Son günlər mayın 8-də Azərbaycanın Türkiyə ilə birgə Zəfər paradı keçirməli olduğuna dair təkliflər genişlənir, cəmiyyətin hər bir üzvü hesab edir ki, bu, indiki şəraitdə olduqca vacibdir. İctimaiyyətdə belə bir rəy var ki, Azərbaycan Şuşada geniş parad keçirməlidir və buna tam haqqı var. Şübhəsiz ki, qardaş Türkiyənin bu Zəfər paradında iştirakı birmənalı olaraq arzulanır.
Bildiyimiz kimi, Rusiya Müdafiə Nazirliyi mayın 9-da Faşizm üzərində qələbənin 76-cı ildönümündə Rusiya sülhməramlılarının Xankəndidə hərbi parad keçirəcəyinə dair məlumat yayıb. Belə bir şübhələr var ki, mayın 9-da sülhməramlılarin keçirəcəkləri paradda separatçılar da iştirak edə bilər, bu təhlükə də var. Əslində, separatçıların o paradda iştirakı heç cür qanunauyğun deyil, heç rus sülhməramlılarının özlərinin də Azərbaycan ərazisində parad keçirməyə hüququ yoxdur.
“...bütün xalqımızın arzusudur”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fələsfə doktoru, siyasi icmalçı Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanla Türkiyənin birgə Şuşada Zəfər paradı keçirməsi vacibdir və bu, bütün xalqımızın arzusudur. “Əlbəttə, mayın 8-ə Azərbaycanın Türkiyə ilə birgə Şuşada parad keçirməsi ilə bağlı təkliflər kifayət qədər dəyərli və vacibdir. İctimaiyyətin bu təklifini, bu çağırışını həm Azərbaycan, həm də Türkiyə dövləti dəyərləndirməlidir. 2020-ci ilin 8 noyabr tarixinə qədər 8 may Şuşanın işğal günü idisə, artıq mayın 8-ni Şuşada Zəfər günü kimi qeyd etməyimiz, Şuşanın azadlığının şərəfinə Qələbə paradı keçirməyimiz çox vacibdir. Mayın 8-də Şuşada birgə Zəfər paradı keçirilərsə, bu, Azərbaycanın və Türkiyənin dostlarına yaxşı mənada bir mesaj, düşmənlərinə isə birliklərini, güclərini göstərmək istiqamətində bir mesaj olardı. Ümumiyyətlə, biz çox həssas bir dönəmdə yaşayırıq, Azərbaycan-Türkiyə birliyini daha da gücləndirmək, eyni zamanda da qələbəmizin dəyərini də ortaya qoymaq anlamında mayın 8-də belə bir paradın keçirilməsi mümkündür”.
F.Ələkbərlinin sözlərinə görə, biz görürük ki, Rusiya da faşizm üzərində qələbənin 76-cı ildönümünü nəzərdə tutaraq, Xankəndidə hansısa bir hərbi keçid, parad kimi bir hərbi yürüş keçirmək istəyir. “Bizim buna daha öncə alternativ addım atmağımız, təbii ki, daha anlamlı olardı. Eyni zamanda, rus sülhməramlılarının mayın 9-na planlaşdırdığı parad separatçıların iştirakı ilə keçiriləcəksə, bu yolverilməzdir. Mayın 8-də Türkiyə və Azərbaycan birgə Zəfər paradı təşkil edərsə, bu, əslində, bir sərt reaksiya kimi dəyərləndirilə bilər. Mənə elə gəlir ki, bu anlamda Rusiya da, hər halda, bir nəticə çıxarar və Xankəndidə keçirməyi planlaşdırdıqları paradda onlara yer verməzlər. Biz görürük ki, 10 noyabr bəyanatından, Azərbaycanın böyük ölçüdə qələbəsindən sonra müəyyən siyasi-psixoloji məsələlər gedir. Burada Rusiyanın bəzi addımları, xüsusən də separatçıları dəstəkləyə biləcək addımları diqqəti çəkir, bu da yolverilməzdir”.
F.Ələkbərli qeyd etdi ki, Azərbaycan və Türkiyənin hərbi gücünün, birliyinin örnəklərindən biri kimi Şuşada Zəfər paradının keçirilməsi çox anlamlı olar. F.Ələkbərli ümid edir ki, Azərbaycan və Türkiyə bu məsələni ciddi şəkildə dəyərləndirərək mayın 8-də Şuşada birgə Zəfər paradını keçirməklə bağlı addımlar atacaqlar və bu da bizim üçün çox vacibdir, həm də düşmənlərimizə bir mesaj olardı.
İradə SARIYEVA