Qarabağa qayıdış prosesinin başlanmasını böyük intizarla, həsrətlə gözləyən, öz yurd-yuvasına qovuşmaq istəyən insanların tezliklə geri qayıdışının şahidi olacağıq. Heç şübhəsiz ki, hər bir keçmiş köçkün geri qayıdıb ocağının işığını yandırmaq istəyir.
Məlum olduğu kimi, keçmiş köçkünlərin qayıdışının səmərəli şəkildə təşkil olunması üçün repatriasiya potensialını mümkün qədər dəqiq proqnozlaşdırmaq, bunun üçün isə məcburi köçkünlərin istək, niyyət və təkliflərini öyrənmək məsələsi əsasdır. Bu məqsədlə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı” yaradılıb və Qərargahın nəzdindəki İdarələrarası Mərkəzin “Akademik və təhsil məsələləri üzrə İşçi Qrupu” yerli və xarici mütəxəssisləri cəlb etməklə sistemli araşdırmalar aparır.
Qarabağa qayıdış proqramı çərçivəsində keçirilən onlayn sorğuda bu günə kimi 60 min insan iştirak edib.
Geriqayıdışla bağlı keçmiş köçkünlər nə düşünürlər?
“Qarabağa qayıtmaq istəyənlər arasında dövlətdən gözləntisi olanlarla yanaşı, dövlətdən heç bir gözləntisi olmayanlar da çoxdur”
Sorğu Qrupunun üzvü Rəsmiyyə Abdullayeva “Bakı-Xəbər”ə bildirdi ki, vətəndaşlar arasında rəy sorğusu üç mərhələdə nəzərdə tutulub və sorğunun artıq biri başa çatıb, ikinci sorğu prosesi isə davam edir, üçüncü mərhələyə isə hazırlıq gedir.
R.Abdullayevanın bildirdiyinə görə, keçirilən onlayn soğruya baxış sayı 400 mindir, sorğuda iştirak edib rəy bildirənlər isə 62 min nəfərdən yuxarıdır. Hələ onlayn sorğunun davam etdiyini və onun nəticələrinin yaxın vaxtlarda elan ediləcəyini deyən R.Abdullayevanın sözlərinə görə, Qarabağa qayıdış layihəsi çərçivəsində 3 növ və 5 istiqamət üzrə keçirilən sorğunun birinci mərhələsi, yəni vətəndaşla üzbəüz müsahibə mərhələsi başa çatıb və onun nəticələri məlumdur. “Qarabağa qayıdış layihəsi çərçivəsində 1135 vətəndaşla üzbəüz görüşlər keçirilib. Onlayn şəkildə aparılan sorğuda artıq 62 min insan iştirak edib və sayta 400 min baxış sayı olub. Qeyd etdiyim kimi, üzbəüz keçirilən sorğumuz artıq yekunlaşıb. Bu sual-cavabda ilk öncə 1100 nəfərin iştirakı nəzərdə tutulsa da, daha sonra bu saya 35 nəfər də əlavə edildi. Sonuncu - üçüncü sorğunun isə sahibkarlar arasında keçirilməsi nəzərdə tutulub. Burada isə 250-300 nəfərin iştirakı gözlənir”.
R.Abdullayevanın dediyinə görə, məcburi köçkünlər arasında öz doğma torpaqlarına qayıtmaq istəyi, arzusu çox güclüdür və onlar hər an geri qayıdacaqları günü gözləyirlər. “Sorğumuz nəticəsində bir daha aydın oldu ki, keçmiş köçkünlər böyük ruh yüksəkliyi ilə öz yurdlarına qayıtmaq istəyirlər. Onların Qarabağa qayıtmağa böyük həvəsləri, maraqları, istəkləri var. 4 blok üzrə 42 sual qoymuşduq. Burada onlara ən müxtəlif məsələlər üzrə suallar təqdim etmişik. Vətəndaşların çox böyük əksəriyyəti Qarabağa qayıtmaq arzusunu açıq ifadə edib. Maraqlıdır ki, bəzi şəxslər köç üçün dövlətdən dəstək istədiklərini desələr də, dövlətdən heç bir gözləntisi olmadığını və özünün köçməyə hazır olduğunu deyənlər də az deyil. Sorğu nəticəsində məlum oldu ki, vətəndaşların bir qismi dövlətdən köç üçün heç bir dəstək istəmir, deyirlər ki, təki torpağımıza qayıdaq, yurdumuza qovuşaq”.
R.Abdullayevanın sözlərinə görə, sorğuda iştirak edən vətəndaşlara təqdim edilən sualların bir hissəsi onların kənd və şəhər yerində, yaxud “Ağıllı şəhər”də yaşamaq istəkləri ilə bağlı idi. “Kənd yerini seçənlər də, bununla yanaşı, şəhərdə yaşamaq istəyənlər də, hətta “Ağıllı kənd” və “Ağıllı şəhər”də yaşamaq istəyənlər də az deyil. “Ağıllı kənd” və “Ağıllı şəhər”də yaşamaq üçün müasir texnoloji yeniliklərə yiyələnmək, bu istiqamətdə bacarıqlar əldə etmək lazımdır. Mənə elə gəlir ki, bunu da gənc və orta nəsillərin nümayəndələri bacarırlar. Məşğulluqla bağlı suallara gəlincə, böyük əksəriyyət kənd təsərrüfatı sahəsində işləmək istəyir. Çünki bilirsiniz ki, əvvəllər də onların əksəriyyəti kənd təsərrüfatı - üzümçülük, pambıqçılıq, bostançılıq, maldarlıq, heyvandarlıqla məşğul olub. Sorğuda iştirak edənlərin böyük bir qrupu Qarabağa qayıtdıqdan sonra orada öz şəxsi biznesini qurmaq istədiyini bildirib. Çoxluq qayıdışdan sonra orada öz biznesini qurmaq istəyir. Sözün düzü, bu, mənim üçün gözlənilməz oldu. Bu da təbii ki, bazar iqtisadiyyatı şəraiti ilə bağlıdır. Düşünürəm ki, Qarabağda quruculuq işləri baxımından insanların biznes qurmaq istəyi çox yaxşıdır. Bu həm oradakı gələcək iqtisadi quruculuq prosesinə təkan verəcək, həm də dövlətdən heç bir gözləntisi olmayan insanların öz biznesini qurmasına şərait yaradacaq. İnsanların bir qismi dövlətdən dəstək istəmir və hər şeyi özü etmək istəyir. Onların içində elələri var ki, dövlətdən heç nə istəməyərək geri qayıtmaq istəyir. Yəni Qarabağa qayıtmaq istəyənlər arasında dövlətdən gözləntisi olanlarla yanaşı, dövlətdən heç bir gözləntisi olmayanlar da çoxdur. Onların sayı yetərincədir. Aydın görsənir ki, insanlarımız qayıdış prosesinə ruhən, mənən yüksək səviyyədə hazırdır, onlar geri qayıdacaqları günü intizarla gözləyirlər” - deyə R.Abdullayeva bildirdi.
İradə SARIYEVA