Sosial şəbəkələrdə sabiq deputat Hüseynbala Mirələmovun gənc xanıma qarşı biabırçı hərəkətlərinin əks olunduğu görüntülər yayılıb. Sözügedən görüntülər qısa müddət ərzində sosial şəbəkələrdə geniş yayılıb və 75 yaşlı deputatın bu hərəkəti müzakirələrə səbəb olub.
Ahıl yaşlı birisinin gənc xanıma qarşı bu cür davranışı birmənalı qarşılanmayıb. Belə ki, 30-dan artıq bədii və publisistik kitabın müəllifi olan yazıcı və professor tənqid atəşinə tutulub. Bildirilib ki, onun bu davranışı müəllifi olduğu kitabların adı ilə eynidir - "Xəcalət", "Utanc", "Mənəviyyatın ekologiyası"...
Qeyd edək ki, H.Mirələmov 1992-ci ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, 2008-ci ildən isə partiyanın Xətai rayon təşkilatının sədridir. O, 2005, 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisin deputatı olub. YAP-ın son qurultayında isə sabiq deputat Veteranlar Şurasının üzvü seçilib.
Sözügedən görüntülərlə bağlı jurnalistlərin suallarına cavab verən Hüseynbala Mirələmov əvvəlcə görüntülərdən xəbəri olmadığını bildirib. O da maraqlıdır ki, telefona Hüseynbala Mirələmov kimi cavab verən şəxs daha sonra deyib: “Bu mən deyiləm və bu nömrə də mənim deyil...”.
Musa Musayev: “Əminəm ki, bu məsələ ilə bağlı partiya ciddi mövqeyini ortaya qoyacaq”
YAP-ın yaradıcılarından olan partiyanın Siyasi Şurasının keçmiş üzvü, son qurultayda Nəzarət Təftiş Komissiyasının üzvü seçilən Musa Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu hadisədən çox böyük sarsıntı keçirib: “Bu hadisəyə verilən reaksiyalar göz qabağındadır. Ahıl yaşda olan bir ziyalının bu hərəkətinə kim müsbət yanaşa bilər? Mən bunu ziyalıya yaraşmayan hərəkət sayıram. Söhbət partiyanın böyük rayon təşkilatlarından birinə rəhbərlik edən şəxsin biabırçı görüntülərindən gedir. O, həm də partiya qarşısında məsuliyyət daşıyır. Baş verən hadisə həm də şərəfli yol keçən YAP kimi partiyanın adına yaraşmır. Əminəm ki, Mirələmovun bu əməlinə partiyanın müvafiq qurumları tərəfindən lazımi reaksiya veriləcək. Mən son iki ildir YAP-da islahatların zəruruliyi ilə bağlı çıxışlar edirəm, məqalələr yazıram. Sevindirici haldır ki, həmin islahatlar son qurultayda öz startını götürdü. Partiya rəhbərliyində aparılan bu islahatlar mütləq mənada rayon təşkilatlarını da əhatə etməlidir. Son hadisə bir daha mənim haqlı olduğumu üzə çıxardı. Ancaq bir faktı da deyim ki, bu cür hala görə YAP-ı hədəf seçmək də doğru deyil. Partiyanın 100 minlərlə üzvü var. Hər bir adamı izləmək mümkün deyil. Belə hallarla bağlı elə ilk sərt təpki YAP-dan gəlir. Əminəm ki, bu məsələ ilə də bağlı partiya ciddi mövqeyini ortaya qoyacaq”.
Hüseyn Paşayev: “Bu, cəmiyyət və eyni zamanda YAP tərəfindən kəskin surətdə qınanılır”
Baş vermiş hadisə ilə bağlı YAP-ın Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev isə bildirib ki, Hüseynbala Mirələmovun bu əməli ilə bağlı YAP-dan münasibət bildiriləcək: "Mən hansı qərarın qəbul ediləcəyi barədə xəbər verə bilmərəm. Hər halda bu Azərbaycan ziyalısı, cəmiyyətdə sayılıb-seçilən bir insan və keçmiş millət vəkili üçün xoşagəlməz və yolverilməz bir hadisədir. Bu, cəmiyyət və eyni zamanda YAP tərəfindən kəskin surətdə qınanılır".
Məhəmmədəli QƏRİBLİ