Son bir neçə gün ərzində Azərbaycan ictimai rəyində iki intim video geniş müzakirələrə səbəb olub. Hər iki videonun personajları tanınmış, ictimai şəxslər olduğu üçün, onların ətrafında müzakirələr hələ də səngimir. Birinci videoda Milli Şura adlı qurumun sədri Cəmil Həsənlinin qızı Günelin hansısa bir şəxslə intim görüntüləri nümayiş olunurdu.
Bu motivdə sosial şəbəkələrdə bir neçə video paylaşıldı. Cəmil Həsənli və onun təmsil olunduğu radikal müxalif cameə videolara görə üzrxahlıq etmədi, əksinə, buna görə iqtidarı qınamağa başladı. Yəni əsl motiv qaldı kənarda, söhbət iqtidarın müxalifətə təzyiqi kontekstinə yönəldildi.
İkinci video isə tam fərqli düşərgənin tanınmış simalarından biri olan sabiq millət vəkili, YAP-ın rayon təşkilatının sədri Hüseynbala Mirələmovla bağlıdır. Həmin videodan görünür ki, Mirələmov öz katibəsinə qarşı kameranının önündə qeyri-etik hərəkətə yol verir. Ancaq Mirələmovun təmsil olunduğu düşərgənin reaksiyası tam fərqli oldu. İlk açıqlama YAP-dan gəldi və həmin hərəkətə görə Mirələmov kəskin qınandı. Onu çalışdığı universitetdəki vəzifəsindən xaric etdilər, hətta YAP-ın onunla bağlı hansısa tənbeh tədbiri görəcəyi də gözlənilir. Ortada iki oxşar hadisə ilə siyasi düşərgələrin tam fərqli mövqeyinin şahidi oluruq. Bu fərqlilikdə kimin reaksiyası daha obyektivdir?
Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, insanların şəxsi həyatına müdaxiləni pisləyir: “Ancaq elə hərəkətlər var ki, onlar artıq şəxsi həyat sayılmır. Hadisə ictimai yerdə, iş başında, özü də tanınmış insan tərəfindən törədilirsə, bunun adı başqadır. İnsan buraxdığı səhvi etiraf edib uzxahlıq edirsə, bu daha ədalətli mövqe sayıla bilər. Səhvin üstünü ört-basdır edib günahı kimdəsə axtarmaq isə, ümumiyyətlə, doğru deyil. Mən həmin videoların heç birinə baxmamışam. Amma bilirəm ki, bununla əlaqəli müzakirələr gedir. Hansısa hadisə baş veribsə, ondan utanc keçirmək gərəkdir. Bu, həm fərdlərə, həm də onların təmsil olunduğu siyasi düşərgəyə aid olan məsələdir. YAP öz tanınmış üzvünün hərəkətini tənqid edirsə, bunu doğru sayıram”.
Lakin partiya sədri hesab edir ki, belə videoların yayılması doğru deyil: “Bu, qanunla da qadağan olunur. Ancaq bu heç də ictimai nüfuzlu şəxslərə əsas vermir ki, kiminlə nə istəyirlərsə etsinlər. Hər bir nüfuzlu şəxs həm də cəmiyyət üçün bir nümunə sayılmalıdır. Onun hərəkətləri ictimai müzakirəyə çıxarılıb tənqid edilirsə, deməli, böyük səhvə yol verib”.
Məhəmmədəli QƏRİBLİ