Azərbaycan Ordusunun ötən il 44 günlük müharibədə əldə etdiyi şanlı qələbə Rusiyadakı ermənipərəst dairələri hələ də rahat buraxmır. Onlar bundan o qədər məyusdurlar ki, 10 noyabr razılaşmasından 5 aydan çox vaxt keçsə də, qəzəbləri soyumur.
Vəziyyət o yerə gəlib çatıb ki, Rusiyada Azərbaycanın qələbəsini həzm edə bilməyən ermənipərəst dairələr diplomatik etiket normalarını da pozaraq açıq təhdidlə çıxış edirlər. MDB ölkələri üzrə Qafqaz İnstitutunun şöbə müdiri, hərbi ekspert, “Lazerev klubu”nun üzvü Vladimir Yevseyev “Sputnik Armeniya”ya müsahibəsində Azərbaycanı hədələyib və Qarabağda Rusiya bayrağının həmişə dalğalanacağından danışıb: “Azərbaycan hakimiyyəti parlaq xəyallarla yaşamağı buraxıb Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə göndərdiyi mesajı diqqətlə dinləməlidir. Burada açıq şəkildə bildirilir ki, kimsə Rusiyanın milli maraqlarını təhdid edərsə, bundan çox peşman olacaqdır. Dağlıq Qarabağdakı erməni əhalisinin mövcudluğu Rusiyanın maraqlarına tamamilə uyğundur”.
Daha sonra bu şərəfsiz bütün etik və diplomatik normaları aşaraq Azərbaycan rəhbərliyini hədəf alıb və hədələyici xarakterli fikirlər səsləndirib: “Allah etməmiş, əgər bircə Rusiya sülhməramlısı yaralansa, Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci ilin avqust təcrübəsini yada salmalı olacaq”.
Görünən odur ki, zaman-zaman erməni lobbisindən bəslənən Yevseyev kimilər düzələn deyil. Eynən Rusiyanın Minsk Qrupundakı keçmiş həmsədri Kazimirov kimi. Ahıl yaşında belə əvvəlki tərzdə Azərbaycanı qaralamaqla məşğuldur.
“Ermənistanın da o cür məğlub olmasını həzm edə bilmədiklərinə görə belə təhdid ritorikası ilə danışırlar”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin sözlərinə görə, belələri Rusiyanın imperiya maraqlarından çıxış edərək bu cür ritorika ilə danışırlar: “Jirinovski də, Zatulin də həmin ritorikada danışırlar. Yevseyev də onlardan biridir. Rusiyada bir sıra dairələr hələ də bizim 44 günlük müharibədə əldə etdiyimiz şanlı qələbəni həzm edə bilmirlər. Xüsusən də Rusiya istehsalı olan hərbi texnikanın necə məhv edildiyini həzm edə bilmirlər. Bununla belə, Ermənistanın da o cür məğlub olmasını həzm edə bilmədiklərinə görə belə təhdid ritorikası ilə danışırlar. Hesab edirəm ki, Yevseyevin nə deməsindən asılı olmayaraq, biz öz işimizdə olmalıyıq. Azad edilən ərazilərdə hərtərəfli möhkəmlənməliyik. Yerdə qalan ərazinin də Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı düşünülmüş şəkildə səylərimizi artırmalıyıq. Ona görə də bu cür təhdid və basqılar olacaq. Azərbaycan şüurlu surətdə dayanmalı və bu təhdidlərə cavab verməlidir. Zatən, Azərbaycan Rusiyanı, bu ölkənin apardığı siyasəti ifşa edir. Rusiyaya yönəlik dünyanın basqısı var. Bu cür imperialist düşüncə ilə Rusiya iqtisadi baxımdan irəli gedə bilmir. Dünyanın 10 şirkəti var ki, onların büdcəsi Rusiya büdcəsindən çoxdur. Bütün hallarda, biz hər şeyə hazır olmalıyıq və Rusiyanın təzyiqlərinə sinə gərməliyik. Eyni zamanda, buna cavab verməliyik”.
Partiya sədri onu da qeyd etdi ki, Rusiya sülhməramlıları öz missiyalarından kənara çıxmağa davam edəcəklərsə, o zaman onların Qarabağdan çıxarılması məsələsi qaldırılmalıdır.
Vidadi ORDAHALLI