Ukrayna uğrunda Rusiya və Qərb arasında ziddiyyət getdikcə daha qabarıq xarakter almağa başlayır. Bu fonda Rusiyanın Xəzərdən hərbi qüvvələrini çıxarıb Ukrayna sahillərinə yerləşdirməsi də xüsusi diqqət cəlb edir.
Qeyd edək ki, Rusiyanın Ukrayna sərhədləri boyu cəmləşdirdiyi qoşunların sayı artıq 150 mini keçir. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrel da bildirib ki, Rusiya Ukrayna sərhədlərində və ilhaq edilmiş Krımda özünün qoşun birləşmələrini cəmləşdirməkdə davam edir: “Biz Ukrayna sərhədlərində Rusiya qoşunlarının sayının artırılmasından çox narahatıq. Hazırda 150 mindən çox canlı qüvvədən ibarət qoşunlar Ukrayna sərhədləri boyu və Krımda cəmləşdirilib. Eskalasiya risqi aşkar ortadadır”. Borrel bildirib ki, qoşunların cəmləşdirilməsi hələ də davam edir və son illərdə ən yuxarı həddə çatıb. Yuxarıda qeyd olunduğu kimi, Rusiya Xəzərdəki qüvvələrini də Qara dənizə keçirərək Ukrayna sahillərində cəmləyir. Xəzər donanmasının 15 gəmidən ibarət qrupu aprelin 17-də səhər Kerç boğazı ilə Krım körpüsü altından keçərək Qara dənizdəki təyinat yerinə üz tutub. Donanmalararası keçid edən gəmi dəstəsi Volqa-Don kanalı ilə hərəkət edərək Qara dəniz donanmasının operativ tabeliyinə keçib. Elə həmin gün Bosfor boğazı vasitəsilə Şimal donanmasının "Aleksandr Otrakovski" və "Kondopoqa" böyük desant gəmiləri, bir qədər sonra isə Baltik donanmasının analoji "Kalininqrad" və "Korolyov" gəmiləri də Qara dəniz sularına daxil olub. Beləliklə, ümumilikdə Qara dənizdə Rusiyanın böyük desant gəmilərinin sayı 11-ə çatlb ki, onlar da göyərtəsinə silah və zirehli texnikası ilə birlikdə üç min nəfərə qədər dəniz piyadası götürə bilər. Xəzər, Baltik və Şimal donanmalarının qüvvələri Qara dəniz donanması ilə birlikdə ərazidə yaranmış ciddi vəziyyət nəzərə alınaraq təşkil olunmuş irimiqyaslı manevrlərdə iştirak edirlər.
Rus hərbi şərhçi Aleksandr Xrolenko qeyd edir ki, Rusiyanın Xəzər, Baltik və Şimal donanmalarına aid olan raketdaşıyan, artilleriya və desant gəmilərinin Qara dənizə aparılması cənubi-qərb strateji istiqamətində istənilən təhlükənin qarşısını almağa hazırlıq deməkdir: “Qara dənizi şahmat lövhəsi ilə müqayisə etsək görərik ki, hazırda orada Rusiyanın "fiqurları"nın sayı daha çoxdur və onlar Qərbin təklif etdiyi bu hərbi-strateji oyunda daha effektiv mövqe tutur. Həmin gəmilər "Kalibr" qanadlı raketləri ilə 2000 km radiusda "Liviya ssenarisini" və ya "səhrada tufanı" həyata keçirməyə, yəni istənilən Avropa ölkəsinin ərazisində işğalçını məhv etməyə qadirdir. Bu təlimlərə, həmçinin, Qara dəniz və Xəzər donanmalarının dəniz piyadaları və sahil mühafizə qoşunlarının da bölmələri cəlb olunub. Rusiyanın cənubi-qərb sərhədlərinə həmçinin iki ümumqoşun ordusu, üç hava-desant diviziyası, Cənub Hərbi Dairəsinin zərbə aviasiyası da cəmləşdirilib. Krımda yerləşən qruplaşma isə quruda, suda və havada ehtimal olunan düşmənin dəniz və hava desantını "isti-isti" qarşılanmasını məşq edir”.
Ekspert xatırladır ki, Şərqi Avropada NATO-nun 26 ölkədən 30 minə qədər hərbçisinin iştirakı ilə "Defender Europe 21" təlimləri keçirilir: “Həmin təlimlərin Qara dənizdəki aktiv fazası cari ilin may ayına planlaşdırılıb. Həmin vaxta qədər əraziyə Böyük Britaniyanın döyüş gəmiləri, minadaşıyan və sualtı qayıq vuran freqatı gələcək. Onlar isə ABŞ-ın "Qarpun" tipli gəmi əleyhinə raketləri və 80 km məsafədə aerodinamik hədəfləri vurmağa qadir olan "Sea Wolf" zenit-raket kompleksləri ilə silahlanıb.
O da məlumdur ki, İngiltərənin Qara dənizdə üzən hərbi gəmilərini Aralıq dənizindəki "Kraliça Yelizoveta" təyyarədaşıyan gəmisinin göyərtəsindəki F-35 çoxtəyinatlı qırıcı-bombardmançıları da dəstəkləməyə hazırdır. Donbasda vəziyyətin kəskinləşməsi fonunda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bir müddət əvvəl bildirib ki, ABŞ və müttəfiqləri Ukraynanı Krıma münasibətdə də təxribatlara təhrik edirlər. Rusiya silahlı qüvvələri ehtimal olunan "Avropa müdafiəçilərinin" Krım sahillərinə və Kerç boğazına yollarını kəsir. Planlaşdrılmış hərbi manevrlərlə əlaqədar olaraq aprelin 21-dən oktyabrın 31-dək Rusiya Qara dənizin bir neçə rayonunu xarici hərbi gəmilər üçün bağlayacaq. Söhbət üç gəmi yolundan gedir: Krımın cənub sahili boyunca (Sevastopoldan Qurzufa qədər), Kerç yarımadası sahillərində və Krımın Qərb sahillərində dənizin kiçik bir hissəsi. Qeyd edək ki, bütün bu məhdudiyyətlər Rusiyanın ərazi suları daxilində, beynəlxalq qaydalara uyğun tətbiq olunur və Kerç boğazı vasitəsilə mülki gəmilərin keçməsinə mane olmur. Ukrayna və NATO silahlı qüvvələrinin "böhran regionunda" desant çıxarılmasının məşq edildiyi standart təlimlərinə Rusiya Krım sahilləri yaxınlığında yüksək dəqiqliyə malik qanadlı raketlərlə silahlanmış gəmi-zərbə qruplaşmasını, Qara dəniz və Cənub hərbi dairələrinin "hava armadasını" formalaşdırmaqla cavab verir və bununla da təchiz olunmamış sahillərə çıxma imkanlarını nümayiş etdirir”. Ekspertin sözlərinə əsasən, bir qədər əvvəl Qara dəniz üzərində Cənub Hərbi Dairəsi və Qara dəniz donanmasının dəniz aviasiyasının birgə irimiqyaslı təlimləri keçirilib: “Həmin təlimlərdə Su-24M və Su-34 bombardmançıları, habelə Su-27SM və Su-30SM çoxtəyinatlı qırıcıları aşağı hündürlüklərdə dəniz hədəflərinə raket və bomba zərbələrini məşq edir, Qara dəniz donanması gəmilərinin havadan qorunması tapşırıqlarını yerinə yetiriblər. Rusiya silahlı qüvvələrinin dominantlığı şəraitində "Avropanın müdafiəçiləri"nin Qara dənizdə manevr etmək üçün güc və vasitələri məhduddur. Yəqin ki, "Defender Europe 21" planlarına bir qədər düzəliş etmək lazım olacaq. Həm də bu zaman NATO-nun "böyük tərəfdaşları"nın nüfuzuna da xələl gələcək. Pentaqonun "gəmilərin hərəkət azadlığı"nın pozulması barədə səksəkəli bəyanatları da elə bununla bağlıdır”. Beləliklə, baş verənlər Qara dənizdə artıq təhlükəli bir vəziyyətin yarandığını göstərir və burada Rusiya-Qərb qarşıdurmasının başlanmasını istisna etmir.
Tahir TAĞIYEV