Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya eyni gündə həm Azərbaycanın, həm də Ermənistanın bu ölkədəki səfirləri ilə ayrılıqda görüşüb.
Darsaliya Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib: “Görüşdə bölgədəki vəziyyətə xüsusi diqqət ayrılıb, regionda sülh və sabitliyin önəmi vurğulanıb. Qeyd olunub ki, yeni reallıqları nəzərə almaqla region ölkələri sıx iş aparmalıdırlar”. Oxşar cümlələr L.Darsaliyanın Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyanla görüşündən sonra da yayımlanıb: “Görüşdə ölkələr arasında əməkdaşlıq və bölgədəki vəziyyət ətrafında fikir mübadiləsi aparılıb”.
Bundan başqa, Gürcüstan prezidenti Salome Zurabişvili bir neçə gün əvvəl Tiflisdə erməni həmkarı Armen Sarkisyanla görüşüb. Zurabişvili erməni həmkarıyla birgə bəyanatla çıxış edərkən bunu deyib: “Regiondakı istənilən münaqişə bütün bölgəyə təsir edir, buna görə də Qafqazın inkişafı üçün sülh və əməkdaşlığın alternativi yoxdur”. Həmçinin, Zurabişvili Azərbaycan və Ermənistan arasında vasitəçi ola biləcəyinə bu cümləylə işarə edib: “Biz dialoq üçün platforma təklif etdik və bu təklifimiz qüvvədə qalmaqda davam edir”.
Başqa bir tərəfdən, bu günlərdə Gürcüstan parlamenti Qarabağla bağlı qapalı müzakirə keçirib. Görünən odur ki, Gürcüstan Qarabağ məsələsində, Azərbaycan-Ermənistan münasibətləri kontekstində aktivləşib. Bütün hallarda, bu aktivlik nə ilə izah oluna bilər? Səfirlərlə eyni gündə keçirilən görüşlər Gürcüstanın Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq istəyindən irəli gələ bilərmi?
“Zurabişvili səmimi olsaydı, Armen Sarkisyanın təxribatcı Ağrı dağ şəklini paylaşmazdı”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Gürcüstan hakimiyyəti Ermənistan və Azərbaycan arasında vasitəçilik etmək istəyirsə, o zaman bir sıra addımlar atmalıdır. Belə maraqlıdırsa, o zaman İrəvandan minalanmış ərazilərin xəritəsini Azərbaycana verilməsini istəməlidir. Yəni bu yöndə çağırış etməlidir. Həmçinin, Gürcüstan prezidenti S.Zurabişvili səmimi olsaydı, Ermənistan prezidenti Armen Sarkisyanın təxribatcı Ağrı dağ şəklini paylaşmazdı. Gürcüstanın indiki hakimiyyətinin Azərbaycana qarşı heç də xoş olmayan siyasəti var. Bunu inkar etmək doğru olmaz. Ona görə də “Gürcü arzusu” partiyasının iki ölkə arasında əlaqələrin inkişafında vasitəçiliyi manipulyasiya olar. Ümumiyyətlə, yaxşı olar ki, hər iki ölkə ilə qonşu olan ölkə vasitəçi olsun. Amma hakimiyyətdə olan “Gürcü arzusu” partiyasından bunu gözləmək əbəsdir. Sadəcə, burada Ermənistan üçün faydalı ola biləcək nəsə axtarırlar. Düşünürəm ki, rəsmi Bakı prosesləri yaxşı bilir. Sadəcə, görək rəsmi Tiflisin mövqeyi nə vaxtacan belə davam edəcək. Düşünürəm ki, Azərbaycan və Ermənistan arasında hər hansı vasitəçi sabotajçı olacaq. Azərbaycan və Ermənistan rəsmiləri bir araya gəlib, problemləri özləri həll edə bilər. Paşinyanın buna gedəcəyi mümkündür. “Gürcü arzusu” partiyasından vasitəçi çıxmaz”.
Politoloq onu da qeyd etdi ki, bu məsələdə illüziyaya qapılmaq olmaz.
Vidadi ORDAHALLI