“Bütün şəhərlərin baş planları hazırlanır”. Bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Ölkə başçısı qeyd edib ki, bu, ilk növbədə, Ağdam şəhərini əhatə edəcək: “Ümid edirəm, may ayının sonuna qədər Ağdam şəhərinin baş planının ilkin versiyası təqdim olunacaq və əlbəttə ki, ondan sonra, o cümlədən, Ağdam rayonunun ictimaiyyəti ilə birlikdə müzakirə ediləcək. Digər şəhərlərimizin də baş planları hazırlanır.
Kəndlərin bərpasına gəldikdə, burada da biz işlərimizi mərhələlərə bölməliyik. İlk növbədə, biz mövcud infrastruktura yaxın olan kəndləri bərpa etməliyik. Bu da təbiidir, çünki həm vaxt, həm səmərəlilik baxımından bu, daha məqsədəuyğundur. Ona görə Ağdam, Füzuli, Cəbrayıl rayonlarının keçmiş təmas xəttinə yaxın olan kəndlərinin bərpası ilə bağlı müvafiq göstərişlər verilib”.
Bütövlükdə, işğaldan azad edilən şəhərlərin baş plan əsasında bərpa edilməsi çox əhəmiyyətli məsələdir. O mənada ki, kim necə istəyir, harada gəldi çoxmərtəbəli binalar, digər bu kimi obyektlər tikə bilməyəcək. İnfrastruktura xələl gəlməyəcək və s. Bu baxımdan nəzərdə tutulan baş planlar azad edilmiş şəhərlərimizi Bakının gününə düşməkdən qoruya biləcəkmi?
“...tam arxayınlaşmaq da olmaz”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin fikrincə, çox güman ki, azad olanan şəhərlərdə Bakıda yaşanan uyğunsuz tikinti bumu yaşanmayacaq. O bunu bir sıra faktorlarla əlaqələndirdi: “Bunun bir səbəbi onunla əlaqədardır ki, həmin şəhərlərin bərpası sıfırdan başlanacaq. Çünki orada, demək olar, heç bir salamat bina qalmayıb. Şəhərsalma qaydalarına uyğun olaraq, əvvəl müvafiq layihələrə əsasən, sosial infrastruktur qurulacaq, ondan sonra plan əsasında evlər tikiləcək. Bakıda ona görə belə acınacaqlı vəziyyət yaşandı ki, 90-cı illərdə məlum səbəblərdən paytaxta güclü axın oldu. Ölkənin iqtisadi vəziyyəti çox aşağı idi, vəsait indiki kimi yox idi və s. Digər tərəfdən, Qarabağda azad edilən şəhərlər tikiləndən sonra orada əhalinin planlı şəkildə məskunlaşması təmin ediləcək. Həmçinin, bu, müəyyən proqram əsasında olacaq. Həmin yerlərə əhalinin köçürülməsi mərhələli şəkildə həyata keçiriləcək. Sözügedən şəhərlərdə qaynar həyatın təmin olunması müəyyən müddət tələb edir. Üstəlik, bərpa prosesinə müəyyən nəzarət olacaq. Bütün bunlardan çıxış edərək güman olunur ki, Bakıda həyata keçirilən anormal tikinti işləri azad olunan şəhərlərin bərpası zamanı təkrarlanmayacaq. Buna rəğmən, tam arxayınlaşmaq da olmaz. Ona görə ki, icra başçıları fürsət yaranan kimi sui-istifadə hallarına şərait yaradırlar. Hesab edirəm ki, tikinti və şəhərsalma ilə bağlı qanunvericilik təkmilləşdirilməlidir. İctimai nəzarət artırılmalıdır”.
Ekspert hesab edir ki, istənilən halda, məsələyə kompleks yanaşma olmalıdır.
Vidadi ORDAHALLI