Beynəlxalq hüququn tətbiqində ədalət gözlənilmədiyi halda bunun bütün dünya üçün ciddi fəsadlara gətirib çıxarmasının qaçılmaz olması haqda Azərbaycan dəfələrlə xəbərdarlıq edib. Qarabağ münaqişəsinin mövcud olduğu dönəmdə Azərbaycan dünya ictimaiyyətini dəfələrlə bu məsələnin həllində beynəlxalq hüququn tələblərinə əməl edilməsi istiqamətində əməli addımlar atmağa çağırıb.
Rəsmi Bakı dövlətlərarası münasibətlər sistemində sülh və təhlükəsizliyin təmin olunması, qarşıdurmaların və silahlı münaqişələrin aradan qaldırılması, ərazi toxunulmazlığı kimi məsələlərdə beynəlxalq hüquq tətbiq edilmədiyi halda dünyanın ciddi problemlərlə üz-üzə gəlməsinin də qaçılmaz olduğunu bildirir. Müasir dünyada silahlı toqquşmaları doğuran elementlər, dövlətlərarası münaqişələrin yaranmasının başlıca səbəbi olan ərazi işğalı, müharibə və insanlıq əleyhinə cinayətlər, soyqırımı faktları, dövlət suverenliyinə və siyasi müstəqilliyə qəsdlər Azərbaycanın bu məsələdə tam haqlı mövqedən çıxış etdiyini bir daha təsdiqləyir. Ölkəmizin dediklərinin tam reallıqlara söykənməsini artıq Almaniya kansleri Angela Merkel Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında videokonfrans vasitəsilə çıxışı zamanı da yenidən təsdiq edib. O bildirib ki, Dağlıq Qarabağda baş verdiyi kimi dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunmadığı zaman beynəlxalq hüquq normaları tətbiq edilməlidir: "Birlikdə qəbul edilmiş qanunlara riayət edilməsi vacibdir. Bu qanunlar sülhə təhlükə yarandığı zaman tətbiq edilməlidir. Bu qanunlar dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilmədiyi zaman tətbiq edilməlidir. Dağlıq Qarabağı misal göstərmək olar. Bu zaman Avropa Şurası vacib rol oynamalıdır. Avropa Şurasının bütün institutları bu işdə bir-biri ilə əməkdaşlıq etməlidir". Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçisi, Finlandiyadan seçilmiş deputat Kimmo Kilyunen də beynəlxalq hüquqa riayət edilməsinin vacibliyini diqqətə çatdırır. O, minalanmış ərazilər məsələsinin həllində də məhz beynəlxalq hüququn tətbiqinin vacib olduğunu bildirir: "Azərbaycanlılar minalanmış və yenidən tikilməyə ehtiyacı olan bir əraziyə necə qayıdacaqlar?". Kimmo Kilyunen Qarabağ münaqişəsi bitdikdən sonrakı mərhələdə azərbaycanlı köçkünlərin geri qayıtmalarını təmin etmək üçün bu ərazilərin minalardan təmizlənməsi və yenidən qurulmasının ən vacib məsələlərdən olduğunu bildirib: “Bütün hərbi əməliyyatlar siyasətin məğlubiyyəti deməkdir. İndi münaqişə bitib, barışıq və inamın yaranması mərhələsi başlayıb. Bu mərhələdə iki problemi diqqətinizə çatdırmaq istəyirəm. İlk problem azərbaycanlıların Dağlıq Qarabağa geri dönmələri ilə bağlıdır. Bu insanlar geri - torpaqlarına qayıtmağı gözləyirlər. Lakin bu ərazi hansı vəziyyətdədir? Ora minalanmış və yenidən tikilməyə ehtiyacı olan ərazidir. Hər iki ölkə - Azərbaycan və Ermənistan bu ərazilərin beynəlxalq ekspertlərin iştirakı ilə minalardan təmizlənməsi məsələsində razılığa gəlməlidir". Finlandiyalı deputat digər məsələnin mədəni irsin qorunması olduğunu deyib: "Bu məsələdə də, ümid edirəm ki, hər iki ölkə bir-birinin mədəni irsinə hörmət etmək haqqında birgə razılıq əldə etməyə nail olacaq".
Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç də beynəlxalq hüququn tətbiqinin vacibliyini, bunun davamlı sülhün əsas şərtlərindən olduğunu bildirir: "İndi əsas məsələ Azərbaycanla Ermənistan arasında davamlı sülhün yaradılmasıdır. Biz artıq ölkələrdən danışmamalıyıq, ölkələrlə danışmalıyıq. Dialoq qurmaq bizim təşkilatın əsas missiyalarındandır. Qarabağ məsələsində də bu dialoqu yaratmaq çox vacibdir. Biz əlimizdən gələni etdik ki, bu münaqişə sülh yolu ilə həll olunsun. Lakin müharibə başladı və artıq atəşkəs əldə olunub. İndi əsas məsələ davamlı sülhün yaradılmasıdır. Bunun üçün inam, xüsusilə qarşılıqlı inamın yaranması vacibdir. Təəssüf ki, hələlik bu qarşılıqlı inamın yaranması üçün əngəl olan bir sıra bəyanatlar hələ də eşidilir. Biz atəşkəs əldə olunduqdan sonra həm Bakıda, həm də İrəvanda olduq, hər iki tərəflə dialoq qurmağa nail olduq. Bu görüşlər uğurlu oldu. Bizim hər iki tərəfə davamlı sülhün əldə olunması üçün bir sıra təkliflərimiz hazırdır". İndilikdə isə Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təcavüz cinayətinə görə beynəlxalq hüquqi məsuliyyət məsələsi hələ də açıq qalmaqdadır. Çünki Ermənistan bu cinayətə görə hələ lazımı cəza almayıb. Düzdür, bu istiqamətdə müvafiq addımlar atılır. Elə Azərbaycan Televiziyasına müsahibəsində də Prezident İlham Əliyev bu xüsusda mühüm fikirlər səsləndirib: “Bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir. Bunu biz, təbii ki, edəcəyik və xarici mütəxəssislər bu sahədə bizə kömək göstərəcəklər. Bizim təbii sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmə ilə üzləşəcəklər. Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib. Xarici tərəfdaşlar artıq bu işlərə cəlb olunublar”.
Nahid SALAYEV