Azərbaycanın Qarabağ bölgəsindəki separatçılardan ibarət qondarma rejimin “Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti”nin “rəis müavini” Boris Avakyan işdən qovulub. Erməni mediasının verdiyi məlumata görə, qondarma rejimin “daxili işlər naziri” Karen Sarkisyan onu “tutduğu vəzifədən” azad edib.
B.Avakyan aprelin 19-da İrəvanda jurnalistlərə müsahibəsi zamanı səsləndirdiyi fikirlərə görə “vəzifəsi"ni itirib. Belə ki, o, səlahiyyət həddini aşdığı üçün “tutduğu vəzifədən” uzaqlaşdırılıb: “Boris Avakyan Yerevanda keçirdiyi mətbuat konfransı zamanı səsləndirdiyi fikirlərə görə daxili işlər naziri Karen Sarkisyanın əmri ilə işdən çıxarılıb. Avakyanın səsləndirdiyi fikir və iddiaların çoxunu bölüşmürük. Bundan başqa, söylədiklərinin bir qismi həqiqətə uyğun deyil. Uyğunsuz davranışı və vəzifəsindən sui-istifadə etdiyinə görə Boris Avakyan işdən çıxarılıb”.
Xatırladaq ki, B.Avakyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib: “Azərbaycanla sülh olmayıb və yoxdur. 25 il bizimlə döyüşə hazırlaşan düşmənimiz var. Cəmiyyətin müəyyən qismi elə zənn edirdi ki, biz onlarla artıq sülh şəraitindəyik, məsələ həll olunub. Ancaq bu gün sülh yoxdur. Qarşımızda düşmən ovqatında dövlət var. Biz onunla danışıq aparırıq. Hərbi əməliyyatların keçirilməməsi sülh demək deyil. Azərbaycanla sülh müqaviləsi imzalanmayıb”.
Maraqlıdır, ermənilərin Azərbaycan əleyinə danışanları sərt şəkildə cəzalandırmasının arxasında hansı məqsədlər dura bilər?
Plotoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər bu addımı təsadüfən atmır: “Ötən ilin payızındakı 44 günlük şanlı Vətən müharibəsinin regionda yaratdığı ən böyük gerçəklik ondan ibarətdir ki, Azərbaycan 30 illik işğaldan azad etdiyi Qarabağ torpaqlarında qələbə sevinci və ruh yüksəkliyi ilə dinc quruculuğa başlayıb, özünün yetərli imkanları ilə kommunikasiya və infrastruktur tədbirlərini sürətlə davam etdirir. Ölkəmizin hərb meydanında ağır məğlubiyyətə uğratdığı təcavüzkar Ermənistan isə hələlik sonu görünməyən siyasi, iqtisadi və mənəvi böhran içərisində çabalayır, ara-sıra revanşist çağırışlar eşidilir. Əgər Ermənistanın başında duran şəxslər Azərbaycan Prezidentinin uzaqgörən siyasətindən və xəbərdarlıqlarından düzgün nəticə çıxartmağı bacarsaydı, düşmən ölkə indiki faciəli vəziyyətə düşməzdi. Prezidentimiz nəticənin necə olacağını hamıdan yaxşı bilirdi və Azərbaycanın qələbəsinə zərrə qədər şübhə etmirdi. Ordumuzun bütün tapşırıqları yerinə yetirəcəyinə əminlik böyük idi. Ölkəmizdəki daxili sabitlik, iqtisadi inkişaf, iqtidar-xalq birliyi, cəmiyyətin Qarabağ məsələsində həmrəylik nümayiş etdirməsi torpaqlarımızın azadlığına və möhtəşəm qələbə qazanmağımıza gətirib çıxartdı. Ermənistanın mövcud reallıqlarla barışmaqdan başqa çarəsi qalmır. Çünki anlayırlar ki, revanşist çağırışlar Ermənistanın inkişafını daha da ləngidə bilər. Onların yeganə yolu sülh danışıqlarına gedib, ölkələrini iqtisadi böhrandan çıxarmaqdır. Artıq Ermənistanda bu düşüncə revanşist fikirdə olanları üstələyir. Bu səbəbdən də, belə fikirləri ifadə edənlərə qarşı sərt tədbir görürlər. Xüsusilə də bunu edən adam dövlətdə təmsil olunursa, cəza sərt və operativ olur. Saxta nazir müavini də bu siyasətin qurbanı olub”.
Məhəmmədəli QƏRİBLİ