“Biz imkan verə bilmərik Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Biz əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir - həm Ermənistan, həm də onun havadarları. Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir”. Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində səsləndirib.
Hadisələrin real inkişafı göstərir ki, əslində, 44 günlük Vətən müharibəsi zamanı darmadağın olan erməni ordusunun yenidən bərpası hələ yaxın illər ərzində mümkün deyil. Digər tərəfdən, erməni ordusunun müharibədən sonra qalan tör-töküntüləri də qanunsuzluq, intizamsızlıq nəticəsində məhv olmaqdadır. Belə ki, Ermənistan ordusunda mövcud olan neqativ hallar, çatışmazlıqlar səbəbindən son vaxtlar hərbi qulluqçular arasında qanunazidd münasibətlər artır. Bu zəmində bu günlərdə orduda daha bir cinayət hadisəsi baş verib. Bu ölkə KİV-ində yayılan məlumatlarda Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində xidmətə yeni çağrılan 2-ci motoatıcı taborun əsgəri Rafael Minasyanın daha çox xidmət edən “ded"lər tərəfindən amansızlıqla döyüldüyü bildirilir. Ciddi bədən xəsarətləri alaraq tibb məntəqəsinə yerləşdirilən Minasyan yenidən belə təzyiqlərlə üzləşməyin qorxusundan heç kimdən şikayətçi olmayacağını deyib. Hadisəni ört-basdır etməyə çalışan hərbi hissə komandanlığı faktla bağlı hərbi qulluqçunun ailəsinə və hüquq-mühafizə orqanlarına məlumat verməyib. Hərbi qulluqçular arasında nizamnamədənkənar münasibətlər zəminində baş verən cinayətlərin sayının artması isə əsgər valideynləri arasında da ciddi narazılıqlara səbəb olub. Belə vəziyyətdə Ermənistan ordusunun daha iki əsgərinin “dedovşina"nın qurbanı olduğu bildirilir. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə xidmətə yenicə başlayan gənc əsgərlər Samvel Saakyan və Aleksey Qabrielyanın daha çox xidmət edən hərbi qulluqçular tərəfindən dəfələrlə döyüldükləri faktı ortaya çıxıb. Qabrielyan daha amansızlıqla döyülərək ağır bədən xəsarətləri aldığı üçün tibb məntəqəsinə müraciət etməyə məcbur qaldıqdan sonra hərbi hissə komandiri hərbi polisə məlumat verib. Lakin yenidən fiziki və mənəvi işgəncələrə məruz qalacaqlarından qorxan Saakyan və Qabrielyan kimlər tərəfindən döyüldüklərini deməkdən və şikayət etməkdən boyun qaçırıblar. Faktla bağlı rəsmi məlumat verilməsə də, hərbi polis tərəfindən araşdırmalar davam etdirilir.
Bu günlərdə isə Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birinin hərbi qulluqçusu xidmət yerindən qaçıb. Qafan ərazisindəki postdan fərarilik edən Orber Ayvazyanın tapılması və geri qaytarılması ilə bağlı komandanlıq tədbir görür. Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdən birində baş verən digər hadisə də əsgər valideynləri arasında böyük narazılığa səbəb olub. Hərbi hissədə mövcud olan acınacaqlı vəziyyət səbəbindən xidmət etmək istəməyən daha bir erməni əsgər özünü güllələyib. Yayılan xəbərlərdə deyilir ki, Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində xidmət edən tank taborunun əsgəri Aram Qriqoryan tabeliyində olan silahdan atəş açaraq özünü başından vurub. Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində tibb məntəqəsinin sürücüsü vəzifəsində xidmət edən Artur Balayan da daha çox xidmət keçmiş əsgərlər tərəfindən vəhşicəsinə döyülüb. Müxtəlif bədən xəsarətləri alan Balayan tibb məntəqəsinə yerləşdirilib. Ümumiyyətlə, Ermənistan ordusundakı mövcud qanunsuzluqlar səbəbindən son vaxtlar hərbi qulluqçular arasında nizamnamədənkənar münasibətlər zəminində cinayət hallarının sayı çoxalmaqdadır. Ermənistan mediası da cinayət hallarının orduda yeni vüsət aldığını bildirir.
Erməni ekspert Zöhrab Yeqanyan ordu məsələsində ölkənin daim ciddi problem yaşadığını bildirib: “30 il ərzində milli ordunu inkişaf etdirmək əvəzinə ordu haqqında sağlıqlar və boş sözlər eşitmişik. Hamının vətənin müdafiəsində iştirak etməli olduğu konstitusiyada qeyd olunub, 18 yaşını tamamlamış şəxslərin məcburi hərbi xidmətə getməsi tələbi ayrıca qanunla təsbit edilib, lakin bu, Ermənistanda müstəqillikdən bəri yerinə yetirilmir”. Yeqanyanın sözlərinə görə, 1994-cü ildən başlayaraq 30 il ərzində ermənilər milli orduya sahib olmayıblar: “Xahiş edirəm tapın ki, neçə böyük iş adamının və ya rəsminin uşağı orduda xidmət edib və ya xidmət edir. Orduya çağrılanlar da qanunsuzluqların qurbanı olur. Hətta 44 günlük müharibə də orduda neqativ hallara son qoymayıb”. Bu fonda baş nazir Nikol Paşinyanın orduda müddətli xidmətin müddətinin azaldılmasına dair bəyanatı da yeni qalmaqala səbəb olub. Hazırda erməni ordusunda xidmət müddəti iki ildir. Lakin Paşinyan bunun azaldılmasını tələb edir. Erməni hərbi ekspert Karen Hovhannisyan isə bildirir ki, Paşinyanın orduda müddətli xidmətin müddətinin azaldılmasına dair bəyanatı kifayət qədər bulanıqdır: “Özüm bu bəyanatı seçkiqabağı təbliğat kampaniyası çərçivəsində nəzərdən keçirirəm, çünki müharibədən sonrakı ağır psixoloji dövrdə xidmət müddətlərinin azaldılmasının mümkün olduğunu eşitmək istənilən valideynin qulağına xoş gəlir. Hamımız yaxşı bilirik ki, hər bir valideyn öz uşağının həyatı və sağlamlığı barədə düşünür, bu, konkret seçici kütləsinin üzərinə işləmək metodudur, mən belə görürəm”. O bildirib ki, Nikol Paşinyanın bəyanatı təhlükəlidir: “Bununla, sanki Ermənistana artıq ordu lazım olmamasına dair Türkiyə və Azərbaycanın irəli sürdüyü tezis təşviq edilir, bu, yaşıl işıq yandırır ki, onlar öz arzularına bənzər şəkildə görünən bəyanatları üçün Ermənistanda hazır zəmin yaratsınlar”.
Samirə SƏFƏROVA