Corc Sorosun layihəsi olan Paşinyan bu gün dünyanın gözü qarşısında antidemokratik fəaliyyətlə məşğuldur. İndiyə qədər özünü demokratiyanın carçısı kimi təqdim edən Nikol Paşinyan son günlər ona etiraz edənlərə yönəlik ən sərt vasitələrə əl atır.
Söhbət ondan gedir ki, son günlər Ermənistanda vətəndaş cəmiyyətinə, vətəndaşlara qarşı həyata keçirilən basqılar artıb. Aksiyaların zor gücü ilə dağıdılması, təşkilatçılarının həbs olunması və s. adi hala çevrilib. İkinci Qarabağ müharibəsində ağır məğlubiyyət bu "demokratiyanı" daha da dərinləşdirdi. Ölkənin dörd bir tərəfini bürüyən etiraz aksiyalarında göz yaşlarına belə baxmadan həbslər, fiziki təzyiqlər və təhdidlər törədilir. Səsini çıxaran, başını qaldıran hər kəs polis tərəfindən susdurulur, həbsə atılır və yaxud döyülür.
Azərbaycanla sərhəddə yerləşən Sünik vilayətinə gedən Paşinyanı Mehridə etirazçılar qarşıladılar. Onun kortejinin qarşısı kəsildi. Onlar "Satqın Nikol" kimi şüarlar səsləndirərək onun şəhəri tərk etməsini tələb etdilər. Aksiyada etirazçılarla N.Paşinyanın tərəfdarları arasında iğtişaş da yaşandı. Nəticədə Paşinyan etiraz aksiyası ilə üzləşdiyi Mehridən qaçmaq məcburiyyətində qaldı. Artıq Mehri şəhərinin meri Mxitar Zakaryan barəsində cinayət işi başlandı. Mer barəsində Ermənistan Cinayət Məcəlləsinin "xuliqanlıq, bir qrup şəxs tərəfindən ictimai asayişin qəsdən pozulması", eləcə də "hökumət nümayəndəsinə qarşı zor tətbiqetmə" maddələri ilə ittiham irəli sürülüb. Ümumilikdə, ən son məlumatlara görə, Ermənistanda onlarla adam həbs edilib. Görünən odur ki, Ermənistanda Sorossayağı demokratiya ölkədə diktaturaya çevrilir. Ancaq, nədənsə, insan haqlarından danışan təşkilatlar, beynəlxalq qurumlar bütün bunları görməzdən gəlirlər. Bənzər hadisələrin çox az bir hissəsi Azərbaycanda baş versəydi, o zaman Sorosdan bəhrələnən təşkilatlar və digər Qərb təsisatları o dəqiqə Azərbaycanı tənqid atəşinə tutardılar. Hesabat dalınca hesabat yayardılar ki, ay aman, Azərbaycanda demokratiya əldən getdi.
“İndi də demokratiyadan danışan Paşinyan etiraz edənlərə divan tutur, amma bunu pisləyən yoxdur”
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun sözlərinə görə, bütün bunlar Qərbin ənənəvi riyakarlığının növbəti bariz nümunəsidir: “Ermənistanda nümayişçilər kütləvi şəkildə qətlə yetirilsə belə, yenə onu görməzdən gələcəklər. Hansı ki, Ermənistan mahiyyət etibarilə terror dövlətidir. Müasir Ermənistanın tarixində dəfələrlə dinc etirazçılar, hakimiyyətə qarşı sərt tənqidi mövqedən çıxış edənlər qətlə yetirilib. Ancaq hər dəfə Avropa ölkələri bunu görməzdən gəliblər. Hətta Ermənistanda Rusiyapərəst qüvvələrin hakimiyyəti dönəmində yaşanan antidemokratik hadisələri Qərb sərt tənqid etməyib. Məsələn, 2008-ci ilin martında prezident seçkiləri ilə əlaqədar İrəvanda etirazçılardan 10 nəfər qətlə yetirildi, yüzlərlə dinc sakin yaralandı. Ancaq Qərb və onun təsisatları bütün bunların müqabilində bir-iki formal xarakterli bəyanatdan o tərəfə keçmədi. İndi də demokratiyadan danışan Paşinyan etiraz edənlərə divan tutur, amma bunu pisləyən yoxdur. Belə olan halda, bir daha onların əsl niyyəti ortaya çıxır”.
Partiya sədri onu da qeyd etdi ki, Qərb hər vasitə ilə Paşinyanın hakimiyyətdə qalmasına çalışır.
Vidadi ORDAHALLI