Ermənistanın 30 il işğal altında saxladığı torpaqları 44 gün davam edən Vətən müharibəsi nəticəsində azad edən Azərbaycan bununla, ərazi bütövlüyünü bərpa etməklə yanaşı, erməni faşizminə də cidd zərbə vurdu. Əslində, erməni faşizminin ifşasına Azərbaycan müharibədən əvvəl başlamışdı. Xüsusən də Ermənistanda faşist Njdenin qəhrəman obrazının yaradılması fonunda Azərbaycan bu məsələyə xüsusi diqqət yetirməyə, dünyanın diqqətini buna cəlb etməyə başlamışdı.
Qeyd edək ki, Ermənistanda faşist Njdenin qəhrəman obrazının yaradılması ilə bağlı məsələni ilk dəfə Prezident İlham Əliyev hələ 2019-cu ildə Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında qaldırıb. Bundan sonra dünyanın diqqəti faşizmin Ermənistanda çiçəklənməsi, bu ölkənin nasizmə sadiqliyinə yönəldi. Bunun ardınca Prezident İlham Əliyev ötən il BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışında nasizmin şöhrətləndirilməsinin Ermənistanın dövlət siyasəti olduğunu diqqətə çatdırıb. Daha sonra Vətən müharibəsində Ermənistanı sarsıdıcı məğlubiyyətə uğradan Azərbaycan qazandığı qələbə ilə erməni faşizminə növbəti inamlı zərbə vurdu. Elə indi də Azərbaycan erməni faşizminə qarşı müvafiq addımlar atmağa hazır olduğunu ən yüksək səviyyədə bəyan edir. Bunu Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində səsləndiridiyi fikirlərdən də aydın görmək olar: “Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir. Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik. Bu bizim tarixi missiyamızdır - təkcə Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında. Erməni faşizmi məhv edilib. Onu məhv edən Azərbaycan xalqı olmuşdur. Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı, lazım olarsa, istənilən zaman əziləcəkdir. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın. Biz imkan verə bilmərik Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Biz əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir - həm Ermənistan, həm də onun havadarları. Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir”.
Beləliklə, səslənən fikirlərdən bəlli olur ki, Azərbaycanın mövqeyi qətidir. İndi Ermənistan bədnam niyyətlərinə, faşizmə sadiqliyinə son qoysa, Azərbaycan bu ölkə ilə əməkdaşlığa hazır olduğunu yenə ən yüksək səviyyədə bildirir. Belə əməkdaşlığın əsas şərtlərindən biri isə Zəngəzur dəhlizinin reallaşmasından keçir. Bu xüsusda Prezident İlham Əliyev qeyd edir: “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”. Azərbaycanın belə qətiyyətli mövqeyi artıq Ermənistanda əsl şok effekti yaradıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anna Nağdalyan bildirir ki, Prezident İlham Əliyevin dedikləri, guya ki, Azərbaycanın Ermənistana qarşı güc tətbiq edəcəyinin növbəti göstəricisidir. Artıq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ermənilərin bu yanaşmasının tamamilə cəfəng olduğunu diqqətə çatdırıb: “Azərbaycan Prezidenti, hər zaman olduğu kimi, fikirlərini kifayət qədər aydın və konkret şəkildə ifadə edib. Əgər Ermənistan XİN-i eşitdiklərini istədiyi şəkildə yozaraq təqdim etmək istəyirsə, bu artıq onların mənfur niyyətinin göstəricisidir. Dövlətimizin başçısının fikirlərini təfsir etmək istəyənlərin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan Prezidenti 20 aprel tarixli müsahibəsində Azərbaycana qarşı Ermənistanda baş qaldıra biləcək revanşizmdən və ərazi bütövlüyümüzə ola biləcək təhdidlərdən bəhs edib və “əgər mümkün təhdidi təsbit etsək, onu məhv edəcəyik... çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir”, - deyə vurğulayıb. Bu isə, Ermənistan XİN-in iddia etdiyi kimi, Ermənistanın ərazi bütövlüyünə təhdid deyil, əksinə, Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə ola biləcək hər hansı təhdidi cavablandırmaq qətiyyətimizin göstəricisidir... Ermənistan, təəssüf ki, üçtərəfli bəyanatın icrası əvəzinə, yalan və iftira dolu fikirləri ilə həm öz əhalisini zəhərləyir, həm də beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır”. Real vəziyyət göstərir ki, Azərbaycanın əməkdaşlıq niyyətinə qarşı çıxanlar Ermənistanda faşizm ideyalarına sadiq qalanlardır. Amma belələrinin niyyətinin həyata keçməsi mümkün deyil. Ən azından, güclü Azərbaycan buna imkan verməyəcək.
Samirə SƏFƏROVA