Azad edilmiş rayonlarımıza, yaşayış məntəqələrimizə dünyanın bir çox ölkəsindən, o cümlədən də Avropa dövlətlərindən səfər edənlərin sayı günü-gündən çoxalır. Erməni vandalizminə məruz qalaraq dağıdılan, viran qoyulan ərazilərimizə Avropa ölkələrindən, xüsusən də ermənipərəstliyi ilə bütün dünyaya səs salan Fransadan nümayəndələrin gəlməsi baş verir.
Bu günlərdə Fransadan olan bir qrup hüquqşünas azad edilən Ağdamda və müharibə dövründə Ermənistan tərəfindən ballistik raketlə vurulan Gəncə şəhərində olub. Təsəvvür edin ki, fransalı hüquqşünaslar da erməni vandalizmindən dəhşətə gəliblər və ermənilərin bu mənfur əməllərinə mütləq şəkildə beynəlxalq hüquq müstəvisində qiymət verilməli olduğunu bəyan ediblər.
“Ağdamda olduğumuz zaman Azərbaycan torpaqlarında dağıntılar törədildiyini, tarixi abidələrin, məsələn, məscidin vandalizmə məruz qaldığını gördük. Azərbaycan beynəlxalq hüquq çərçivəsində ona məxsus olan torpaqlarını geri qaytarıb. Biz vəkilik və bizim üçün əsas məsələ beynəlxalq hüququn bərqərar olmasıdır”.
“Trend”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ağdamda səfərdə olan fransalı hüquqşünas Yasin Yakuti bildirib. Hüquqşünas deyib ki, bir vaxtlar böyük bir şəhər olmuş Ağdamın bu dərəcədə dağıdılmasını görmək dəhşətlidir: “Bu şəhər Dağlıq Qarabağın tərkib hissəsi olmayıb, lakin Ermənistan qüvvələri tərəfindən ilhaq edilmişdi. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət olunmalıdır”.
Fransa vətəndaşlarının azad edilmiş ərazilərimizdə gördükləri dəhşətli vandalizm aktları, bununla bağlı ortaya qoyduqları mövqe ölkələrindəki ermənipərəst mövqeyə təsir edə bilərmi, ən azından, cəmiyyət daxilində?
Ekspertlər hesab edirlər ki, fransız hüquqşünasların Azərbaycanın azad olunmuş ərazilərinə səfər etməsi və erməni vandalizmini öz açıqlamaları ilə ifşa etməsi çoxdan lazım idi. Ekspertlərin sözlərinə görə, fransızların bura səfər etməsi Fransa cəmiyyətində az qala bir əsrdən çoxdur hökm sürən ermənipərəstliyi laxlada bilər. Sadə fransızların həqiqətdən xəbərsiz olduğunu deyən ekspertlərin fikrincə, bu kimi səfərlər Fransada Azərbaycanla bağlı ictimai rəyin dəyişməsinə ciddi təsir edə bilər.
“...ciddi nəticə verəcək”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, xarici ölkələrdən azad olunmuş ərazilərə nümayəndələrin gəlməsi bizim xeyrimizədir, ən azından, erməni vandalizminin ifşasına ciddi təkan verir. “Əlbəttə ki, istənilən xarici ölkə vətəndaşının, özəlliklə də Fransa kimi bir dövlətin vətəndaşlarının bu gerçəkliyi öz gözləri ilə görməsi, dilə gətirməsi, ictimailəşdirməsi işin xeyrinədir. Çünki, istər-istəməz, dünya qərəzlidir, birtərəflidir, xüsusən də bizə münasibətdə Qərb dövlətlərinin, xalqlarının qərəzi bəllidir. O baxımdan, gerçəkləri biz özümüz dilə gətirəndə, dünyaya təqdim edəndə, bir qayda olaraq, iddia edirlər ki, Azərbaycan təktərəfli, öz məqsədlərinə xidmət edən təbliğat aparır, ona görə də bu və ya digər bəhanələrlə bizi eşitməzlikdən gəlirlər. Lakin Fransa vətəndaşlarının gəlib burada bütün gerçəklikləri öz gözləri ilə görməsi, gördükdən sonra “biz bunu gördük və dünyaya göstərəcəyik” deməsi əlbəttə ki, işin xeyrinədir. Biz demirik ki, Azərbaycana münasibətdə kimlərsə tərəf tutsunlar, bizim yanımızda yer alsınlar, biz heç nə istəmirik. Sadəcə, istəyirik ki, gerçəkləri olduğu kimi təqdim etsinlər. Bu baxımdan, fransalı hüquqşünasların gerçəkləri görməsi və gördüklərini olduğu kimi təqdim edəcəyi ilə bağlı danışması, əlbəttə, ümidverici bir gəlişmədir”.
A.Həsrətin sözlərinə görə, bu cür şəxslər xüsusən də 44 günlük Vətən savaşından sonra dünyanın hər tərəfində həqiqətən də gerçəklikləri anlayır və anlatmağa çalışırlar. Bu da Azərbaycanın təbliğata üstünlük vermədiyinin və sadəcə, öz işini quru xəbərçilik üzərində qurmasının nəticəsidir: “Yəni gəlin, görün, bizim təsirimiz olmadan özünüz göstərin, yaxud danışın. Bu da, əlbəttə ki, ədalət hissini itirməmiş insanların vicdanına birbaşa xitab edən davranışdır. Düşünürəm ki, Fransada gerçəkliklərin dilə gətirilməsi baxımından bu səfərdə iştirak edən hüquqşünasların dedikləri ciddi nəticə verəcək” - deyə A.Həsrət qeyd etdi.
İradə SARIYEVA