Fransalı hüquqşünaslar Yassine Yakouti və Eliz Arfi Vətən müharibəsi zamanı Ermənistanın Gəncə şəhərində törətdiyi terrorun baş verdiyi ərazidə olublar.
Trend-in Gəncə bürosunun məlumatına görə, yerli rəsmi nümayəndələrin müşayiəti ilə qonaqlar erməni terroru nəticəsində həlak olanların ruhuna hörmət əlaməti olaraq əraziyə güllər düzüblər.
“Biz istərdik ki, ermənilər tərəfindən törədilmiş vəhşiliklər beynəlxalq səviyyədə təqdim edilsin”. Bunu Gəncədə səfərdə olan zaman Eliz Arfi bildirib. Onun sözlərinə görə, Gəncəyə gəlməkdə məqsəd burada baş verənləri canlı görməkdir: "Buraya gəlmişik ki, baş verənləri öz gözlərimizlə görək və təbii ki, öz qiymətimizi verək. İstəyimiz ondan ibarətdir ki, burada baş verən hadisələrlə tanış olduqdan sonra məsələni beynəlxalq səviyyədə tanıdaq. Bizim məqsədimiz hər hansısa hüquqi proseslərə başlanmasına nail olmaqdır".
Fransalı hüquqşünaslar Gəncə şəhərindən öncə işğaldan azad olunan Ağdam rayonunda olublar.