Rusiyanın Qərb ölkələri ilə diplomatik müstəvidəki qalmaqalı davam edir. Çexiyanın Xarici işlər naziri Yakub Kulhanek bildirib ki, ölkəsi ilə Rusiya öz səfirliklərində eyni sayda əməkdaş saxlayacaqlar. Çexiya 2014-cü ildə silah deposundakı partlayışda Rusiyanın rolunu iddia edəndən sonra iki ölkənin münasibətləri pisləşib. Bundan bir neçə gün əvvəl isə Praqa Rusiya səfirliyinin 18 əməkdaşını casus olduqlarını deyərək ölkədən çıxarıb. Öz növbəsində Rusiya Çexiyanın ittihamlarını rədd edərək, aprelin 18-də Çexiya səfirliyinin 20 əməkdaşını qovub. Praqa səfirlik əməkdaşlarının işə qayıtması üçün Moskvaya aprelin 22-də günorta 12-dək vaxt vermişdi. Moskva isə ultimatumu “qəbuledilməz” adlandırdı.
Polşa ilə də bu sahədə Rusiyanın qalmaqalı yaşanır. Polşanın Moskvadakı səfiri Kşiştof Krayevski Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Qeyd edək ki, aprelin 15-də Polşa XİN üç rus diplomatının “arzuolunmaz şəxs” (persona non qrata) elan edildiyini açıqlayıb. Daha sonra Rusiya XİN, diplomatlarının qovulmasına cavab olaraq, Moskvanın beş polşalı diplomatı göndərəcəyini bildirib.
Bu arada Latviya və Litva da Rusiya diplomatlarını ölkədən çıxarmağa qərar verib. Latviya XİN başçısı Edqars Rinkevics bildirib ki, Rusiyanın Latviyadakı səfirliyinin bir diplomatı "persona non qrata" elan olunub. Bildirilib ki, bu qərar Latviyanın Çexiya ilə həmrəy olduğunu göstərmək, həm də Rusiya səfirliyinin diplomatının Latviyada etdiyi qanun pozuntuları ilə əlaqədardır. Litva hökuməti də Çexiya ilə həmrəylik nümayiş etdirmək üçün iki Rusiya diplomatını ölkədən çıxarmaq qərarına gəldiyini bildirib. Bu barədə ölkənin xarici işlər naziri Qabrielus Landsberqis açıqlama verib.
Göründüyü kimi, Rusiya ilə diplomatik savaşa girən ölkələrin sayı artır. Bu proses hara gedir?
“Bu yeni dalğa Rusiyanın daxilindəki siyasi prosesləri də qışışdıra bilər”
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, artıq bu istiqamətdə məsələ ciddiləşir: “Təsadüfi deyil ki, özünə qarşı təzyiqləri neytrallaşdırmaq üçün Rusiya prezidenti Vladimir Putin xarici ölkələrin dost olmayan hərəkətlərinə qarşı təsir tədbirləri haqda fərman imzalayıb. RF hökuməti bu fərmanda göstərilən təsir (əks-təsir) tədbirlərinin tətbiq olunacağı dost olmayan xarici ölkələrin siyahısını hazrılamalıdır. Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında yaranan geosiyasi qarşıdurmanın bu gün Şərqi Avropa, Baltikyanı və Qara dəniz ölkələrində də davam etməsi fonunda rusiyalı diplomatların təmsil olunduqları ölkələrdən geri çağırılması ciddi siyasi böhrandan xəbər verir. Rusiyaya qarşı yönələn diplomatik sanksiyaların kökündə daha çox Ukrayna və Navalnı faktoru dayanır. Bundan başqa, Kanada və Aİ ölkələri ilə yanaşı, bir neçə dövlət də rus doplomatlarını ərazisindən çıxarır. Ümumilikdə 106 rusiyalı diplomat həftə ərzində iş yerini tərk etməlidir.
Qeyd edək ki, diplomatların ölkədən qovulması praktikası Vyana Konvensiyasına uyğun həyata keçirilir. Ölkə ərazisində xarici diplomatın arzuolunmaz şəxs elan olunması 2 səbəbə görə - diplomatik toxunulmazlıq altında casus kimi fəaliyyət göstərməsi və ya fəaliyyətdə olduğu ölkədə cinayət törətdiyi zaman baş verir. Rusiyanın yeganə çıxış yolu öz yersiz ambisiyalarından əl çəkməkdən keçir. Əks təqdirdə təzyiqlər daha da güclənəcək, hətta yeni iqtisadi sanksiyaların tətbiqi də gözlənilir. Bu yeni dalğa Rusiyanın daxilindəki siyasi prosesləri də qışışdıra bilər”.
Politoloqun sözlərinə görə, proses bu şəkildə davam edərsə, Rusiyada hakimiyyət dəyişikliyi və daxili çaxnaşmalarla bağlı proses sürətlənə bilər”.
Məhəmmədəli QƏRİBLİ