“Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də”. Bunu aprelin 20-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib: “Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın. Biz imkan verə bilmərik, Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Biz əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir - həm Ermənistan, həm də onun havadarları. Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir. Bununla paralel olaraq, biz əməkdaşlığa da hazırıq - baxmayaraq ki, Ermənistan azərbaycanlılara qarşı dövlət səviyyəsində soyqırımı törətmişdir. Baxmayaraq ki, bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, biz gələcəyə baxmalıyıq. Biz, əlbəttə ki, erməni vəhşiliyini heç vaxt unutmayacağıq. Bu gün Ermənistanda böyük hay-haraya səbəb olan Hərbi Qənimətlər Parkının yaradılmasının əsas məqsədi odur ki, Azərbaycan xalqı bu vəhşiliyi heç vaxt unutmasın. Biz heç vaxt unutmamalıyıq. Biz bunu heç vaxt bağışlamayacağıq. Bunu hər kəs bilsin. Amma bununla paralel olaraq, biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.
“Ermənistan hakimiyyəti çıxılmaz vəziyyətdədir, bu məsələdə də Azərbaycanın iradəsi, mövqeyi ilə hesablaşacaq”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, siyasi icmalçı Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Zəngəzur dəhlizinin icra edilməsinin gerçəkləşməsi ilə bağlı ölkə başçısı İlham Əliyevin birmənalı olaraq qətiyyətli mövqe sərgiləməsi, fikirlər bildirməsi təsadüfi hesab oluna bilməz. F.Ələkbərlinin sözlərinə görə, bu, 44 günlük müharibənin nəticəsində noyabrın 9-dan 10-na keçən gecə qəbul olunan üçtərəfli bəyanatda öz əksini tapmış bir müddəadır. “Düzdür, bu müddəanın yalnız üçtərəfli bir məsələ olduğunu da düşünmək olmaz. Şübhəsiz ki, burada Türkiyənin iradəsi var. Ermənistan, əslində, həmin üçtərəfli bəyanata əməl etmək məcburiyyətindədir. Çünki əks təqdirdə bir çox məsələ yenidən Ermənistanın əleyhinə işləyəcək. Bunu dövlət başçısı təbii ki, daha dərindən və detallı bildiyi üçün bu formada qətiyyətlə fikirlərini ifadə edir. Yəni, əslində, Zəngəzur dəhlizi, bildiyimiz kimi, təkcə Azərbaycan və Türkiyənin maraqlarını ifadə etmir. Ancaq əsas məsələ ondan ibarətdir ki, burada Rusiyanın da maraqları var, bu, müəyyən qədər Ermənistanın özünə də sərf edir. Sadəcə olaraq, Ermənistan tərəfin ehtiyat etdiyi odur ki, bu məsələ onların daha çox əleyhinə işləyə bilər, nəinki xeyrinə. Prezident, əslində, işarə etdi ki, Zəngəzur dəhlizinə bir türk qapısı kimi baxmaq lazımdır. Zəngəzur dəhlizi bir türk qapısıdır. Yəni vaxtilə Atatürk Naxçıvanı təsadüfən türk qapısı adlandırmamışdı. Söhbət Azərbaycandan Türk dünyasının digər hissəsi ilə Türkiyənin quru yolla əlaqə qurmasından gedir.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra bu iş yarımçıq qalmışdı. Ancaq 2020-ci ildə müharibədən sonrakı dönəmdə Zəngəzur dəhlizi məsələsinin meydana çıxması yenidən türk qapısının açılmasına bir işarədir”.
Zəngəzur dəhlizinin icrası ilə bağlı məsələdə Azərbaycan Prezidentinin ortaya birmənalı və qətiyyətli mövqe qoymasından Ermənistan hakimiyyətindən daha çox bu ölkənin daxilindəki revanşist qüvvələr rahatsızdırlar. O qeyd etdi ki, revanşist qüvvələr yenidən və bütün anlamlarda Ermənistanın ya simvolik, ya da gerçək anlamda türklərin əhatəsinə düşməsindən qorxurlar, bu da təsadüfi deyil. “Artıq görünür ki, bu məsələ Ermənistan hakimiyyətinin iradəsindən kənara çıxıb, artıq onların Zəngəzur dəhlizini icra etməkdən başqa çarəsi yoxdur. Çünki Azərbaycanla yanaşı, Rusiya və Türkiyə bu məsələdə mühüm rol oynayırlar. Rusiya da bu məsələnin gerçəkləşməsində öz maraqlarına görə israrlıdır”.
F.Ələkbərlinin qeyd etdiyinə görə, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizinin gerçəkləşəcəyi göz önündədir. “Həm də biz bilirik ki, dövlət başçısının öz çıxışlarında Zəngəzurun da, İrəvanın da hansı şərtlər altında indiki Ermənistanın tərkibində olmasına da işarələr vurması təsadüfi deyil. Bu cür tarixi məsələlərə Prezidentin müraciət etməsi məhz Ermənistanı həm də siyasi-psixoloji anlamda dalana dirəməkdir. Bu isə o deməkdir ki, Ermənistan öz öhdəliklərinə əməl etməsə, hətta Rusiya da Ermənistanı müdafiə edə bilməyəcək və Azərbaycan özünün digər tarixi torpaqlarını da öz ərazisinə qatacaq. Mənə elə gəlir ki, Prezidentin tarixə tez-tez ekskurs etməsi səbəblərindən belə qənaətə gəlmək olur ki, Ermənistan üçtərəfli bəyanatın şərtlərinə əməl etməzsə, Azərbaycanın hazırda Ermənistan ərazisində olan öz tarixi torpaqlarını həm hərbi yolla, həm də beynəlxalq hüquq müstəvisində geri qaytarmaq hüququ var.
Bütün bunlar onu göstərir ki, bu anlamda Ermənistan hakimiyyəti çıxılmaz vəziyyətdədir, bu məsələdə də Azərbaycanın iradəsi, mövqeyi ilə hesablaşacaq, başqa yolu yoxdur. Eyni zamanda, Ermənistan hakimiyyətinə müxalif olan qüvvələrin özü də bu məsələdə birmənalı mövqe nümayiş etdirə bilmirlər. Çünki, hər halda, ən azı bu məsələlərlə bağlı Ermənistanda ikitirəlik var. Görünən odur ki, Zəngəzur dəhlizinin gerçəkləşməsi, bütövlükdə, üçtərəfli bəyanatdan irəli gələn məsələləri Ermənistan hakimiyyətinin həll etməsində əsas üstünlüyü hakimiyyətyönlülər təşkil edir ki, onlar məhz bu dəhlizin gerçəkləşməsini istəyirlər. Çünki əks təqdirdə Ermənistanı daha ağır iqtisadi, siyasi və hərbi problemlər gözləyir” - deyən F.Ələkbərli hesab edir ki, həm Rusiyanın Ermənistanı sıxışdırması, həm Türkiyə və Azərbaycan birliyinin güclənməsi, həm Qərb dövlətlərinin ona yetərincə dəstək verməməsi, İrandan lazımi dəstəyi ala bilməməsi Ermənistanı çıxılmaz bir vəziyyətə salıb, bu da Ermənistanı Azərbaycan, Rusiya və Türkiyənin istəyinə uyğun hərəkət etməyə sövq edir.
İradə SARIYEVA