Ermənistan Baş naziri Nikol Paşinyan çərşənbə axşamı günün sonunda Ermənistanın cənubunda yerləşən Sünik vilayətinin (Zəngəzur ərazisində) bir neçə kəndinə baş çəkib və vilayətin mərkəzi şəhəri Qafanda gecələyib.
Son vaxtlar o, belə səfərlər tez-tez edir. Qabaqcadan elan etməyib rayonlara baş çəkir. Müxalifət bu səfərləri vaxtından əvvəl qanunsuz başlanmış seçkiqabağı təşviqat kampaniyası hesab edir. Çərşənbə günü Nikol Paşinyan Qafandan Mehri şəhərinə baş çəkib və burada onu qəzəbli sakinlər fit və təhqirlərlə qarşılayıb. Paşinyanın mühafizəçiləri, xüsusi təyinatlı polis və Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının əhatəsində şəhərin mərkəzidəki meydana çıxmaq cəhdi baş tutmayıb. İzdiham onu "Nikol satqın", "Kapitulyant", "Sən Qarabağı satmısan, indi Süniki satmağa gəlmisən", "Sünik bizim vətənimizdir, onu heç kəsə vermərik" çağırışları ilə qarşılayıb. Paşinyanın tərəfdarları və onu həqarətlə qarşılayanlar arasında toqquşma baş verib, hüquq-mühafizə əməkdaşları onları aralayıb. Bundan sonra Paşinyan şəhəri tərk edib.
Yerli sakinlər Ermənistan hökuməti və şəxsən Baş nazir Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevin sərt açıqlamalarına cavab verməməsindən narazıdır.
Prezident İlham Əliyev bəyan edib ki, Ermənistan istəsə də, istəməsə də Bakı Zəngəzur dəhlizini icra edəcək. Azərbaycan Prezidenti, həmçinin, məsələni güc yolu ilə həll etməyə hazır olduğunu bildirib.
Göründüyü kimi, Azərbaycan artıq tam olaraq Ermənistanın daxili suyasi proseslərinə yön vermək kimi gücə sahibdir. Ermənistan daxilində cərəyan edən proseslərdən bu aydın sezilir. Bu barədə ekspertlər nə düşünür?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İlham Əliyevin nəinki ölkədaxili proseslərə, həmçinin dünyadakı hadisələrə yön verdiyi aydın görünür: “İlham Əliyev şəxsi kefiyyətləri və atdığı addımları ilə dünya siyasətinin mahir bilicisi olduğunu ortaya qoyur. O, Rusiya ilə bağlı siyasətdə özünü çox qətiyyətli aparır. Ermənistanla danışıqlarda isə onlarla layiq olduqları səviyyədə rəftar edir. Son bir neçə proses göstərdi ki, onun verdiyi qətiyyətli açıqlamalar Ermənistanda sözün yaxşı mənasında aləmi bir-birinə qata bilir. Onun Zəngəzurla bağlı açıqlamaları olduqca qətiyyətlidir. İlham Əliyev bu məsələdə çox qətiyyətli və inamlı görünür. Hətta bildirdi ki, lazım olsa, həmin dəhlizi güc yolu ilə açarıq. Bu çox böyük cəsarət və proseslərə sahib olmaq qabiliyyəti tələb edir. Bizim Prezident artıq proseslərin önündə gedərək onlara yön verir. Qiymətli siyasi proqnozlar söyləyir. Təbiidir ki, bütün bu üstünlüklər Ermənistandakı daxili siyasi proseslərə öz təsirini ciddi göstərir. Paşinyanın həmin açıqlamadan sonra dərhal Zəngəzura getməsi və orada kütlənin qəzəbilə qarşılanması bunun əyani sübutudur. Buna görə də, Ermənistanın bizimlə normal şəkildə əlaqələr qurmaq, separatçı meylləri dəstəkləməməkdən başqa bir çarəsi qalmır. Zəngəzur dəhlizi əslində onlar üçün də böyük həyati məna kəsb edir. Sadəcə, daxili proseslərlə bağlı həmin amillə manipulyasiyalar edirlər”.
Məhəmmədəli QƏRİBLİ