Məlum olduğu kimi, ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələri ilə bağlı bəyanatında "soyqırım" sözünü işlədib. Bu barədə Ağ Evin saytında məlumat yer alıb. Məlumat üçün bildirək ki, Co Bayden qondarma “erməni soyqırımı” ifadəsini işlədən ilk ABŞ prezidentidir.
Onu da qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə tarixində ermənilərə qarşı heç bir soyqırım olmayıb. 1915-ci il hadisələrinin araşdırılmasına ehtiyac var.
Türkiyə Ermənistanı 1915-ci il arxivlərini açmağa və hadisələri araşdırmaq üçün birgə komissiya yaratmağa çağırıb. Lakin Ermənistan Türkiyənin bu təklifinə hələ də cavab verməyib.
Baydenin məlum ifadəsi ölkə ictimaiyyətinin narazılığına səbəb olub.
“Amerika ...Ermənistanın cinayət əməllərini dəstəkləməyi üstün tutdu”
Millət vəkili Rüfət Quliyev bildirir ki, ABŞ prezidenti bu ifadəni işlətməklə açıq və aydın şəkildə beynəlxalq hüququ, ədaləti, pozub. ABŞ prezidenti 100 ildən çox bundan öncə baş verən hadisədə Türkiyəni günahlandırır: “Erməni şovinistləri və onlara hamilik edənlər artıq bir əsrdir dünyanı inandırmaq istəyirlər ki, guya 1915-ci ildə Osmanlı ərazisində “erməni xalqına qarşı dövlət səviyyəsində soyqırımı” törədilib. Ermənilərin dünyaya “genosid” kimi car çəkdikləri hadisə 1915-ci ildə, Birinci Dünya müharibəsi illərində baş verib. Məlumdur ki, Osmanlı imperiyasının torpaqlarını bölüşdürmək, Türkiyəni bir dövlət kimi məhv etmək istəyən dövlətlər Türkiyə ərazisində yaşayan ermənilərdən istifadə edirdilər. 1914–cü il oktyabrın 29–da Rusiya Türkiyəyə müharibə elan etdi. Belə bir vaxtda Türkiyə ərazisində yaşayan ermənilər böyük bir ordu yaradıb Rusiyanın köməyi ilə silahlandılar və hər yerdə türkləri qırmağa başladılar.
Erməni silahlı dəstələri türkləri qəddarcasına doğrayır, tonqallarda yandırır, gözlərini çıxarır, başlarının dərisini soyur, körpələri nizəyə keçirirdilər. Ermənilərin bu vandalizmi nətisində 600 min türk öldürüldü”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ermənilər 1992-ci ildə bütün dünyanın gözü önündə Xocalı soyqırımını törədiblər: “Co Bayden "soyqırım" ifadəsi işlətməkdən öncə, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım ifadəsini yadına salsın və ifadə etsin. Amerika bölgədə sülhü və əməkdaşlığı dəstəkləmək əvəzinə, Ermənistanın cinayət əməllərini dəstəkləməyi üstün tutdu. Bu gün bölgədə əməkdaşlıqlarla bağlı geniş müzakirələrin aparıldığı bir vaxtda belə bir addımın atılması anlaşılan deyil. Məlumdur ki, Azərbaycan və Türkiyə bütün ümummilli məsələlərdə bir-birilərini dəstəkləyiblər”.
Günel CƏLİLOVA