Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir sıra məsələlərə toxunub. Bununla yanaşı, ölkə başçısı müsahibəsində işğaldan azad edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarda çəkiləcək yol marşrutlarından danışıb:
“Yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, magistral yolumuz, eyni zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq və artıq cədvəl üzrə işlər gedir”.
O da məlumdur ki, yol çəkilişi böyük vəsait hesabına ərsəyə gəlir və mühüm əhəmiyyətə malik olacaq. O baxımdan sözügedən yollar hamısı birlikdə ərazilərimizin təhlükəsizlik təminatında hansı rolu oynayacaq?
“Hansısa ekstremal situasiyalarda daha çevik manevrlər etməyə şərait yaradacaq”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, çəkiləcək yollar işğaldan azad edilmiş rayonların təhlükəsizliyinin təmin olunmasında çox mühüm rol oynayacaq: “Çünki bu kimi məsələlərdə yolların son dərəcə böyük strateji önəmi var. Etibarlı təminat baxımından yollar vacib əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, yol strategiyası həyatımızın ayrılmaz hissəsidir. Bu təkcə işğaldan azad olunan ərazilərə aid deyil. Bütövlükdə, Qarabağda yeni yol infrastrukturunun yaradılması çox vacib əhəmiyyətə malikdir. Azad olunan ərazilərdə bir neçə yol marşrutunun salınması imkan verəcək ki, əvvəlki yollardan asılılıq yaranmasın. Hansısa ekstremal situasiyalarda daha çevik manevrlər etməyə şərait yaradacaq. Yeni yolların inşası əraziyə yeni baxışın formalaşması deməkdir. Bu yollar yeni araşdırma nəticəsində layihələndirilən yollardır. Ona görə də Qarabağda inşa edilən yeni yolların strateji və təhlükəsizlik baxımından əhəmiyyəti çox böyükdür. Bir zamanlar Laçından Şuşaya getmək üçün çox böyük yol qət etmək lazım idi. Bu, Moskvadan Azərbaycana qarşı yönəlmiş məqsədyönlü siyasətin göstəricisi idi. İnsanlar mədəniyyət beşiyi olan Şuşaya getmək üçün xeyli məsafə qət etməli olurdular. Hansı ki, Ağdamdan Şuşaya olan yol daha qısa idi. Bütün bunları ona görə deyirəm ki, yol strategiyasının təhlükəsizlik baxımından əhəmiyyəti çox böyükdür. Məsələ ondadır ki, Zəfər yolu tam istismara veriləndən sonra Laçın rayonu vasitəsilə uzun yol qət edib Şuşaya getməyə ehtiyac olmayacaq. Zəfər yolu məsafə baxımından daha qısa olacaq. Həm də təhlükəsizlik baxımından daha etibarlı olacaq. Eyni zamanda, bu yol ilə Laçına getmək imkanı olacaq. Çəkiləcək yeni yollar perspektivdə Qarabağın digər ərazilərinin Azərbaycana reinteqrasiyasında mühüm rol oynayacaq”.
Hərbi ekspert onu da qeyd etdi ki, görülən bütün bu işlər Azərbaycanın xeyrinədir.
Vidadi ORDAHALLI