Bu il aprelin 24-də ABŞ prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı hansı fikirlər səsləndirəcəyi haqda indi müxtəlif mülahizələr irəli sürülür. Ermənistanın, ABŞ-dakı erməni diasporunun və lobbisinin hədəfi aprelin 24-də Baydenin “soyqırımı” ifadəsini işlətməsidir. Bayden də sələfləri kimi seçki öncəsi bu xüsusda ermənilərə vəd verib.
Əvvəlki prezidentlərin seçki öncəsi vədləri və seçki sonrası tutduqları mövqe Baydenin də eyni gedişi edəcəyini deməyə əsas verir. Bununla belə, “The Wall Street Journal” öz mənbələrinə istinadən bildirir ki, aprelin 24-də ermənilərin uydurma “soyqırım” kimi qeyd etdikləri 1915-ci il hadisələrinin ildönümündə öz müraciətində Bayden “soyqırım” ifadəsinə yer verə bilər. Nəşrin məlumatına görə, ABŞ prezidenti 1915-ci il hadisələri haqda “soyqırım” ifadəsi işlətməyə hazırlaşır, lakin yekun qərar hələ qəbul edilməyib. Bu fonda bildirilir ki, Bayden “soyqırım” sözünü işlətmədən, öz sələfləri kimi ermənilərə müraciətdə simvolik müraciətlə kifayətlənə bilər. Bundan əvvəl “The National İnterest” dərgisi də Baydenin “soyqırım” ifadəsini işlətməyə hazırlaşdığını bildirirdi. Qeyd olunur ki, 24 aprel ərəfəsində erməni lobbisi Bayden administrasiyasına güclü təzyiqlər göstərir və “soyqırım”ın tanınmasına nail olmağa çalışır. Lakin ABŞ prezidenti öz müraciətində həmin ifadəni işlədərsə, bu dərhal Türkiyə və Azərbaycanla münasibətləri kəskinləşdirəcək. Özü də indi Rusiya ilə güclənən qarşıdurma şəraitində ABŞ-ın Türkiyə kimi güclü müttəfiqə ehtiyacı daha da artıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da qeyd edir ki, ABŞ kimi bir dövlət beynəlxalq hüququ nəzərə alarsa, “soyqırım” sözündən istifadə etməz. Baydenin qondarma erməni soyqırımını tanıyıb-tanımayacağı ehtimalı ilə bağlı sualı cavablandıran XİN başçısı deyib: “ABŞ-ın əvvəlki prezidentləri bu iddiada olublar. ABŞ başqa ölkələrə bir çox xatırlatmalar edir. Ancaq ABŞ kimi bir dövlət beynəlxalq hüququ nəzərə alarsa, belə bir qərar verməz. Aprelin 24-də ABŞ-ın belə bir ifadə işlədəcəyini düşünmürük. Ən pis ehtimal - tutaq ki qəbul etdi. Bir siyasətçinin belə bir ifadə işlətməsi vəziyyəti dəyişmir. BMT bununla bağlı 1948-ci ildə açıq-aşkar qərarını verib”. Qeyd edək ki, ABŞ-ın əvvəlki prezidentləri 1915-ci ilin aprel hadisələri barədə danışarkən “soyqırım” ifadəsi işlətməyiblər. Keçmiş prezidentlər Barak Obama, Donald Tramp bu tarixdə baş verənləri “böyük fəlakət” adlandırıb. Amma Baydenin siyasi fəaliyyət keçmişi, erməni diasporu və lobbisi ilə isti münasibətləri onun qondarma “erməni soyqırımı”nı tanıya biləcəyi ehtimalını artırır. Misal üçün, 2019-cu ildə Bayden keçmiş vitse-prezident statusunda ABŞ-da erməni təşkilatı ANCA-ya yazdığı məktubda qeyd edirdi: “Birləşmiş Ştatlar bir daha erməni soyqırımı ilə bağlı mövqeyini bildirməlidir. 1.5 milyon erməni kişisinin, qadınının və uşağının ölümünə, 2 milyon erməninin kütləvi şəkildə evlərindən didərgin düşməsinə səbəb olan dəhşətli həqiqəti heç vaxt unutmamalı və susmamalıyıq. Soyqırım faktını xatırlamamaq və tanımamaq gələcəkdə kütləvi vəhşiliklər üçün yeni yollar açır”. Digər tərəfdən, Ermənistan və erməni lobbisi Bayden administrasiyasının bu mövqeyini 44 günlük Vətən müharibəsində Azərbaycana diplomatik və siyasi dəstək verən Türkiyəyə qarşı yönləndirməyə çalışır. Bu müharibədə Türkiyənin Azərbaycanın yanında olmasını və qazandığımız qələbəni həzm edə bilməyənlərin olduğu məlumdur. Bu qüvvələrin Türkiyəyə qarşı mövqelərini sərtləşdirdiyi və erməni diasporunun yaranmış vəziyyətdən öz maraqları üçün istifadə etməyə çalışdığı müşahidə olunur. 2019-cu ilin oktyabrında ABŞ Nümayəndələr Palatasının, dekabrında isə Senatın qondarma “soyqırımın” tanınması haqda qətnamə qəbul etməsindən sonra daha da ümidlənən Ermənistan və erməni lobbisi Baydenin qondarma “soyqırımı” tanıması üçün bütün imkanlarını səfərbər edib. Baydenin qondarma “erməni soyqırımı” məsələsində sərgiləyəcəyi mövqe Vaşinqton-Bakı münasibətləri üçün də həlledici nöqtədir. ABŞ həm Türkiyəni, həm də Azərbaycanı itirə bilər. Bu fonda erməni mediası da maraqlı məlumat yayıb. Məlumatda iddia edilir ki, Ermənistan hakimiyyəti bu il aprelin 24-də qeyd ediləcək qondarma “erməni soyqırımı” ilə bağlı tədbirləri azaltmağı planlaşdırır. Qeyd edilir ki, “soyqırımı” günü ərəfəsində Ermənistanın ABŞ-dakı səfirinə bu istiqamətdə tədbirlərin mümkün qədər az keçirilməsi tapşırılıb: “Səfir Varujan Nersisyan “soyqırımın” tanınmasına yönəlmiş tədbirlərdə mümkün qədər az iştirak edəcək. Nersisyan hökumətdən xüsusi tapşırıq alıb ki, 24 aprel tarixinə qədər “soyqırımı” ilə əlaqəli az tədbir təşkil etsin. Bu azmış kimi, sosial şəbəkələrdə aparılacaq kampaniyalarda, onlayn tədbirlərdə iştirakın minimuma endirilməsinə dair təlimatlar da var. Xarici İşlər Nazirliyindəki mənbə yayılan bu məlumatı təsdiqləyib. Qeyd edilir ki, bütün bu təlimatlarda məqsəd, Ermənistan hökumətinin hazırda başlatdığı Türkiyə ilə yaxınlaşma prosesi ilə bağlıdır".
Ramil QULİYEV