Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Azərbaycan Televiziyasına verdiyi müsahibəsində deyib. Deyibsə, demək edəcəkdir. Söz veribsə, əməl olunacaqdır.
«İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.»
Bu deyim unudulmaz öndər, xalqımızın xilaskarı Heydər Əliyevə məxsusdur. Və Ulu öndərin peyğəmbərcəsinə söylədiyi bu fikirlərin doğruluğunu görmək üçün uzun zaman lazım olmadı. Və nə gözəl ki, öndərimiz xalqımızın, dövlətimizin uğurlu gələcəyini təmin edən strategiya və taktika tətbiq etməklə, həm də bunları cəsarətlə, ağılla həyata keçirmək qabiliyyətinə malik, böyük Zəfərə, Qələbəyə imza atan, torpaqlarımızı yağı düşmənin tapdağından xilas edə bilən İlham Əliyev kimi bir şəxsiyyət də yetişdirib, bütöv Azərbaycana ərməğan etmişdir. Dediklərinə həmişə heç kimdən çəkinmədən əməl edən KİŞİ.
Adətimdir. Prezidentimizin fikirlərini daha yaxşı əxz etmək üçün yeni dediklərini dəfələrlə oxuyuram. Bütün fikirləri yolumuza işıq saçan mayakdır. Bu dəfəki Azərbaycan Televiziyasına verdiyi müsahibədəki fikirləri məni göylərə qaldırdı.
- Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq.
Bizim əsas rəqibimiz zamandir. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır.
Ölkə Başçısı jurnalistin suallarını cavablandırarkən çox haqlı olaraq deyir ki, mənfur düşmən torpaqlarda hər şeyi dağıdıb. İndi bunu bütün xarici qonaqlar da görürlər. Bu, misligörülməmiş vəhşilikdir. Dünya tarixində bir çox müharibələr olub. Ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik, məncə, dünya müharibə tarixində olmayıb. Hətta İkinci Dünya müharibəsi ilə müqayisə etsək, o vaxt belə vəhşiliyə yol verilmirdi, dini abidələr dağıdılmırdı. Bütün bunları biz yaxşı bilirik. Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir. Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik. Bu, bizim tarixi missiyamızdır- təkcə Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında erməni faşizmi məhv edilib. Onu məhv edən Azərbaycan xalqı olmuşdur.
Bəli, bu doğrudur. İndi dünyada hər kəs bilir ki, əldə etdiyimiz qələbələr xalqla dövlətin birliyində, Ali Baş Komandanımızla zabit və əsgərlərimizin gücündədir.
Müsahibəni oxuduqca yadıma Məmməd Araz düşür:
Bu gün gərək
Hər anımız Vətən!-desin.
Qılıncımız, qalxanımız,
Vətən!-desin.
Ölənlərin əvəzinə,
Qalanımız Vətən!-desin.
Vətən!- desin
Qəlbimizin hər duyğusu,
Hər vurğusu,
Vətən-desin.
Fərqi yoxdur, harda olaq,
Zamanımız, məkanımız,
Çox yatdıq, çox mürgülədik,
Qoca millət.
Bəli, artıq Azərbaycanda hər kəs Vətən deyir. Azərbaycan bütövlükdə regionumuzun tarixində ədalətə, həqiqətə, sülhə, əmin-amanlığa söykənən yeni reallıqlar yaradıb. İnkişaf və sosial rifah vəd edən bu perspektivli gələcəkdə yalana, xəbis niyyətlərə yer yoxdur. Güclü dövlət olaraq Azərbaycan regionda söz sahibidir, mühüm strateji reallıq yaradıb, aydın mövqeyi var.
Əminə YUSİFQIZI, Respublikanın əməkdar jurnalisti