Məşhur araşdırmaçı Tomas de Vaalın xarici mediaya müsahibəsində ermənilərin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törətdikləri qırğınlarla bağlı arxiv məlumatların ABŞ-da gizlədildiyinə dair məqam ortaya çıxıb.
Müsahibədə araşdırmaçı bununla bağlı olduqca diqqətçəkən məqamları qabardıb: “Bu kontekstdə Ermənistan tərəfindən bir konkret problem var, Uotertauna arxivləri (Bostonun kənarı, orada sağ qalan ermənilərin törəmələri yaşayırlar). Mən 1918-1920-ci illərdə Birinci Ermənistan Respublikasında “Daşnaksütyun” partiyasının formalaşdırdığı hökumətin arxivinin saxlandığı həmin binada olmuşam. Bu arxivlər zirzəmidə yerləşir və çox insanın ora çıxışı var. Bu arxivlərdə şübhəsiz ki, çox informasiya var. Amma, böyük ehtimalla, türklərlə bağlı yox, 1919-1920-ci illərdə Birinci Ermənistan Respublikasında azərbaycanlı icmaya, şiə icmasına qarşı qəddar münasibət haqqında. Onların çoxu Ermənistandakı kəndlərdən qovulub, bəziləri qətlə yetirilib və bu da erməni cəmiyyətində “Osmanlı ermənilərinə görə qisas” hesab edilirdi. Düşünürəm ki, qaranlıq sirlər var – amma 1915-ci il dövründən daha çox 1919-1920-ci illər haqqında. Ola bilər ki, bizim heç nə bilmədiyimiz bir çox başqa maraqlı məlumat da var”.
Belə məlum olur ki, ABŞ-dakı sözügedən arxivdəki məlumatlar araşdırılsa, bir zamanlar Qərbi Azərbaycanda ermənilərin törətdikləri soyqırımlar beynəlxalq ictimaiyyətə məlum olacaq. O baxımdan, ermənilərin əsl simalarının ifşa edilməsi üçün həmin arxiv materiallarının ortaya çıxarılması çox vacibdir.
“Uotertauna arxivləri açılsa və araşdırılsa, “Daşnaksütyun” partiyasının Qafqazda törətdiyi çoxsaylı cinayət ortaya çıxacaq”
Məsələyə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, professor Qasım Hacıyevin sözlərinə görə, həmin arxiv materialları üzə çıxarılsa, o zaman bu, daşnakların törətdikləri cinayətlərin ifşası baxımından faydalı olacaq: “Daşnaksütyun” partiyası nəinki Türkiyə və Azərbaycanda, hətta Orta Asiya ölkələrində də türklərə qarşı soyqırımlar törədib. Harada türk mənşəli millət varsa, ermənilər onlara qarşı qətliamlar törədiblər. Bu baxımdan, Tomas de Vaalın Uotertauna arxivləri barədə danışdıqlarına diqqətlə yanaşmaq lazımdır. Qərbi Azərbaycan ərazilərində ermənilər o vaxt çoxsaylı qətliam törədiblər. O vaxt ABŞ-ın Qafqazdakı nümayəndəsi Bristol öz dövlətinə məktub yazırdı ki, Birləşmiş Ştatlardan göndərilən pullar ermənilərin yaşayışına sərf edilmir. Əslində, ermənilər silah alıb ətrafdakı insanları qırırlar. Bax, bu kimi məlumatlar var. Ancaq inanın ki, Bostondakı Uotertauna arxivləri açılsa və araşdırılsa, “Daşnaksütyun” partiyasının Qafqazda törətdiyi çoxsaylı cinayət ortaya çıxacaq. Hətta gürcü yazıçısı Qaribi yazır ki, “Daşnaksütyun” partiyası gələndən sonra Qafqazın bütün dincliyi pozuldu. Bu, 1907-ci ildə yazılmış əsərdir. Bununla belə, “Daşnaksütyun” partiyasının necə bir vəhşi terrorist təşkilat olması öz nizamnaməsində də var. Mən özüm Vanda, Sivasda ermənilərin törətdikləri qırğınlarla bağlı toplu məzarları görmüşəm. Ermənilər nəinki Anadoluda, Cənubi Azərbaycanda da soyqırımlar törədiblər. Çünki Rusiya Birinci Dünya müharibəsindən çıxandan sonra silahlarını ermənilərə verdi. Həmin silahlar hesabına ermənilər Qafqazda qırğınlar törətdilər. Çox güman ki, bununla bağlı məlumatlar Uotertauna arxivlərində var. Ona görə də ermənilər həmin arxiv məlumatlarının üzə çıxmasına mane olurlar”.
Professor onu da qeyd etdi ki, biz həmin məlumatların üzə çıxması ilə bağlı səylərimizi artırmalıyıq.
Vidadi ORDAHALLI