığını" söyləməsi Vaşinqtonun Türkiyəyə qarşı işlərə dəstək verməyəcəyi mesajı kimi qəbul edilib. Əvəzində Türkiyə tərəfi ABŞ-ın böhtanına görə məhkəməyə üz tuta bilər. Təbii ki, Amerika məhkəməsi də mütləq arxivlərin, o cümlədən Bostonda saxlanan və qatı heç zaman açılmamış “Daşnaksütyun” arxivlərinin açılmasında israr edə bilər. Və beləliklə aydın olacaq ki, öz bəyanatı ilə Bayden, əslində ermənilərə də ziyan vurub. ABŞ-a da bunun ziyanı, yuxarıda qeyd olunduğu kimi, çoxdur. Ekspertlər bildirir ki, hazırkı çətin şəraitdə Amerika Yaxın Şərq, posrsovet məkanında siyasətində Türkiyəyə söykənməli idi. Belə ki, ABŞ-ın bir dövlət kimi statusu, xüsusilə Yaxın Şərqdə və İslam aləmində zəifləyir, bu boşluqları isə Türkiyə uğurla doldura bilərdi. Ancaq amerikalılar belə etmədilər. İndi bu boşluqları Rusiya doldura bilər, bu isə son nəticədə yenə də Türkiyə ilə qarşılıqlı fəaliyyətə gətirib çılxaracaq. Amma artıq ABŞ-ın maraqları burada nəzərə alınmayacaq. Təbii ki, bunun əziyyətini ABŞ hələ uzun müddət çəkəcək. Türkiyəli politoloq Engin Özer qeyd edir ki, Baydenin qondarma “soyqırımı” tanıması mahiyyətcə heç nəyi ifadə etmir: “Türkiyə bundan heç cür ziyan görmədi. Ancaq digər tərəfdən bu, ABŞ-ın Türkiyə ilə münasibətləri korlamağa hazır olduğuna dair bir siqnaldır. İş burasındadır ki, son illər Türkiyə Çin və Rusiya ilə aktiv əməkdaşlığa başlayıb. Hazırda Türkiyə Çinin regionda strateji partnyoru və “Bir kəmər – bir yol” təşəbbüsünün ən vacib oyunçularındandır. Qarabağdakı situasiyanın dəyişməsindən sonra isə Ankara Moskva ilə də yaxınlaşdı. Təbii ki, bütün bunlar amerikalıların xoşuna gəlmir və onlar öz narazılıqlarını qondarma “soyqırımı” tanımaq yoluyla da ifadə edirlər. Ancaq belə görünür ki, əks effekt alındı. Baydenin bəyanatı yalnız Türkiyənin Avrasiyaya inteqrasiyasını sürətləndirəcək”.
Samirə SƏFƏROVA