Erməni mətbuatı yazır ki, vaxtilə Ermənistan ordusunun generalı dəyərli idi – məzmun baxımından və əlçatmaz yüksəklikdə olan rütbə sayılırdı.
Qeyd olunur ki, artıq bütün bunlardan əsər-əlamət qalmayıb: “Erməni “general” sözü ilə müharibəni, keçdiyi yolu və nəhayət, avtoriteti nəzərdə tuturdu. Ancaq elə vaxt gəldi ki, bu gün erməni üçün general sözü adi bir sözdür. Keçdiyi yol xüsusi deyil, adi anlamda başa düşülür. Hətta bu rütbə özü-özlüyündə haqsız tənqid hədəfinə çevrildi. Bu gün bir general artıq hərbi peşə seçmiş hər kəsin çalışmalı olduğu bir yüksəklik deyil, sadəcə, insanların üstünlük verdiyi bir ad olub. Bu belədir, çünki keçmişdə general zəfərlərinə və vətənə xüsusi xidmətlərinə görə qiymətləndirilirdi. Bu gün isə general adı məğlubiyyətlərlə yanaşı çəkilir”.
Görünən odur ki, Ermənistanda məğlub generalların üzərinə ictimai-media hücumu başlayıb. Mahiyyət ondan ibarətdir ki, vaxtilə onlar Ermənistanda qalib hesab olunub general rütbəsi alıblar. Həmin generallar bu gün məğlub durumdadırlar. Əslində, proses ona doğru gedir ki, Ermənistanda köhnə generalların hamısı bu statusdan məhrum edilməlidir. Çünki onlar ölkəni biabırçı bir duruma gətirib çıxardılar. Baxmayaraq ki general rütbəsi daşıyırlar, amma ölkənin belə ağır duruma düşməyinin məsuliyyətini daşıyanlardan biri elə o generallardır. Ona görə də ölkədə generallara qarşı başlayan bu hərəkat, əslində, sonda onların kütləvi şəkildə general rütbəsindən məhrum edilməsi ilə nəticələnməyə doğru aparır. Bu perspektiv nə dərəcədə mümkündür?
“...onların artıq heç bir dəyəri qalmayıb”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov buna bir neçə prizmadan yanaşdı. Onun fikrincə, 44 günlük müharibə 30 ilə yaxındır uydurulan “qəhrəman erməni ordusu” mifi üzərindən xətt çəkdi: “Bu həqiqətən bir reallıqdır ki, bu gün Ermənistanda erməni generalların 1 qəpik nüfuzu qalmayıb. Bunu görməmək, duymamaq mümkün deyil. Çünki şanlı ordumuz 44 gün ərzində erməni generalları barədə uydurulan əfsanələri yerlə bir etdi. Məlum oldu ki, əslində, bütün bu deyilənlər sabun köpüyüdür. Məsələlərə dərindən yanaşanda biz görürük ki, Birinci Qarabağ müharibəsində Ermənistanın əldə etdiyi uğurun kökündə heç də erməni generallarının “qəhrəmanlığı” dayanmırdı. Hansı ki, illərlə bunu şişirdən erməni cəmiyyəti məsələni fərqli formada təqdim edirdi. Sanki erməni ordusu regionda ən güclü ordudur. O vaxt Rusiya kimi böyük dövlətin birbaşa yardımı ilə ərazilərimiz işğal olundu. Qurulan hərbi strategiya və ərazilərimizin işğal edilməsi rus generallarının sayəsində mümkün oldu. Bütün bunları danmaq mümkün deyil. Ancaq əvəzində Ermənistanda belə bir saxta rəy yaradıldı ki, guya bu, erməni generallarının uğurudur. Hələ mən onu demirəm ki, Birinci Qarabağ müharibəsindən sonra heç bir hərbi təhsili olmayan quldurlara general rütbəsi verildi. Faktiki olaraq, onların professional hərb sahəsi ilə heç bir əlaqəsi yox idi. Onlar, sadəcə, quldur idilər. Ancaq ərazilərimizin, faktiki olaraq, işğal edilməsi bütün bunların üstünü örtdü. O vaxta qədər ki, ötən ilin 27 sentyabrında ordumuz hücuma keçərək vəziyyəti dəyişdi. Məlum oldu ki, erməni generalları barədə deyilənlər, sadəcə, uydurulmuş miflərdir. İndi erməni cəmiyyəti bütün bunların fərqinə varır və ölkədəki generalları məğlubiyyət simvolu kimi xarakterizə edir. Ermənistan generalların poqonlarını sökməyə getməsə də, cəmiyyət artıq onları qəbul etmir. Bu isə o deməkdir ki, onların artıq heç bir dəyəri qalmayıb”.
Partiya funksioneri onu da qeyd etdi ki, bundan sonra erməni generallarının nüfuzu çətin ki, geri qayıtsın.
Vidadi ORDAHALLI