“Dağlıq Qarabağda baş verdiyi kimi dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunmadığı zamanı qanunlar tətbiq edilməlidir”. Bunu Almaniya kansleri Angela Merkel Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında videokonfrans vasitəsilə çıxışı zamanı bildirib.
“Birlikdə qəbul edilmiş qanunlara riayət edilməsi vacibdir. Bu qanunlar sülhə təhlükə yarandığı zaman tətbiq edilməlidir. Bu qanunlar dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilmədiyi zaman tətbiq edilməldir. Dağlıq Qarabağı misal göstərmək olar. Bu zaman Avropa Şurası vacib rol oynamalıdır. Avropa Şurasının bütün institutları bu işdə bir-birilə əməkdaşlıq etməlidirlər”- deyə o bildirib.
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi Almaniya artıq dolayısı ilə də olsa Azərbaycanın düzgün yolla getdiyini etiraf edib və 44 günlük müharibəyə haqq qazandırıb. Qarabağla bağlı bəyanatda müəyyən dolaşıqlıqlar olsa da, Merkel həqiqəti bu şəkildə də olsa etiraf edib.
“...ermənilərin haqsız iddialarına əsaslı bir cavab kimi də dəyərləndirmək olar”
Məsələni dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, Almaniya kanslerinin bu cür açıqlaması doğrudan da bizim üçün vacibdir. “Çünki 44 günlük müharibənin gedişində biz Almaniyanın obyektiv mövqeyini görmədik, hətta Almaniyanın xarici işlər naziri anti-Azərbaycan mövqeyindən çıxış edərək, bizdən açıq şəkildə hərbi əməliyyatların dayandırılmasını tələb etdi. Demək olar ki, İkinci Qarabağ müharibəsinin gedişində Almaniya, faktiki olaraq, Ermənistanın tərəfində oldu. Düzdür, Fransa qədər bu məsələdə güclü fəallıq göstərmədi, amma mövqeyi belə oldu. Müharibədən sonrakı dövrdə də həm Türkiyəyə, həm də Azərbaycana qarşı Almaniyadan belə bir “səlib yürüşü” başlamışdı. Bu, erməni lobbisinin, yoxsa Almaniyadakı millətçi-sağçı partiyaların təsiri altında baş verirdi, bilmirəm, orada ultrasağ partiya var ki, onlar erməni lobbisi ilə sıx əlaqədədirlər, bu qüvvələr açıq şəkildə anti-Azərbaycan təbliğatı aparırlar”.
A.Nağı qeyd etdi ki, müharibədən əvvəl də həmin təşkilatın nümayəndəsi Qarabağa qanunsuz səfərlər edib və bizə qarşı bəyanatlar vermişdi, bu, Azərbaycan mediası və Almaniyadakı Azərbaycan diasporu, bizim də əməkdaşlıq etdiyimiz təşkilatların fəalları, onların saytları tərəfindən sərt qarşılanmışdı, Almaniya üçün alternativ adlı təşkilatın mövqeyinə etiraz bildirilmişdi. “Ona görə də, fikrimcə, belə bir şəraitdə Merkelin bu cür açıqlama verərək Azərbaycanın ərazi bütövlüyü məsələsini qabartması çox vacib məsələdir. Almaniya kansleri bununla Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməkdə haqlı olduğunu anladıb. Yəni Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə tam haqqı var. Almaniya rəhbərinin bu məsələdə öz münasibətini açıq şəkildə bildirməsini istərdik. Amma, hər halda, onun dolayısı yolla olsa da bildirdiyi mövqeyi ermənilərin haqsız iddialarına əsaslı bir cavab kimi də dəyərləndirmək olar.
Bilirsiniz ki, AŞPA-da iki gün ərzində ermənilər və onların havadarları iftiralar səsləndirdilər. Müəyyən ölkələri təmsil edən bəzi deputatları da aldadıb yoldan çıxarmışdılar, onlar ermənipərəst mövqedən çıxış edirdilər. Amma onlar çox az sayda idi və onların çıxışları da elə bir əhəmiyyət kəsb etmirdi. Amma İkinci Qarabağ müharibəsi ilə bağlı Azərbaycana qarşı tək-tək çıxışlar vardı. Xüsusən də “hərbi əsirlər” məsələsini Azərbaycana qarşı “ittiham platforması” kimi formalaşdırmağa çalışırdılar”.
Bu gün Avropanın lider dövləti Almaniyanın və onun rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı birmənalı münasibət bildirməsini müsbət dəyərləndirmək lazım olduğunu deyən A.Nağı hesab edir ki, artıq Azərbaycanın haqlı mövqeyini başa düşürlər: “Artıq Azərbaycanın haqlı mövqeyini başa düşürlər və Azərbaycan da bu istiqamətdə mövqelərini davam etdirir. Azərbaycan Prezidenti haqlı olduğunu bir daha dünyaya nümayiş etdirdi və ardıcıl, davamlı addımlar atılır” - deyə A.Nağı vurğuladı.
İradə SARIYEVA