Aprelin 20-də “Sərhədsiz Reportyorlar” mətbuata dəstək təşkilatı dünya üzrə birillik Mətbuat Azadlığı İndeksini dərc edib. Məruzədə göstərilir ki, 180 ölkədən 73-də jurnalistika tamamilə və ya xeyli çətinləşib, 59 ölkədə isə məhdudlaşdırılıb.
“İndeks” informasiya əldə etmək məhdudiyyətlərinin səviyyəsi və xəbərlərin işıqlandırılmasında maneələrlə müəyyən edilir. Araşdırma göstərir ki, dünyada, xüsusən Asiya və Yaxın Şərqdə, amma eyni zamanda, Avropada da jurnalistlərin həssas mövzuları araşdırması və işıqlandırması getdikcə daha da çətinləşir.
Qeyd olunur ki, hazırda 180 ölkədən cəmi 12-si və ya 7%-i əlverişli informasiya mühiti ilə fəxr edə bilər (Ağ siyahı). 36 ölkədə mətbuat azadlığı sahəsində vəziyyət normal hesab olunur (Sarı siyahı). 59 ölkədə ciddi problemlər var (Qəhvəyi siyahı). 51 ölkədə vəziyyət pisdir (Qırmızı siyahı). Nəhayət, 20 ölkədə mətbuat azadlığı sahəsində vəziyyət həddindən artıq ağırdır (Qara siyahı).
Burada diqqətçəkən məqam odur ki, “Sərhədsiz Reportyorlar”ın dəyərləndirməsinə görə, mətbuat azadlığına görə Ermənistan 180 ölkə arasında 60-cı, Azərbaycan isə 167-ci yerdə olub.
Ən azından, müharibə ilə əlaqədar hər iki ölkədə hərbi vəziyyət elan olunub. Ancaq Ermənistan Azərbaycandan bir neçə ay sonra hərbi vəziyyəti ləğv edib. Belə ki, 24 mart 2021-ci ildə Ermənistanda hərbi vəziyyət ləğv edilib. Belə olan halda, Ermənistan hansı parametrlərə görə Azərbaycandan bu qədər öndə ola bilər?
“Bəli, bu təşkilatlar Azərbaycanı sevmirlər, amma qərəzli yanaşmanın da bir həddi olmalıdır”
Məsələyə münasibət bildirən media eksperti, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədlinin sözlərinə görə, “Sərhədsiz Reportyorlar”ın məlum dəyərləndirməsi Azərbaycana yönəlik növbəti qərəzli yanaşmanın göstəricisidir: “İnsan haqlarından danışan bir sıra beynəlxalq təşkilatlar, ənənəvi olaraq, Azərbaycana qərəzli münasibət sərgiləyirlər. Bir növ, bu məsələdə “həmrəylik” nümayiş etdirirlər. Məlum olduğu kimi, 2020-ci il kataklizmlərlə dolu olan il oldu. Pandemiya bütün dünyanı sirkələdi. Dünya ölkələrində iqtisadiyyat çökdü, bəzi ölkələr, ümumiyyətlə, pandemiya ilə mübarizədə aciz duruma düşdülər və s. Azsaylı ölkələrdən biri də Azərbaycan idi ki, pandemiya ilə mübarizədə işləri uğurla təşkil edə bildi. Bu istiqamətdə çoxsaylı iş görüldü. Modul tipli xəstəxanalar tikildi, sürətlə hazırlıq işləri görüldü və s. Azərbaycanın gördüyü işlər Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında yüksək qiymətləndirildi. O da məlumdur ki, ötən ilin 27 sentyabrında Azərbaycan Ermənistanın təxribatı nəticəsində müharibəyə cəlb olundu. 44 günlük Vətən müharibəsi dövründə ölkədə görünməmiş həmrəylik və birlik yarandı. Nəticədə ərazilərimiz işğaldan azad edildi. Görünən odur ki, Azərbaycandakı möhtəşəm həmrəylik “insan hüquqlarından” danışan təşkilatları narahat edir. Ermənistan ötən il hərbi vəziyyət çərçivəsində media ilə bağlı bir sıra məhdudlaşdırıcı addımlar atdı. Üstəlik, ölkədəki bu rejim müharibədən sonra 4 ay davam etdi. Ancaq, nədənsə, “Sərhədsiz Reportyorlar” bunları görməzdən gəlir. Məqsəd ancaq Azərbaycanı qaralamaqdır.
“Sərhədsiz Reportyorlar”ın son hesabatında dəyərləndirmənin konkret hansı formada aparılması göstərilməyib. Hansı meyarlara görə Ermənistan bu qədər öndədir? Faktiki olaraq bu göstərilməyib. Hansı ki, müharibədən sonra Ermənistanda iğtişaşlar və qarşıdurmalar baş verib. Buna görə çoxsaylı həbs olub. İnsanlar həm pandemiya səbəbindən, həm də müharibənin nəticələrinə görə ölkəni tərk edirlər. Bütün bunlardan sonra Ermənistanın media azadlığına görə 3 dəfəyə yaxın Azərbaycandan öndə olması praktiki baxımdan mümkün deyil. Bu dərəcədə qərəz olmaz axı. Bəli, bu təşkilatlar Azərbaycanı sevmirlər. Ancaq qərəzli yanaşmanın da bir həddi olmalıdır”.
Media eksperti onu da qeyd etdi ki, müəyyən təşkilatlar Azərbaycanı qaralamaqla bağlı bir-birilə yarışa giriblər.
Vidadi ORDAHALLI