Artıq Dağlıq Qarabağ problemi başa çatıb, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Bütün bunlar, öz növbəsində, Cənubi Qafqazda yeni reallıqların yaranması deməkdir. Müharibənin qalibi olan Prezident İlham Əliyev Ermənistanı Azərbaycanın milli maraqlarını tam diktə edən bəyanata imza atmağa məcbur etdi.
Son vaxtlar kommunikasiyaların bərpası istiqamətində fəaliyyət davam edir. Tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsinə mühüm yeniliklər gətirəcək. Müşahidələr göstərir ki, Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın şərtlərini qəbul etməkdən başqa çıxış yolu yoxdur. Bu arada Ermənistanın “168.am” nəşri yazır ki, Paşinyan Sünik səfərində bölgənin qubernatorluq binasındakı görüşdə belə deyib: “Mehri dəhlizini (Zəngəzur dəhlizi) könüllü vermək istəməsək, müharibə yolu ilə alacaqlar”.
Belə görünür ki, Prezident İlham Əliyevin “Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik” açıqlaması ermənilərə ciddi mesaj olub. Ermənistan bunu qəbul etməyin qaçılmaz olduğunun fərqindədir.
“Ermənistan öz öhdəliklərinə əməl etməsə, Azərbaycan beynəlxalq hüququn prinsiplərindən çıxış edərək...”
Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun sözlərinə görə, bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı 10 noyabrda üzərinə götürdüyü öhdəliklərdən qaça bilməyəcək: “Prezident İlham Əliyevin məlum açıqlaması ötən il 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında əldə olunmuş razılığa söykənir. Çünki sözügedən razılaşmada kommunikasiya xətlərinin açılması və Zəngəzur dəhlizinin işə düşməsi öz əksini tapıb. Bu dəhlizin açılması təkcə Azərbaycanın deyil, bölgə dövlətlərinin də iqtisadi maraqlarına cavab verir. Sözügedən dəhlizin işə düşməsi sayəsində Avropadan Türkiyə vasitəsilə Naxçıvandan keçməklə Mərkəzi Asiya və Çin istiqamətində daşınmalar həyata keçiriləcək. Bu tranzit imkanları bölgə dövlətlərinə nəqliyyat dəhlizindən kifayət qədər mənfəət əldə etməyə imkan verəcək. Bütün bunlar isə iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə təkan verəcək. Ona görə də Ermənistanın bunu qəbul etməkdən başqa alternativi yoxdur. Yeri gəlmişkən onu da qeyd edim ki, Atatürkün vaxtilə Naxçıvanı “Turanın qapısı” adlandırması diqqəti cəlb etməyə bilməz. Zəngəzur dəhlizinin açılması Türkiyəyə Azərbaycan və Mərkəzi Asiyaya birbaşa çıxış imkanı əldə etməsinə, bu ölkələr arasında iqtisadi, siyasi və mədəni əlaqələrin güclənməsinə təkan verəcək. Eləcə də Türkiyənin sözügedən bölgələrdə nüfuzunun hiss olunacaq dərəcədə genişlənməsinə imkan yaradacaq. Şübhəsiz ki, Ermənistandakı millətçi dairələr Azərbaycan və Türkiyə arasındakı əlaqələrin güclənməsindən narahatdırlar. Bu baxımdan, Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışacaqlar. Ermənilər elə başa düşməməlidirlər ki, biz 100 il sonra Zəngəzura top-tüfənglə girəcəyik. Söhbət iqtisadi amillərdən, nəqliyyat və kommunikasiyaların açılmasından sonra Azərbaycanın yenidən Zəngəzura qayıtmasından – tarixi ədalətin bərpasından gedir. Ermənistan öz öhdəliklərinə əməl etməsə, Azərbaycan beynəlxalq hüququn prinsiplərindən çıxış edərək onları bunu yerinə yetirməyə sövq edə bilər. Söhbət ondan gedir ki, Zəngəzur dəhlizi Rusiyanın da maraqlarına cavab verdiyi üçün, bu mənada, Kremlin Ermənistana kifayət qədər təzyiq etmək imkanları mövcuddur. Ermənistandakı istiblişment özü də yaxşı başa düşür ki, nəqliyyat dəhlizinin açılması ölkəni iqtisadi blokadadan çıxaracaq. O cümlədən, Türkiyə ilə də münasibətlərin qurulmasına əlavə stimul verəcək. Bu isə Avropa İttifaqı ilə Ermənistanın əlaqələrinin genişlənməsinə şərait yaradacaq. Sadəcə olaraq millətçi qüvvələr bu işə mane olmaq istəyirlər. Seçki yaxınlaşdığı üçün Paşinyan bu məsələdə o qədər də müxalifətin üzərinə getməyə tələsmir”.
Politoloq hesab edir ki, Ermənistanda seçkilərdən sonra Zəngəzur dəhlizinin reallaşması istiqamətində işlər sürətlənəcək.
Vidadi ORDAHALLI