Bir çox internet resurslarında Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov Rayon Təşkilatının binasının birinci mərtəbəsinin icarəyə verilməsilə bağlı məlumat yayılıb. Bildirilir ki, binanın birinci mərtəbəsi aylıq 4 min manat qarşılığında iki ildir ki, kurslara kirayəyə verilib.
O da bildirilir ki, xəbəri YAP Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev də təsdiqləyib. Qeyd edək ki, Təmraz Tağıyev, həmçinin, Nərimanov rayon Bələdiyyəsinin sədridir.
YAP-ın inzibati binasından bu cür istifadə nə dərəcədə doğrudur?
Təmraz Tağıyev: “Orada nəinki mərtəbə, ümumiyyətlə, heç bir otaq belə icarəyə verilə bilməz”
Biz məlumatı aydınlaşdırmaq üçün Təmraz Tağıyevlə əlaqə saxladıq. O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, YAP-ın rayon təşkilatının binası göz qabağındadır: “Kim istəyirsə gəlib baxa bilər. Orada nəinki mərtəbə, ümumiyyətlə heç bir otaq belə icarəyə verilə bilməz. Mən belə bir xəbəri təsdiqləməmişəm. Allaha and olsun ki, yalandır. Bizim rayon təşkilatının köhnə binası Ağa Neymətulla küçəsində olub. Bəlkə söhbət həmin binadan gedir. Ancaq orada da elə şərait yoxdur ki, kurs təşkil olunsun. Yazıblar-yazıblar da, mən hər yazılanın arxasınca düşən deyiləm ki...” Təəssüf ki, YAP Mərkəzi Aparatından bu mövzu ilə bağlı şərh vermək istəmədilər.
Yayılan ilkin məlumatla Təmraz Tağıyevin bizə verdiyi açıqlama arasında ziddiyyət olduğu üçün məsələ ilə bağlı kənar bir ekspertdən rəy almaq qərarına gəldik. Ümumiyyətlə, partiyaların qərargahları kənar şəxslərə müəyyən xidmətlər üçün icarəyə verilə bilərmi?
Elşən Həsənov: “Söhbət YAP-dan gedirsə, onlar hakim partiyadır və kifayət qədər də təminatları var”
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, bunun üçün partiyanın özünə məxsus qərargahı olmalıdır: “Azərbaycanda nəinki öz mülkü olan, ümumiyyətlə qərargahı olan partiya çox azdır. Düzdür, son vaxtlar bir neçə partiya dövlət tərəfindən qərargahla təmin edildi. Ancaq həmin yerlərin icarəyə verilməsi mümkün deyil. Çünki verilən ofislər partiyaların şəxsi mülkü deyil. Partiyanın şəxsi mülki olarsa, onda hansısa xərcləri qarşılamaq üçün mülkün bir hissəsi icarəyə verilə bilər. O da uyğun fəaliyyət üçün verilməlidir. Məsələn, partiyanın ofisi olan binanın bir hissəsində, təbiidir ki, restoran və ya kafe açmaq olmaz. Hansısa intelektual fəaliyyət növünə verilə bilər ki, partiyanın müəyyən xərcləri qarşılansın. Söhbət YAP-dan gedirsə, onlar hakim partiyadır və kifayət qədər də təminatları var. İnanmıram ki, onların maddiyyata ehtiyacları olsun. Belə hal olubsa belə, bu, qanunsuzluqdur”.
Məhəmmədəli QƏRİBLİ