Azərbaycanın Qarabağ bölgəsində xidmət edən rus sülhməramlılarının İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 76-cı ildönümü münasibətilə parad hazırlığına başladıqları haqda Rusiya Müdafiə Nazirliyinə istinadən məlumatlar yayılıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, rus sülhməramlıları Xocalı hava limanında (bəzi mənbələr Xankəndi hava limanını qeyd edir - İ.S.) 9 may paradının ilk məşqlərini keçiriblər. Qurum parad məşqlərinə təxminən 400 rus hərbçisinin cəlb olunduğunu bildirib.
Rusiya MN açıqlayıb ki, təntənəli yürüşdə hər birində 45-ə qədər hərbçinin olduğu 10-a qədər dəstə keçid edəcək. Parada hazırlıq təlimlərinə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin əsasını təşkil edən Mərkəzi Hərbi Dairənin 15-ci motoatıcı alayının sülhməramlı heyəti qatılıb.
Qurum bəyan edib ki, paradda Rusiyanın İnsani Müdaxilə Mərkəzinin bölmələri, hərbi polis, xüsusi təyinatlı tibbi hissəsi, Rusiya sülhməramlı kontingentinin komanda qrupu, eləcə də maddi-texniki dəstək bölmələri iştirak edəcəklər. Bildirilib ki, sülhməramlıların parad təlimləri fəaliyyətlərinə mane olmamaqla, xüsusi təyin olunmuş vaxtda keçirilir.
Sülhməramlılar hansı əsasla Qarabağda parad kecirmək istəyirlər?
Ekspertlər qeyd edirlər ki, Rusiya sülhməramlılarının
Qarabağda 9 May qələbə paradını keçirmək istəyi, birmənalı olaraq, qanunazidd addımdır, bu onların səlahiyyət çərçivələrini aşdıqlarını bir daha sübut edir. Ekspertlər hesab edirlər ki, Qarabağ Azərbaycan torpağıdır və orada yalnız Azərbaycan dövləti qələbə paradı keçirə bilər, başqa heç bir ölkənin hərbi kontingentinin bizim ərazidə parad keçirməyə ixtiyarı yoxdur.
“...Azərbaycanın suverenliyinə qarşı yönələn təhdid kimi qiymətləndirilməlidir”
Tanınmış hərbi ekspert Tərlan Eyvazov “Bakı-Xəbər”ə bildirdi ki, rusiyalı sülhməramlıların parad hazırlığına başlaması tamamilə qanunaziddir və bu onların statusuna uyğun gəlməyən təşəbbüsdür. “Bu barədə yayılan məlumat məni də çox narahat edib. Təbii ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisində parad təlimlərinə başlaması, parad keçirməyə təşəbbüs etməsi yolverilməzdir. Birmənalı olaraq, belə bir məsələyə yol vermək olmaz. Ümumiyyətlə, bu, istənilən halda, sülhməramlıların statusuna ziddir. Təsəvvür edin ki, tutalım, Azərbaycanın sülhməramlı qüvvələri 28 May Respublika Günü münasibətilə sülhü qoruduğu ölkələrin hansısa birində hərbi parad keçirir, həmin ölkələr buna imkan verərmi? Xeyr, verməzlər. İndi bu o demək deyil ki, Rusiya bölgədə tək sülhməramlı yerləşdirən dövlət olduğu üçün burada istədiyini etməlidir. Əslində, bütün hallarda, Rusiya Qarabağ bölgəsində tək də deyil, Türkiyə ilə müştərəkdir, hər hansı bir formada da olsa Türkiyə Silahlı Qüvvələri də orada iştirak edirlər”.
T.Eyvazovun fikrincə, Rusiya əgər belə bir parad təşkil etmək istəyirdisə, bunun üçün Azərbaycan dövlətinin razılığını almalı və bu paradı Azərbaycanla birgə keçirməlidir, necə ki, 9 Mayda Azərbaycan Moskvada, Parisdə və sairdə keçirilən faşizm üzərində qələbəyə həsr olunmuş paradda iştirak edir.
Bu paradın Azərbaycan ərazisində, Azərbaycan dövlətinin iştirakı olmadan keçirilməsinin mənfi hal olduğunu deyən T.Eyvazovun sözlərinə görə, amma Rusiyanın bunu keçirmək istədiyini bəyan etməsi Azərbaycanın suverenliyinə zidd addımdır. “Bu isə yolverilməz və qəbuledilməz hərəkətdir. Bu fonda son vaxtlar məlum olur ki, Rusiya 44 günlük müharibədə neytral mövqedə dayandığını bəyan etsə də, əslində, o heç də neytral mövqedə dayanmayıb, hətta Rusiya tərəfindən Ermənistana “İsgəndər-M” raketləri verilib, təkcə bu deyil, o biri raketlər də Rusiya raketləri olub. Amma təbii ki, “İsgəndər-M” raketləri heç bir xarici ölkəyə verilməməlidir, amma bunlar verilib.
Rusiya sülhməramlılarının fəaliyyətinə gəlincə, son vaxtlar daha açıq müşahidə edilir ki, onlar bölgədə sülhməramlı statusundan çıxış etmək əvəzinə, özlərini daha çox Ermənistanın tərəfdaşı kimi aparırlar. Rusiya sülhməramlıları özlərini sülh təminatçısı kimi aparmırlar. Ona görə də rus sülhməramlılarının fəaliyyətlərinin bu şəkildə davam etməsinə və Qarabağda 9 May qələbə paradı keçirmələrinə müsbət yanaşmaq olmaz”.
T.Eyvazovun sözlərinə görə, şəxsi heyət qarşısında belə hər hansı bir kiçik tədbir keçirilərsə belə, orada mütləq şəkildə Azərbaycan və Türkiyə nümayəndələri təmsil olunmalıdırlar, yalnız bu halda Rusiya hansısa bir tədbir keçirə bilər: “Əks halda, bu, Azərbaycanın suverenliyinə qarşı yönələn təhdid kimi qiymətləndirilməlidir”.
İradə SARIYEVA