Prezident İlham Əliyev Azərbaycan Dövlət Televiziyasına müsahibə verib. Müsahibəsində o, “İsgəndər-M” tipli raketlərin Ermənistanın əlinə necə keçməsi ilə bağlı fikirlərini bölüşüb.
Ölkə başçısı bildirib ki, bununla bağlı Rusiya tərəfindən izahat da istənilib: “Həmin raketlər Ermənistanın əlinə necə düşüb? Axı, bu mümkün deyil. Bunun iki yolu var: ya qaçaqmalçılıq yolu ilə, ya da ki, beynəlxalq normaları, qaydaları pozmaq yolu ilə. Çünki Ermənistan ordusunda ancaq “İsgəndər-E”, yəni ekspert-ixrac variantı ola bilər. Onların arasında böyük fərq var. “İsgəndər-E” raketlərinin atəş məsafəsi 280 kilometrdir. “İsgəndər-M” raketləri daha uzaqmənzilli raketlərdir. Burada məsafə 500 kilometrdir. Yəni Ermənistan ordusunda “İsgəndər-M” raketləri ola bilməzdi. Bunun ancaq iki yolu var. Başqa yolu ola bilməz. Çünki heç bir başqa ölkədə bu raketlər yoxdur. Bax, bu suala bizə cavab verilməlidir. Biz bu cavabı gözləyirik, Azərbaycan xalqı gözləyir. Biz bir çox məsələləri özümüz üçün aydın etmişik…”
Prezident həmin silahın qaçaqmalçılıq yolu ilə Ermənistana aparıla biləcəyilə bağlı versiyaya da toxunub: “Amma biz dəqiq bilirik ki, bir erməni silah alverçisi David Qalustyan Rusiyada oturub, Rusiya hərbi zavodlarından qanunsuz yollarla silahları alıb sərnişin təyyarələri ilə göndərib. O silahların pulunu Rusiyada fəaliyyət göstərən erməni oliqarxları ödəyib – Obramyan, Karapetyan. Bu, cinayətdir. Onlar buna görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu silahlar müxtəlif qaçaqmalçılıq yolları ilə Ermənistana göndərilmişdir. Biz onu da Rusiya tərəfinə bildirmişdik ki, David Qalustyan Ermənistanın keçmiş müdafiə naziri Tonoyanın biznes şərikidir. Onlar bunu, eyni zamanda, qanunsuz qazanc kimi edirdilər. Təsadüfi deyil ki, acı məğlubiyyətdən sonra Ermənistanın müdafiə naziri, hansı ki, Azərbaycanı yeni müharibə ilə hədələyirdi, vəzifədən çıxarıldı. Onun bir biznes şəriki David Qalustyan həbs olundu. Ermənistanda indi istintaq aparılır. Əgər istintaq ədalətli aparılarsa, dediyim bütün faktlar üzə çıxacaq. Bizdə faktlar var. Lazım olarsa, biz bu faktları açıqlamağa hazırıq. Mənim dediyim sözlər deyil, faktlardır. Qaçaqmalçılıq olub. Sərnişin təyyarələri ilə silah daşınıb. Bu, ümumiyyətlə qanunazidd əməldir. Rusiyada yaşayan erməni oliqarxlar - həmin bu Karapetyan ilə Abramyan bir yük təyyarəsini almışdılar. Çünki Ermənistanda yük təyyarəsi yox idi. Silahları daşımaq mümkün deyildi. Müharibə dövründə bir yük təyyarəsi almışdılar. O yük təyyarəsi ilə silahları qanunsuz olaraq Ermənistana aparıblar. Yəni biz bir çox şeyləri bilirik. Sadəcə olaraq, lazım olan vaxtda və məqamda bəzi şeyləri açıqlayırıq. Bugünkü məlumat Azərbaycan ictimaiyyətinə ilk dəfədir ki, çatdırılır. Belə məlumatlar bizdə çoxdur. Ona görə hesab edirəm ki, bütün tərəfdaşlar bizimlə səmimi davranmalıdırlar. Çünki səmimiyyət və dostluq qarşılıqlı olmalıdır”.
“İsgəndər-M” raketlərinin Ermənistanın əlinə necə keçə bilməsilə bağlı hərbi ekspertlər nə düşünür? Ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “İsgəndər” raketləri 70-ci illərin axırları, 80-ci illərin əvvəlində SSRİ-də istehsal edilib: “Zamanının ən müasir silahlarından sayılırdı. Həmin silah keçmiş SSRİ-də istehsal olunub və sonra Rusiyanın balansında qalıb. Müasir dönəm üçün həmin silahlar o qədər də yüksək qiymətləndirilmir. Dünya silah bazarında onun heç alıcıları da yoxdur. Ancaq buna baxmayaraq, onların Ermənistanda peyda olması bizi maraqlandırmaya bilməz. Biz görürük ki, apardığımız bütün müharibə dönəmində bizə qarşı ermənilərin vuruşmasına Rusiya ciddi dəstək verib. Müharibə dönəmində də Prezident verdiyi açıqlamalarında Rusiyadan təyyarələrlə Ermənistana silah daşındığına dair fikirlər bildirib. Son müsahibəsində də o, bu mətləbə toxundu. Erməni oliqarxların Rusiyadan Ermənistana silah göndərdiyi təsdiqini tapıb. Prezident bu sövdələşmədə iştirak edən erməni iş adamlarının adlarını da çəkdi. Ortada ciddi fakt olmasa, Prezident adlar çəkməzdi. Rusiya isə Azərbaycana “İsgəndər” satdığını təkzib edir. Onda həmin silahların qaçaqmalçılıq yolu ilə Rusiyadan Ermənistana ötürüldyü araşdırılmalıdır. Rusiyanın özü maraqlı olmalıdır ki, bütün dünyanın diqqət mərkəzində olan bu məsələyə dolğun cavab verilsin. Belə olacağı təqdirdə, Rusiyadan Ermənistana silah göndərən erməni iş adamlarının hər biri məsuliyyətə cəlb edilməlidir”.
Ekspertin sözlərinə görə, sözügedən raketlər iri həcmlidir: “Ola bilməz ki, bu əməliyyatdan Rusiyanının yüksək hərbi rəhbərliyinin məlumatı olmasın. Yəni “İsgəndər” sövdələşməsində erməni iş adamlarının mütləq mənada Rusiya generalitetindən havadarları olub. Bu bir avtomat deyil ki, atıb maşının yük yerinə gətirəsən”.
Məhəmmədəli QƏRİBLİ