ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar aprelin 24-də verdiyi bəyanatın heç bir elmi və hüquqi əsası olmadığı hər kəsə aydındır.
Bayden hələ seçki təbliğatı zamanı bəyan etmişdi ki, Prezident seçiləcəyi təqdirdə 1915-ci ildə Anadoluda baş vermiş hadisələrin “soyqırım” kimi tanınması haqqında qətnaməni dəstəkləyəcəkdir. 24 aprel tarixli çıxışında 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandıran Bayden, Osmanlı dövründəki “erməni soyqırımı” zamanı ölənlərin hamısının xatirəsini yad etdiyini bildirsə də, 1915-1921 hadisələri zamanı Anadoluda və Qafqazda qətlə yetirilmiş yüz minlərlə türk və azərbaycanlı haqqında bir kəlmə söz demədi, heç bir fikir səsləndirmədi. Qeyd edim ki, ABŞ-da qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı başlanmış məkrli kampaniyanın 30 ildən artıq tarixi var. 1978-ci ildə ilk dəfə sabiq ABŞ prezidenti Cimmi Karter 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisələrlə bağlı çıxış edib. Bill Klintonun prezidentliyi (1993-2001-ci illər) dövründən isə bu, hər il aprelin 24-də təkrarlanan “ənənəyə” çevrilibdir. Konqresə qədər qondarma “erməni soyqırımı”nın ABŞ-ın 42 ştatında tanınmasını da vurğulamaq lazımdır. ABŞ-ın hazırki ölkə başçısının ikili standartlara əsaslanan siyasəti erməni və onun havadarlarını ümumilikdə xristianları türklərə qarşı düşmən etməkdən ibarətdir. Lakin onun populizmə söykənən bu açıqlamasının heç bir hüquqi davamı olmayacaqdır. Çünki qondarma "soyqırım" la bağlı səslənən yalan bəyanat Türkiyə eləcə də Azərbaycan tərəfindən birmənalı şəkildə rədd edilməkdə və qətiyyətlə pislənməkdədir. C. Bayden istədiyi açıqlamanı verməkdə sərbəstdir. Onun söylədiyi heç bir elmi, hüquqi əsası olmayan bəyanatlar bütün dünyaya gün kimi aydın olan tarixi dəyişdirə bilməz. Tarixi faktlara söykənməyən açıqlamalara kimsə inanmaz. XX əsrin əvvəllərində Osmanlıda ermənilərin kütləvi ölümünü "soyqırım" adlandıran ABŞ prezidenti görünür erməni lobbisinin güclü təsiri altıındadır. Bu saxta bəyanatla o ermənilərə dəstəyini və sevgisini nümayiş etdirmiş oldu. Dünya xalqlarını bu cür yalan məlumatlarla aldadan, dövlətləri bir-birinə düşmən etməyə cəhd edən bir dövlətin ATƏT-in Minsk qrupunun həmsədri olmasını da heç doğru hesab etmirəm. Türk dövlətlərinə düşmən olan bir həmsədr heç vaxt ədalətli qərarlar verə bilməz. Sülh insanı və insan hüquqlarının müdafiəçisi olmayan şəxs ədalətsiz qərarları ilə regionda sülh deyil, ancaq qarşıdurmalara səbəb ola bilər. Baydenin bu qərəzli açıqlaması nəinki indiki nəsilləri hətta gələcək nəsilləri də bir-birinə düşmən etməyə çağırır. “Biz hər il bu gündə Osmanlı dövründə ermənilərin soyqırımı zamanı ölənlərin xatirələrini yad edirik və bu cür vəhşiliyin bir daha təkrarlanmasının qarşısını almaq üçün üzərimizə öhdəlik götürürük” deyən Bayden görəsən niyə ermənilərin türk millətinə qarşı törətdikləri soyqrımlardan da danışmır?! Onun məqsədi erməniləri dünyaya türk millətinin qurbanı kimi göstərməkdir. Tarixi həqiqətləri təhrif edən, saxtalaşdıran bir dövlət başçısının siyasəti heç vaxt uğurlu sayıla bilməz. C.Bayden sülh insanı olsaydı, XX əsrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi hallarını, erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlar haqqında, eləcə də 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqrımına da münasibət bildirib, bütün soyqrımı qurbanlarının hamısının xatirəsini yad etdiyini bildirsəydi, o zaman onun nüfuzu dünya ölkələri arasında birə min artardı. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, C.Baydenin qərəzli mövqeyi, məkrli siyasəti hələ çox dövlətləri biri-birinə düşmən edəcəkdir. Bu gün ABŞ-ın hədəfi Türkiyədirsə, sabah Azərbaycan olacaqdır. Bir qardaşla düşmənçilik aparıb digər qardaşla dostluq etmək qeyri-mümkündür. Türkiyə ilə bir millət iki dövlət olduğumuz üçün onun haqqında səsləndirilən mənfi və ya müsbət fikirlər bizi yaxından maraqlandırır. Biz Türkiyənin maraqlarını öz milli maraqlarımız kimi qoruyuruq. Bizim dostluğumuz, qardaşlığımız əbədidir. Qardaşımızı hər zaman müdafiə etmək isə bizim təbii haqqımızdır. Lamiyə İsazadə, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İB-nin sədri.